Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən daxili və xarici siyasətin əsas qayəsindən biri insan hüquq və azadlıqlarının müdafiəsidir.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasında da insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. "Əsas hüquqlar, azadlıqlar və vəzifələr" adlanan II bölmə bütünlüklə insanların hüquq və azadlıqlarının qorunmasına həsr olunub. Konstitusiyanın 25-ci maddəsinin III bəndində yazılıb: "Dövlət irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".
Ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin qarşısını heç kəs məhdudlaşdıra bilməz. İnsanların din, vicdan, fikir və əqidəsinin alçaldılması yolverilməzdir. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmiz insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar beynəlxalq qurumlara üzv olmuş, konvensiyalara qoşulmuş və dünya birliyində çox yüksək qiymətləndirilən mühüm əhəmiyyətli qərarlar qəbul edilmişdir.
Ölkəmizin 47 dövləti özündə birləşdirən Avropa Şurası kimi nüfuzlu beynəlxalq quruma üzv olması ilə bir daha təsdiqləndi ki, Azərbaycanda demokratik prinsiplərin inkişafına böyük önəm verilir, insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqətdə saxladığı prioritet sahələrdəndir. Çünki Avropa Şurasının əsas məqsədi üzv dövlətlərin ideya və prinsiplərinin müdafiəsi və həyata keçirilməsi üçün onlar arasında sıx əlaqələr yaratmaq, Avropanın demokratik və təhlükəsiz əraziyə çevrilməsinə kömək etmək, plüralist demokratiya və insan hüquqlarının müdafiəsi, üzv dövlətlərin iqtisadi və sosial tərəqqisinə yardım etmək, XXI yüzillikdə meydana çıxa biləcək problemlərin həlli yollarını axtarmaq, təşkilatın fəaliyyətinin demokratik və təhlükəsiz Avropa yaratmaq prosesində iştirak edən başqa institutların işi ilə sıx əlaqələndirməkdir.
Ulu öndər Azərbaycanın əsasən insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan Avropa Şurası kimi nüfuzlu bir quruma üzv olmasını yüksək dəyərləndirərək demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır".
Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul olunmasına qədər ölkədə insan hüquq və azadlıqlarının qorunması və demokratik prinsiplərin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qanunvericilik aktları beynəlxalq aləmdə yüksək səviyyədə qəbul olunmuşdur. Şərqdə ilk dəfə olaraq ölüm cəzasının məhz Azərbaycanda ləğv edilməsi insanların yaşamaq hüququna verilmiş ən yüksək qiymət kimi dəyərləndirilir. Məlum olduğu kimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin səyi ilə 1993-cü ildə ölüm hökmünün icrası üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu ağır cəzanın tam ləğv olunması barədə qərar qəbul edilmişdir. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının qorunması həyata keçirilən dövlət siyasətinin əsas mahiyyətini təşkil edir.
1995-ci ildən başlayaraq Azərbaycanda bir-birinin ardınca amnistiya aktları qəbul edilmiş, əfv sərəncamları imzalanmışdır. Bu il mayın 26-da imzalanmış əfv sərəncamı sayca 49-cudur. Bu sərəncamların 32-si müdrik şəxsiyyət Heydər Əliyev, 17-si isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmışdır.
Ümummilli lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın imzaladığı əfv sərəncamları minlərlə insanı ailəsinə qovuşdurmuş, bayramlar ərəfəsində onlara ikiqat sevinc bəxş etmişdir. Prezident İlham Əliyevin imzaladığı 17 əfv sərəncamı ilə 3 minə yaxın məhkum öz ailəsinə qovuşmuşdur.
Məhkum olunmuş şəxslərin, onların ailə üzvlərinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə çox diqqətlə baxılır, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınır. Dövlətimizin başçısı humanizm prinsiplərinə əsaslanaraq belə insanları əfv edir, onları yenidən həyata qaytarır. Azərbaycan Prezidenti İlham Əliyevin 26 may 2011-ci il tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı da məhz humanizm prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Bu sərəncamla Respublika Günü kimi şərəfli bayram ərəfəsində 90 ailəyə hədsiz sevinc bəxş edildi. Əfv sərəncamı ilə azadlığa qovuşanlar sevinclərini bizimlə bölüşərkən belə humanist qərara görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Azadlığa qovuşanlardan bir neçəsinin fikrini sizlərə də çatdırmağı özümüzə borc bildik.
Ələkbərova Sayalı Valeh qızı 1971-ci ildə anadan olub. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 18 may tarixli hökmü ilə məhkum edilmişdir. Göründüyü kimi, S.Ələkbərova 34 yaşından məhkumluq həyatı yaşayırdı. Dövlət başçımızın sərəncamı ilə artıq S.Ələkbərova azadlıqda, öz evində, ailəsi ilə birlikdədir. O, sevincindən göz yaşlarını saxlaya bilmədi:
- İnana bilmirəm ki, artıq azadlıqdayam. Möhtərəm Prezidentimizin əfv olunma haqqında sərəncamını eşidəndə sevincimdən bilmədim ki, nə edim. Allah bu Prezidenti xalqımıza çox görməsin. İnanıram ki, işğal altında olan torpaqlarımızı da ancaq Prezident İlham Əliyevin siyasi xətti, müdrikliyi azad edəcək.
Əliyeva Sevil Əliağa qızı da gənc yaşlarından məhbəs həyatı yaşayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 2 iyul tarixli hökmü ilə məhkum edilmişdi. İndi isə azadlıqdadır. S.Əliyeva sevincini bölüşərkən dedi:
- Həyatda hər bir kəsin səhvi olur. Mən də belə bir səhvin qurbanı oldum. Məhbəs həyatı yaşayan gündən azadlığa çıxacağım günü gözləyirdim. Nəhayət bu günü mənə möhtərəm Prezidentimiz İlham Əliyev bəxş etdi. Dövlət başçımızın əfv olunmaq haqqında sərəncamını eşidəndə ölkəmizdə insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasının şahidi oldum. Mən ömrümün sonuna qədər möhtərəm Prezidentimizə duaçı olacağam. Çünki həyatda ən şirin nemət olan azadlığı məhz möhtərəm Prezidentimiz verdi mənə. O, məni əfv etdi. Mən isə bundan sonrakı həyatımı mənalı yaşayacağam.
Rzaquliyeva Mehriban Mirzə Ağa qızı da Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 20 aprel tarixli hökmü ilə məhkum edilmişdi. Dörd il idi ki, məhkumluq həyatı yaşayırdı. Əfv olunacağını qabaqcadan bilmirmiş. Özü bu barədə dedi:
- Mən əfv olunmaq haqqında müraciət etmişdim. Ancaq həmin gün əfv olunacağımı bilmirdim. Adımı əfv olunanlar sırasında eşidəndə sevincimdən yerimdəcə donub qaldım. Bir müddət özümə gələ bilmədim. Axı öz ailəsi ilə, doğma ev-eşiyində yaxınlarla bir yerdə olmaq ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi mənə Azərbaycan Prezidenti İlham Əliyev bəxş etdi. Allah onun canını salamat eləsin. İnanıram ki, onun rəhbərliyi altında xalqımız həmişə firavan yaşayacaq.
Göründüyü kimi, əfv olunanlar sevinir, belə bir humanist qərara görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirirlər. Möhtərəm Prezidentimizin əfv sərəncamı bir daha təsdiqlədi ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması daim dövlətin diqqət mərkəzindədir.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.