Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı dinamik inkişaf edir

Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Ceyms Hamiltonun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-də baş prokuror Zakir Qaralovla görüşmüşdür. 
Görüşdə baş prokuror son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi və strukturunun daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirilmişdir ki, həyata keçirilən islahatlar zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının standartlarından istifadə olunmuş, kadr korpusunun yenidən formalaşdırılması ilə bağlı əsaslı tədbirlər görülmüşdür. Eyni zamanda, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Z.Qaralov Beynəlxalq Prokurorlar Assosiasiyası kimi mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2002-ci ilin may ayında Bakı şəhərində keçirilmiş iclasında tədbir iştirakçılarının ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edildiyini xatırlatmışdır. O qeyd etmişdir ki, uğurla həyata keçirilən demokratik islahatlar və əldə olunan nailiyyətlər müstəqil respublikamızın nüfuzunu ciddi şəkildə artırmış, beynəlxalq təşkilatların Azərbaycan ilə əməkdaşlığa marağı daha da güclənmişdir. Ölkəmizin bir çox mötəbər qurumlar, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlığı dinamik inkişaf edir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının yarandığı vaxtdan Azərbaycanın həmin qurumla əməkdaşlığına xüsusi önəm verdiyini, o cümlədən ölkəmizin Assosiasiyada 2 təşkilati və 200-dən artıq fərdi üzvlə təmsil olunmaqla, fərdi üzvlərin sayının getdikcə artmasını xüsusi vurğulayan baş prokuror, respublikamızın uzun illər təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil edilməsini, Assosiasiyanın fəaliyyətinə verdiyi töhfələrə görə ədliyyə naziri Fikrət Məmmədovun Xüsusi Xidmətlər Sertifikatı ilə təltif edilməklə Assosiasiyanın Senatına, eyni zamanda, İcraiyyə Komitəsində son seçkilər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Kamran Əliyevin İcraiyyə Komitəsinin üzvü seçilmələrini minnətdarlıq hissi ilə qeyd etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Ceyms Hamilton Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Görüşdə hüquqi sahədə əməkdaşlıq məsələləri, o cümlədən növbəti regional konfranslardan birinin Azərbaycanda keçirilməsi ilə əlaqədar faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Görüşdən sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmış rus versiyasının təqdimat mərasimi keçirilmiş, həmin quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşdur. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan - Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar, Azərbaycan dövləti, onun hüquq sistemi, dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallardan ibarət guşə onlarda xüsusi maraq doğurmuşdur.

{nl}

Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı davam etdirir
Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edir, 1998-ci ildən təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində fəal təmsil olunur.
Ölkəmiz BPA-nın rus dilində internet saytının idarə olunmasını, dünya prokurorları üçün praktiki əhəmiyyətə malik rəhbər tövsiyələrinin rus və Azərbaycan dillərinə çevrilərək yayılmasını təmin edir. Qurumun 2010-cu ildə keçirilmiş illik konfransında uzun illər İcraiyyə Komitəsinin üzvü olmuş ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın Senatına seçilmişdir.
Azərbaycan ilə əməkdaşlığa böyük önəm verən BPA-nın prezidenti, İrlandiya prokurorluq xidmətinin rəhbəri Ceyms Hamilton mayın 23-də ölkəmizə səfəri çərçivəsində ədliyyə naziri, Assosiasiyanın senatoru Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin Assosiasiya ilə yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini vurğulayan F.Məmmədov təşkilatın İcraiyyə Komitəsinin Bakıda uğurla keçirilmiş iclasını xatırlatmışdır. Nazir ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın rolunu xüsusi vurğulamış, ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini söyləmişdir. Nazir, Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edən demokratik islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi barədə məlumat vermişdir.
C.Hamilton Azərbaycana 10 ildən sonra yenidən səfər etdiyindən məmnunluğunu bildirərək, ölkəmizdə sürətli mütərəqqi dəyişikliklərin və regionların hərtərəfli dinamik inkişafının şahidi olduğunu söyləmişdir. Qonaq Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın bu cür yüksək nailiyyətlər əldə etdiyini, habelə BPA ilə səmərəli əməkdaşlığını vurğulamış, dövlətimizin Assosiasiyanın İcraiyyə Komitəsində uzun illər onun inkişafına verdiyi dəyərli töhfələri yüksək qiymətləndirmiş, Komitədə ölkəmizin yenidən təmsil olunmasının təşkilat üçün faydalı olduğunu qeyd etmişdir.
Görüşdə əməkdaşlığın perspektivləri, hakimlərin, prokurorların peşəkarlığının artırılması, BPA standartlarının və tövsiyələrinin tətbiqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə Tarixi muzeyi ilə tanış olmuşlar.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında