Naxçıvan Muxtar Respublikası Ali Məclisində kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisində kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - kənd təsərrüfatı naziri Məmməd Abbasov, iqtisadi inkişaf naziri Famil Seyidov, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov, "Naxçıvan kredit" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Xəlil Əliyev, Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov müzakirə olunan məsələlərlə əlaqədar məruzə etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir:
- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, müasir dövrün tələbləri nəzərə alınmaqla ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam və inkişaf etdirilən quruculuq strategiyası iqtisadi fəaliyyətin digər sahələri kimi, kənd təsərrüfatında da dirçəlişə səbəb olmuşdur. Məqsədyönlü fəaliyyət və aparılmış düzgün islahatların nəticəsi olaraq muxtar respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalında ildən-ilə artım müşahidə olunmaqdadır. Bu inkişafda Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı və 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair qəbul olunmuş dövlət proqramları da mühüm rola malikdir. Həmin proqramlarda nəzərdə tutulan tədbirlər və onların uğurlu icrası gələcəkdə kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artırılması üçün daha geniş imkanlar yaradır. Ötən il muxtar respublikanın aqrar sektorunda məhsul istehsalının həcmi 13 faiz artaraq 247 milyon manatdan çox olmuşdur. Təkcə cari ilin ötən 4 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalında keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artım əldə olunmuşdur. Bu, cari ildə də yüksək nəticələrin əldə olunacağından xəbər verir.
Ali Məclisin sədri əhalinin qida rasionundakı xüsusi çəkisinə görə əkinçilik məhsullarının istehsalının kənd təsərrüfatında böyük əhəmiyyətə malik olduğunu bildirmiş və demişdir ki, hər il olduğu kimi, bu il də payız və yaz tarla işlərinin mütəşəkkil keçirilməsi diqqət mərkəzində saxlanılıb. Ümumilikdə muxtar respublika üzrə mövcud 536 min 300 hektar torpaq sahəsindən 162 min 344 hektarını kənd təsərrüfatına yararlı, 14 min 444 hektarını isə həyətyanı torpaq sahələri təşkil edir. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin yalnız 50 min 852 hektarı, həyətyanı torpaq sahələrinin isə 8383 hektarı əkin üçün istifadə olunur. Beləliklə, əkin üçün istifadə olunan 59 min 235 hektar torpaq sahəsi muxtar respublika ərazisinin cəmi 11 faizini təşkil edir. Ona görə də bu torpaqlardan səmərəli istifadə edilməsi, əkinin mütəşəkkil qaydada, torpaq və bitki xüsusiyyətləri nəzərə alınmaqla keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Cari ilin məhsulu üçün ötən ilin payızında 28 min 798 hektar sahədə payızlıq taxıl səpini aparıldığını diqqətə çatdıran Ali Məclisin sədri qeyd etmişdir ki, operativ məlumatlara əsasən, mayın 24-nə muxtar respublika üzrə 20 min 495 hektar sahədə yaz əkinləri aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1545 hektar çoxdur.
Ali Məclisin sədri görülmüş işlərlə bərabər nöqsanların da mövcud olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublika ərazisinin cəmi 11 faizində əkin aparılsa da, bu torpaqlardan heç də səmərəli istifadə olunmur. Bir çox hallarda əkin aparılarkən torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmır. Bu da məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir. Bunun əsas səbəblərindən biri torpaqların tərkibinin öyrənilməməsi və əkin sahələrinin rayonlaşdırılmasının təşkil olunmamasıdır. Son illər əkin sahələrinin su təchizatını yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi, su anbarlarının təmiri və s. bu kimi irimiqyaslı layihələrin reallaşdırılmasına baxmayaraq, suvarma işinin təşkilində bəzi nöqsanlar hələ də qalmaqdadır.
Daxili bazarda kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsinin xeyli dərəcədə əkilən məhsulların strukturunun tarazlaşdırılmasından və tələbata uyğunlaşdırılmasından asılı olduğunu diqqətə çatdıran Ali Məclisin sədri bildirmişdir ki, bu işin təşkili də qənaətbəxş deyildir. Bazarın tələbatına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirmə tədbirləri, demək olar ki, həyata keçirilmir.
Müzakirə olunan məsələlərlə əlaqədar tapşırıqlarını verən Ali Məclisin sədri demişdir:
- Əkinə yararlı torpaq sahələrinin məhdudluğu nəzərə alınaraq məhsuldarlığın yüksəldilməsində intensiv amillərin rolu artırılmalıdır. Bunun üçün ilk növbədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə əkin dövriyyəsinə daxil olan torpaqların tərkibini öyrənməli, əkilən bitki növlərinə müvafiq olaraq torpaqların və əkinlərin rayonlaşdırılması elmi əsaslarla təşkil olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin keçirilməsi ilə bağlı yerlərdə sahibkarlar və torpaq mülkiyyətçiləri arasında məlumat və maarifləndirmə xarakterli tədbirlər görməlidirlər.
Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı mütərəqqi əkin üsullarının tətbiqinin məhsuldarlığın artmasına müsbət təsir göstərdiyini vurğulayan Ali Məclisin sədri Kənd Təsərrüfatı Nazirliyinə tapşırmışdır ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin zamanı su və mineral gübrədən səmərəli istifadəyə imkan verən şırım üsulu ilə əkin, örtük altında əkin, damcı üsulu ilə suvarma və s. bu kimi mütərəqqi əkin və suvarma üsullarının daha geniş tətbiqi, təbliği, alaq otları və gəmiricilərə qarşı mübarizə istiqamətində fəaliyyətlərini gücləndirsinlər. Yaxın keçmişə qədər muxtar respublika özünün çox məhsuldar və keyfiyyətli məhsul növləri ilə məşhur olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə muxtar respublikanın iqlim şəraitinə uyğunlaşmış və hazırda itirilmiş toxum növlərinin öyrənilməsi və bərpası istiqamətində səylərini artırmalı, əkin zamanı bu toxumlardan istifadə olunması üçün bərpa olunmuş toxum fondu yaradılmalı, maarifləndirmə tədbirləri gücləndirilməlidir. Mövcud su anbarları və sututarlarda kifayət qədər suyun yığılmasına baxmayaraq, yerlərdə suvarma suyu ilə bağlı problemlər meydana çıxır. Ona görə də Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə su itkisinin qarşısını almaq, sudan səmərəli istifadəni təmin etmək üçün ərazilərdə su bölgüsünün təşkilinə daim nəzarət etməlidir. Mütərəqqi suvarma üsullarından istifadəyə üstünlük verilməli, şoranlaşmanın qarşısı alınmalıdır.
Ali Məclisin sədri Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinə suvarma sistemlərində istifadə olunan elektrik enerjisindən qənaətlə istifadəyə diqqəti artırmağı tapşırmışdır.
Qeyd olunmuşdur ki, son illər kənd təsərrüfatı ilə bağlı muxtar respublikaya bir çox texnika və texnoloji avadanlıq gətirilmişdir. Bu texnikalardan səmərəli istifadəni təmin etmək üçün yerli icra hakimiyyəti orqanları "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə müvafiq tədbirlər görməli, texnika ilk növbədə mütəxəssislərə verilməli, gətirilmiş texnikanın mövsümdən asılı olaraq qorunması lazımi səviyyədə təşkil olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları istər Yaponiya hökumətinin qrantı hesabına muxtar respublikaya gətirilmiş, istərsə də lizinq yolu ilə satılmış texnikanın dəyərinin vaxtında və tam həcmdə yığılması üçün səylərini artırmalıdırlar. Muxtar respublikada fəaliyyət göstərən kredit təşkilatları yerli icra hakimiyyətləri ilə birlikdə yerlərdə məhsul istehsalı ilə əlaqədar verilən kreditlərin əhatə dairəsinin və həcminin artırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirməlidirlər. Bununla yanaşı, verilmiş kreditlərin təyinatı üzrə istifadəsinə də nəzarət gücləndirilməlidir.
Ali Məclisin sədri yerli icra hakimiyyəti orqanlarına və "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə taxıl biçini başlayanadək biçində iştirak edəcək bütün kombayn və texnikanın saz vəziyyətə gətirilməsini təmin etmələrini tapşırmış və bildirmişdir ki, biçin dövründə qiymətlər nəzarətdə saxlanılmalı və normativlərə uyğun müəyyənləşdirilməlidir. Muxtar respublikada istehsal olunmuş taxılın sərfəli qiymətlərlə taxıl istehsalçılarından alınmasına, əhalinin keyfiyyətli una olan tələbatının ödənilməsi üçün taxılın emal müəssisələrində texnoloji proseslərə əməl etməklə üyüdülməsinə İqtisadi İnkişaf Nazirliyi tərəfindən ciddi nəzarət olunmalı, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları taxıl zəmilərinin yanğından qorunması üçün qabaqlayıcı tədbirlər görməli, həmçinin taxıl zəmilərinin biçindən sonra yandırılmasının qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilməlidir. İqtisadi İnkişaf Nazirliyi əhali tələbatının daim keyfiyyətli və ekoloji cəhətdən təmiz yerli məhsullarla təmin olunması üçün mövsüm ərzində istehlakdan artıq istehsal olunmuş məhsulların soyuducu anbarlara cəlb olunmasını təmin etməlidir. Həmçinin daxili bazarın xaricdən asılılığını aradan qaldırmaq üçün yeni emal müəssisələrinin yaradılması davam etdirilməli, özəl və dövlət müəssisələrinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli fermer və kənd təsərrüfatı istehsalçıları tərəfindən ödənilməsi üçün onlar arasında əlaqələrin gücləndirilməsinə nail olunmalıdır.
Ali Məclisin sədri demişdir:
- Dövlət Baytarlıq Xidməti yaradılmış şəraitdən düzgün istifadə edərək profilaktiki tədbirləri gücləndirməli, xəstəliklərin qarşısının alınmasına nail olmalı, heyvanların cins tərkibinin yaxşılaşdırılması işini davam etdirməli, süni mayalamanın üstün cəhətləri ilə bağlı əhali arasında geniş təbliğat işləri aparmalı, mal-qaranın saxlanma mədəniyyəti artırılmalıdır.
Muxtar respublika Nazirlər Kabineti, eləcə də aid mərkəzi və yerli icra hakimiyyəti orqanları verilmiş tapşırıqların icrasını təmin edib, nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidirlər.
Ali Məclisin sədri bu vəzifələrin yerinə yetirilməsində aidiyyəti orqanlara məsuliyyətlərini artırmalarının vacibliyini bildirmiş və işlərində uğurlar arzulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında