Pensiyanın sığorta hissəsi hər il üçün 1,94 manat artırılacaq

Xeyi vaxtdır ki, 2006-cı ilədək pensiyaya çıxanların aldıqları məbləğin hər kəsin iş stajına görə artırılacağı məsələsi gündəmdən düşmür. Pensiyaçılar arasında artım haqqında fərqli fikirləşənlər də var, müxtəlif mətbuat orqanlarında məsələnin həllinə fərqli yanaşma da. Oxucuların, eləcə də pensiyaçıların intizarına son qoymaq məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. "Pensiyanın artımı dəqiq nə qədər olacaq" - sualına fondun sədr müavini Elman Mehdiyev açıqlama verdi.
O, bildirdi ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişiklik Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilmişdir. Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə, əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tamamlanması Azərbaycanın pensiya sisteminin keçid dövrü ölkələri üçün model kimi qəbul olunması fikrini bir daha möhkəmləndirir.
E.Mehdiyev təklif olunan dəyişiklik nəticəsində əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işləri üzrə pensiyaların yenidən hesablanacağını, nəticədə təqribən 845 min nəfərin pensiyasının orta hesabla 40 faizdən yuxarı artırılacağını bildirdi. Qeyd etdi ki, daha dəqiqi pensiyaların orta aylıq məbləgi hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaqdır ki, bu da 200 dollara yaxın bir rəqəmlə ifadə olunur və əgər biz paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək, MDB-də ən yüksək göstərici deməkdir.
Bütün bunların pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcəyini xüsusi vurğulayan sədr müavini dedi ki, əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27 faizlə ifadə olunurdusa, hazırda bu göstərici 34 faizdir, tədbir reallaşdırıldıqdan sonra isə 47 faizə qalxacaqdır. Beləliklə, bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40 faizi səviyyəsini aşacaqdır.
Sonra o, artımla bağlı dəqiq açıqlama verdi. Əvvəlki sistemlə pensiyaya çıxmış şəxslərin 2006-cı il yanvarın 1-dək olan iş stajının hər ili üçün 170 manat pensiya kapitalı veriləcək. Sonra həmin kapital qanunvericiliklə müəyyən olunmuş gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya bölünəcək, alınan məbləğə 2006-2010-cu illərin inflyasiya faizi tətbiq edilməklə hər il üçün 1,94 manat pensiyanın sığorta hissəsi təyin olunacaq. Məsələn, şəxsin 2006-cı ilin 1 yanvarınadək 40 il iş stajı varsa, bu illərin sayı 1,94 manata vurulacaq və alınan 77,6 manat şəxsin pensiyasının sığorta hissəsini təşkil edəcək. Bunun da üzərinə hazırkı 85 manat baza hissəsi əlavə ediləcək və yekun 162,6 manat pensiya məbləği alınacaq. Deməli, kimin iş stajı çoxdursa, 2011-ci il iyulun 1-dən onun pensiyasının məbləği də yuxarı olacaq.
Yenidən hesablamanın göstərilən şəkildə tətbiqi bütün pensiya sisteminin vahid qaydaya gətirilməsi deməkdir. Əsas məqsəd çoxillik iş stajına malik olmasına baxmayaraq əməkhaqlarının aşağı olması səbəbindən az məbləğlə pensiya alan şəxslərin təminatının yaxşılaşdırılmasıdır. Bunun üçün yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olanı pensiya təyinatı üçün əsas götürüləcək. Yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halı demək olar ki, tam aradan qalxacaq. Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq. Tədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 milyon manat, cari ilin 6 ayında isə 195 milyon manat təşkil edəcəyi ehtimal olunur.
Bütün bunlarla yanaşı, DSMF rəsmisi qeyd etdi ki, bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar qurulan sistemin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən keçid dövrü ölkələri üçün model kimi təqdim olunması fikrini bir daha möhkəmləndirir. Xüsusilə pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunə olacaqdır.
Qeyd etmək yerinə düşər ki, bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunacaq. Bununla da həmin illərdə pensiyaya çıxanlarla 2011-ci il yanvarın 1-dən pensiyaya çıxanların təqaüdləri arasında fərq aradan qalxacaq. Eyni zamanda, demək lazımdır ki, qanuna edilən son dəyişiklik dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, məhkəmə, daxili işlər və prokurorluq orqanları işçilərinə şamil edilmir.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında