Şriftin ölçüsü:
25.05.2011 02:07 | Oxunma sayı: 534
Dünən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Zığ şossesinin kənarında yerləşən uşaq əyləncə və istirahət parkında, bu ərazidə yaşayan sakinlərin səyyar qəbulunu keçirdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyevin də iştirak etdiyi səyyar qəbula 400-dən artıq rayon sakini toplaşmışdı.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlərə məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı və Bakıətrafı qəsəbələrin sakinlərinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması haqqında əlavə tədbirlər" barədə sərəncamına əsasən 2011-2013-cü illərdə bizim rayonda da genişmiqyaslı tikinti, quruculuq və abadlıq tədbirləri nəzərdə tutulur. Bu tədbirlər planında 28 məktəbəqədər tərbiyə müəssisəsinin, 31məktəbin, 7 poliklinika binasının əsaslı şəkildə yenidənqurulması, əhalinin qaz, su və elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün mövcud problemlərin aradan qaldırılması, çoxmərtəbəli binalarda yaşayan əhalinin istilik sistemlərinin işlək vəziyyətə salınması, küçə və meydanların abadlaşdırılması kimi mühüm məsələləri əksini tapmışdır.
Natiq qeyd etdi ki, bu gün və ümumiyyətlə keçirdiyimiz bütün səyyar qəbullarda əsas məram əhali ilə təmasda olub, onları narahat edən problem və qayğıları bilavasitə onların özlərindən eşitməkdir. Məhz buna görə, bu görüşlərdə rayon icra hakimiyyətinin bütün rəhbər heyəti, xidmət sahələrinin, idarə və müəssisələrin rəhbərləri də iştirak edirlər. Sonra söz rayon sakinlərinə verildi. Xətai Rayon Veteranlar Şurasının sədri Nəcibə Məhərrəmova söz alaraq bildirdi ki, son illər rayonda aparılan quruculuq və abadlıq işləri bir Azərbaycan vətəndaşı kimi onda qürur hissi doğurur. Ədalət naminə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza, Əhmədli kəndinə gəlişi və sakinlərlə görüşündən sonra bu abadlıq və quruculuq işləri daha böyük vüsət almışdır.
N.Məhərrəmova məhz son illərdə ehtiyacı olan veteranlara dörd mənzilin verilməsini Xətai rayonunda əhaliyə göstərilən diqqət və qayğının xüsusi təzahürü kimi qeyd etdi və bildirdi ki, rayonun bütün veteranları Azərbaycandakı iqtisadi inkişafa, paytaxtda və regionlarda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinə görə dövlət başçısı cənab İlham Əliyevi alqışlayır və ona minnətdarlıqlarını bildirirlər.
Sonra ərazidəki 40, 42. 44 və 46 saylı binaların, Əhmədli qəsəbəsinin sakinləri adından Roza Qubaydulina, Seyfi Dadaşov, Əzizə Ağahüseynqızı, Bayram Xəlilov, Əli Xankişiyev və digər sakinlər də son illər bütün ölkədə, o cümlədən Bakının Xətai rayonunda həyata keçirilən abadlıq və quruculuq işlərinin əhalinin sosial-məişət qayğılarına əhəmiyyətli dərəcədə təsir göstərdiyini, küçə və yolların asfaltlaşdırıldığını, su, qaz və elektrik enerjisi təminatında demək olar ki, əsaslı problemlərin aradan qaldırıldığını qeyd etməklə yanaşı, bəzi çatışmazlıqları və istəklərini də bildirdilər. Bu çatışmazlıqlar və istəklər daha çox əhalinin kompakt yaşadığı məhəllələrdə xeyir-şər evlərinin tikintisi üçün yerlərin ayrılması, qışda istilik sisteminin normal işləməsi üçün binalardakı istilik şəbəkələrinin əsaslı təmiri və ayrı-ayrı yaşayış evlərinə qazın, suyun verilməsində mövcud olan fasilələrin aradan qaldırılması ilə bağlı idi.
Rayon icra hakimiyyətinin başçısı Pazim Məmmədov sakinləri narahat edən ayrı-ayrı fərdi problemlərin belə dərhal aradan qaldırılması üçün rayonun müvafiq xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verdi və onların həllini şəxsən nəzarətdə saxlayacağını diqqətə çatdırdı.
Sakinlərin bir neçəsi isə rayon ərazisində artmaqda olan istirahət və əyləncə paklarında yaradılmış şəraitdən razılıqlarını bildirərək, bu işi davam etdirməyi tövsiyə etdi.
Açıq səma altında 2 saata yaxın davam edən səyyar qəbulda sakinlərin bütün arzu və istəkləri rayon icra hakimiyyətinin müvafiq nümayəndəsi tərəfindən qeydə alındı. Sonda R.Məmmədov bildirdi ki, bütün bu təkliflər qısa vaxtda araşdırılacaq və onların həyata keçməsi üçün müvafiq qərarlar qəbul ediləcək, konkret tədbirlər görüləcək.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.