Masallı: səyyar qəbullar fərəhli nəticələr verir

Artıq neçə ildir ki, bu gözəl cənub diyarında hər həftənin çərşənbə günü rayon rəhbərliyinin səyyar qəbulları təşkil olunur. Bu hesabla icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev indiyədək kəndlərdə 200-dən artıq görüş keçirib və inamla demək olar ki, qəbullarda sakinlərin qaldırdığı hər bir məsələyə diqqət göstərilib, problemlər həssaslıqla araşdırılıb və həllini tapıb. Belə olmasaydı, sonrakı qəbullar sadəcə önəmini itirər, tərəflər görüşə eyni həvəs və inamla gəlməzdilər. Ortada konkret əməli fəaliyyət var ki, hər növbəti görüşdə rayon rəhbərliyinin də deməyə sözü olur, camaat da görülən işlərlə öyünə bilir.
Ötən çərşənbə günü Banbaşı ərazi nümayəndəliyində keçirilən qəbula da xeyli adam gəlmişdi. Görüşdə nümayəndəliyin əhatə etdiyi dörd para kəndin - Banbaşı, Kosakül, Binə Xocavar və Böyük Xocavarın sakinləri iştirak edirdi. Bu yaşayış məntəqələri rayon mərkəzinə yaxın ərazilərdə yerləşdiyinə görə Masallıda gedən abadlıq-quruculuq işlərinin sorağı buralara daha tez çatır, yeniləşmə ab-havası daha yaxından duyulur. Elə camaat özü də fəaldır, təşəbbüslərə tez qoşulur, qurub-yaratmağa böyük həvəs göstərir. Rayon rəhbərliyi isə yaxşı bilir ki, adamların dövlət orqanlarına etimadı onların gündəlik həyatda qarşılaşdıqları problemlərin həllinə məmurların münasibətilə ölçülür və faydalı iş əmsalı ilk növbədə bu aspektdən qiymətləndirilir.
Banbaşı öz abadlığı, yeni tikililəri ilə diqqəti daha çox cəlb edir. Burada müasir məktəb binası inşa edilib, həkim məntəqəsi istifadəyə verilib, qaz, işıq təchizatı, rabitə və poçt xidmətləri yaxşılaşıb, yollar təmir olunub. Əlbəttə, görüləsi işlər də yox deyil.
Görüşdə icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev el-obanın cari problemlərinin daim gündəmə gətirilib həll edilməsini əsas vəzifə borcu saydığını bildirdi və hər kəsdən sözünü çəkinmədən söyləməyi xahiş etdi.
Əvvəlcə ərazi icra nümayəndəsi Hörmət Balakişiyev danışdı. O dedi ki, Masallıda sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirlər hamının ürəyincədir. Bu ilin aprel ayında rayona səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin görülmüş işləri yüksək qiymətləndirməsi və Masallının inkişafı üçün əlavə olaraq iki milyon manat vəsait ayırması bizi hədsiz sevindirir.
Sonra natiq görülən işlərdən danışdı:
-Qəzalı vəziyyətdə olan Banbaşı kənd orta məktəbi üçün yeni binanın tikilməsi məsələsi rayon rəhbərliyi ilə olan ilk görüş zamanı qaldırılmış və həllini tapmışdır. Artıq 2009-cu ilin sentyabr ayından uşaqlarımız yeni, müasir məktəbdə təhsillərini davam etdirirlər. Ərazi nümayəndəliyinin kəndləri arasındakı yolların təmirinə vəsait ayrılması və bunun tezliklə reallaşdırılması, qaz xətlərinin yenidən çəkilməsi və əlavə olaraq 300 abonentin mavi yanacaqla təmin edilməsi fərəhli faktlardır. Bundan başqa, səyyar qəbullarda və görüşlərdə qaldırılan bir çox məsələ də həllini tapıb. Məsələn, Böyük Xocavar və Banbaşı kəndlərini birləşdirən üç kilometrlik yol, həmçinin bu kəndlərdəki artezian quyuları təmir edilib, ərazidə 4 kilometrlik suaparıcı kanal təmizlənərək qaydaya salınıb. Banbaşıda poçt binası istifadəyə verilib, Binə Xocavarda kəndarası yola asfalt döşənib, Böyük Xocavarın su kanalı təmir olunub, bu kənddəki məktəbin həyətində 3,5 min manat dəyərində artezian quyusu qazılıb. Bütün bunlar hər kəsin işləmək həvəsini, rayonun inkişafına töhfə vermək əzmini artırır. Cari ilin məhsulu üçün 200 hektar sahədə buğda, 40 hektarda arpa, 12 hektarda kartof əkmişik. Yaz əkin kampaniyası da diqqətdədir.
Digər natiqlər də yaxşı işləri qeyd etdilər, onları narahat edən məsələləri dilə gətirdilər.
Böyükxan Rəhimov, Banbaşı bələdiyyəsinin sədri:
-Rayonumuzda işgüzar ruh, qurub-yaratmaq eşqi güclənib. Biz də yeniləşmə yürüşündən geridə qalmırıq. Bələdiyyəmizin inzibati binası təmir edilib. Novruz bayramında 63 imkansız və şəhid ailəsinə yardım göstərdik. Əhalini içməli su ilə təmin edən artezian quyularının nasoslarını əsaslı təmir etdirib istifadəyə verdik. Hazırda əkin sahələrinin suvarılması üçün Viləş çayından daxili kanallara suyun gətirilməsinə çalışırıq. Hər bir problemi ərazi nümayəndəliyi ilə birlikdə həll edirik.
Ələsgər Həsənov, kənd ağsaqqalı:
-Sizin hər gəlişinizlə bu və digər problemimizin həll edilməsini gözləyir və yanılmırıq. Bu, ölkə rəhbərliyinin yürütdüyü siyasətin yerlərdə layiqli icrası deməkdir. İndi rayon mərkəzində vüsət almış quruculuq işləri artıq kəndlərə, ucqar obalara yönəldilib. Ona görə arzu edərdim ki, Digah -Banbaşı, Köhnə və Təzə Alvadı kəndləri istiqamətindəki yollar da əsaslı təmir olunsun.
Sonra söz alan həkim Vaqif Məmmədov, müəllim Nurəli Musayev, iş adamı Məmmədhüseyn Məmmədov ölkədə reallaşdırılan böyük sosial layihələrin adamların rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğuladılar. Masallıda görülən işləri təqdir etdilər və ayrı-ayrı xidmət sahələrinin inkişafından danışdılar. Müəllim Rəyasət İbrahimov bu görüş ərəfəsində Böyük Xocavar kənd orta məktəbində keçirilmiş tədbiri xatırlatdı. Dedi ki, şəhidlərin xatirə lövhəsinin açılışı və anma mərasimi təntənə ilə keçib. Orada da Masallının inkişafından ətraflı bəhs edilib. Adamlar razılıqlarını bildiriblər.
Səyyar qəbulda bir məsələyə də toxunuldu: kəndlərdə qızların erkən yaşlarda ərə verilməsi kimi xoşagəlməz hallar azalsa da, arabir rast gəlinir. Odur ki, rayon rəhbərliyi və əlaqədar orqanlarla bərabər, kənd ictimaiyyəti, ağsaqqal və ağbirçəklər də buna qarşı barışmaz mübarizə aparmalıdırlar.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qısa zaman kəsiyində ölkədə, o cümlədən də bölgələrdə çox böyük işlərin görüldüyünü qeyd etdi. İşıq, təbii qaz təchizatı kimi sahələrdəki yeniliklərdən danışdı. Bütün bunların əhalinin məişət şəraitinə müsbət təsir göstərdiyini söylədi. 2013-cü ilə kimi Masallıda təbii qazla təmin edilməyən ərazinin qalmayacağını bildirdi. Dedi ki, içməli su, kanalizasiya xətlərinin yaradılması, Ələt-Astara magistral yolunun yenidən çəkilişi davam edir. Bunlar yüz minlərlə vəsait tələb edən məsələlərdir.
Son illərdə Masallıda 25 yeni məktəb tikilərək istifadəyə verilib, hazırda daha iki məktəb tikilir. Bu iş davamlı xarakter alacaq. Ümumiyyətlə, Masallıda təhsil sahəsinə diqqət yüksəkdir. Rayon rəhbərliyi təhsil ocaqlarının təchizatını, məktəblərdə nizam-intizamı, şagirdlərin dərsə davamiyyətini ciddi nəzarətdə saxlayır. Yüksək balla ali məktəblərə qəbul olunanlar mükafatlandırılır, ən yaxşılara RİH-in təqaüdləri verilir və s.
Sonra icra hakimiyyətinin başçısı qalan bütün sahələrin də inkişafı üçün həyata keçirilən tədbirləri diqqətə çatdırdı. Bu görüşdə qaldırılan məsələlərlə əlaqədar addımlar atılacağını söylədi. Ölkə rəhbərliyinin regionlarla bağlı mühüm dövlət proqramlarını ardıcıl reallaşdırdığını vurğulayaraq dedi ki, Masallı rayonu da qayğıdan yetərincə bəhrələnir. Bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərindən minnətdarıq!..
Masallıda daha bir işgüzar görüş - səyyar qəbul beləcə başa çatdı. Adamlar görüşdən xətircəmliklə, inamla ayrıldılar. Çünki hamı bilirdi ki, deyilənlər diqqətsiz qalmayacaq, vədlər mütləq əməli işlərə çevriləcək. Həmişə olduğu kimi...

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında