Yasamal rayon sakinləri abadlıq və yenidənqurma işlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər
Azərbaycanın iqtisadi qüdrəti artdıqca regionların və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı problemlər aradan qaldırılır, insanların həyat səviyyəsi daha da yüksəlir.
Prezident İlham Əliyev mütəmadi olaraq regionlara səfər edir, Bakıətrafı kənd və qəsəbələrdə aparılan abadlıq və yenidənqurma işləri ilə yerində tanış olur, sakinlərlə görüşür, onları dinləyir və əlavə göstərişlər verir. Yerli icra hakimiyyəti orqanlarının rəhbərləri dövlət başçısının qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması üçün sakinlərlə tez-tez səyyar görüşlər keçirir, onların qarşılaşdıqları problemlərin dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görürlər.
Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi mütəmadi olaraq səyyar qəbullar təşkil edir, sakinləri narahat edən məsələlərlə yerində tanış olur. Respublika Günü ərəfəsində rayonda silsilə tədbirlər keçirilmiş, "nümunəvi həyət" kampaniyası çərçivəsində abadlıq və səliqə-sahman işləri davam etdirilmişdir. Belə tədbirlərdən biri bu günlərdə Yeni Yasamal-1 yaşayış massivində sakinlərlə keçirilmiş "Açıq mikrofon" səyyar görüş olmuşdur.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev son vaxtlar ayrı-ayrı yaşayış massivlərində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verdi. Qeyd olundu ki, hazırda rayonun Ə.Əhmədov küçəsi 3 saylı, Yeni Yasamal - 1 ev 5, 6, 7 və 8-in həyətlərində geniş abadlıq işləri aparılır. Bu işlərin bir neçə günə tamamlanacağı bildirildi.
Sakinlərə məlumat verildi ki, qeyd edilən həyətlərə 5540 kvadratmetr asfalt örtüyü salınacaq, 5 min kvadratmetrdən artıq fasad rənglənəcək, binaların girişlərində 33 ədəd giriş qapısı dəyişdiriləcək, 46 ədəd oturacaq, 11 ədəd uşaq əyləncə qurğusu, 8 idman qurğusu quraşdırılacaq. Bundan əlavə 9000 kvadratmetr sahəyə üzlük daşı döşənəcək, 450 kvadratmetr istinad divarı tikiləcək, digər abadlıq işləri aparılacaq. Hazırda bu işlərin çox hissəsi görülmüş, qalan hissəsi isə bu günlərdə başa çatacaq.
İ.Mehdiyev dedi ki, möhtərəm Prezidenitmiz İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrin inkişafı ilə əlaqədar təsdiqlədiyi Dövlət Proqramında Yasamal rayonunu əhatə edən 54 maddə var. Bunlar əsasən işıq, yol, su, kanalizasiya, istilik sistemlərinin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil müəssisələri, səhiyyə, rabitə müəssisələrinin yaradılmasıdır. Yeni Yasamal -1 yaşayış massivində də belə müəssisələrin tikilməsi planlaşdırılıb.
Sakinlərə bildirildi ki, yaxın vaxtlarda bu ərazidə 2 poliklinika, uşaq bağçası, rabitə şöbəsi, idman meydançaları tikiləcək. Qısa vaxt ərzində nəzərdə tutulan işlərin hamısı başa çatdırılacaq. Möhtərəm Prezidentimizin tapşırığına əsasən bütün ərazilərdə sakinləri narahat edən problemlərin hamısı tədricən aradan qaldırılacaq. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı həm nəzərdə tutulan proqram xarakterli işlərin müvəffəqiyyətlə başa çatdırılmasına, həm də insanların həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək. Biz gündən-günə inkişaf edən, yeni parklar, istirahət mərkəzləri inşa edilən Bakının və Bakıətrafı kənd və qəsəbələrin timsalında da bunun şahidi oluruq.
Görüşdə həmçinin diqqətə çatdırıldı ki, Yeni Yasamal - 1 yaşayış massivində Şuşadan olan çoxlu sayda məcburi köçkün məskunlaşıb. Onların çoxsaylı xahişlərini nəzərə alaraq bu ərazidə şuşalı uşaqların təhsil alacağı orta məktəbin inşa olunacağı da bildirildi.
Sonra həyətə quraşdırılmış "Açıq mikrofon" vasitəsilə sakinlər onları narahat edən məsələlər barəsində məlumat verdilər. Çıxış edənlər onlara göstərilən diqqət və qayğıya, yaşayış massivlərində aparılan abadlıq və yenidənqurmaya, səliqə-sahmana görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sakinlər dedilər ki, bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin insanlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Onlar dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini bir daha bəyan etdilər.
Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev sakinlər qarşısında çıxış edərək dedi ki, möhtərəm Prezidentmizin tapşırığı əsasında belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb. Dövlət başçımızın göstərişi əsasında yaşayış massivlərində bütün infrastruktur yeniləşəcək, səliqə-sahman yaradılacaq, əhalini narahat edən məsələlər tədricən aradan qaldırılacaq. Prezident Administrasiyasının rəsmisi dedi ki, dövlət başçımız insanların həyat səviyyəsinin yüksəldilməsini daim diqqət mərkəzində saxlayır.
Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı təsdiqlənmiş Dövlət Proqramının qarşıya qoyduğu bütün vəzifələr layiqincə yerinə yetiriləcək.
{nl}
Əliqismət BƏDƏLOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.