Milli Məclisin 2011-ci il yaz sessiyası başa çatmışdır

Mayın 31-də Milli Məclisin 2011-ci ilin yaz sessiyasında sonuncu iclası keçirilmişdir. 
İclasda əvvəlcə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur.
Layihə ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat vermişdir. Bildirilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 116.0.7-ci maddəsinə təklif olunan dəyişiklikdə yazılı bildiriş göndərilmədən vətəndaşlara verilən təbii qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə müfəttişlərin məsuliyyəti nəzərdə tutulmuşdur. Belə ki, vətəndaşa istifadə etdiyi təbii qaz, elektrik və istilik enerjisinə görə borcun ödənilməsi ilə bağlı yazılı bildiriş təqdim olunmadan verilən mavi yanacaq, elektrik və istilik enerjisi kəsilə bilməz. Bu baş verdikdə müfəttiş məsuliyyət daşıyacaqdır.
Müzakirələr zamanı deputatlar bu dəyişikliyin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütərəqqi addım olduğunu qeyd etmişlər. Sonda qanun layihəsi səs çoxluğu ilə təsdiq edilmişdir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsini də müzakirəyə Ə.Hüseynli təqdim etmişdir. Qeyd olunmuşdur ki, qanuna təklif olunan dəyişikliklərdən birinin məqsədi şəxslərin yol hərəkəti qaydalarını pozmaları ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almalarını təmin etməkdir. Həmçinin qanuna 85-1-ci maddənin əlavə edilməsi də nəzərdə tutulmuşdur. "Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası" adlanan bu maddəyə görə inzibati cərimə növündə inzibati tənbeh barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 30 iş günü müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 iş günü müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu tətbiq edilir.
Müzakirələr zamanı deputatlar bu dəyişikliklərin müasir dövrün tələblərinə cavab verdiyini, yol hərəkəti qaydalarının daha dəqiq tənzimlənməsinə xidmət etdiyini bildirmişlər.
Çıxışlarda cərimə edilənin həvəsləndirilməsinin nəzərdə tutulması təqdir edilmişdir.
Məsələyə münasibətini bildirən Milli Məclisin sədri Oqtay Əsədov dövlət yol polisinin işində çox böyük irəliləyişlərin olduğunu bildirmişdir. Layihəni yüksək qiymətləndirən O.Əsədov bu cür dəyişikliklərin yol polisinin fəaliyyətinin daha da yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdırmışdır.
Yekunda qanun layihəsi təsdiq olunmuşdur.
Sonra "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılmışdır. Əli Hüseynli demişdir ki, bu dəyişikliklər üzvi surətdə bundan əvvəl müzakirə olunan məsələ ilə bağlıdır. Belə ki, qanun layihəsinə əsasən İnzibati Xətalar Məcəlləsinə 159-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılır.
Qanun layihəsi səsə qoyularaq təsdiq olunmuşdur.
İclasda "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi də müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, məcəlləyə təklif olunan dəyişikliklər Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ərizələrə baxılması ilə bağlı məsələləri özündə ehtiva edir.
Deputatlar qanun layihəsinin lehinə səs vermişlər.
İclasda son olaraq "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələrinə münasibət bildirilmişdir.
Qısa müzakirədən sonra hər iki qanun layihəsi səs çoxluğu ilə qəbul edilmişdir.
Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il yaz sessiyasının başa çatdığını elan etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Bununla da Milli Məclisin yaz sessiyası başa çatmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında