Müstəqilliymizin 20-ci ildönümünə sayılı günlərin qaldığı bir vaxtda respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər bizim hər birimizi sevindirir və qəlbimizi fərəhlə doldurur. İstər musiqi və mədəniyyət, istər siyasət, istərsə də biznes-işgüzar əlaqələr sahəsində əldə edilən uğurlar isə, təbii ki, gecəli-gündüzlü zəhmətin, əzmin və fədakarlığın nəticəsidir. Müstəqil respublikamızın inkişafında özəl sektorun inkişafı və onun ayrı-ayrı nümayəndələrinin məqsədyönlü fəaliyyətinin rolu danılmazdır. Çünki yeni iş yerlərinin təminatçısı, sənayenin inkişafının ana xətti olmaqla yanaşı, bu sektorun nümayəndələri həm də geniş məkanda ölkəmizin təmsilçisi və ümumi inkişafımızın qarantıdırlar. Bu sektorun öndə gedən nümayəndələrindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın da bu baxımdan rolu olduqca diqqətəlayiqdir. Qısa müddət ərzində ölkə daxilində yerinə yetirdiyi irimiqyaslı layihələrə imza atan şirkət artıq 3 ildir ki, ölkə xaricində də uğurlu fəaliyyət göstərməklə dünya biznes arenasında Azərbaycanımızı yüksək səviyyədə təmsil edir, qazandığı etibarla ölkəmizin nüfuzunun möhkəmlənməsi işinə öz faydasını verir.
{nl}
"Akkord"un ölkədaxili quruculuq işlərindəki diqqətəlayiq fəaliyyəti
Əslində "Akkord"un ölkə daxilində gördüyü işlər barədə geniş danışmağa ehtiyac yoxdur - şirkətin reallaşdırdığı layihələr respublikamızın paytaxtı ilə yanaşı, onun əksər bölgələrini də əhatə etdiyi və ölkə vətəndaşlarının böyük bir qismi onların real əhəmiyyətini bilavasitə öz gündəlik həyatında hiss etdiyi üçün bu, çoxlarının bildiyi və təqdir etdiyi bir fəaliyyətdir.
Fəaliyyətdə olduğu müddət ərzində tikilən onlarla kilometr asfalt və beton yollar, istər nəqliyyat vasitələri, istərsə də piyadaların əlverişli və təhlükəsiz hərəkəti üçün yüksək əhəmiyyət daşıyan körpü, yolayırıcı, tunel və keçidlər, çoxyerlik iş təminatına və istehsal tutumuna malik sənaye obyektləri, əhalinin orta və az təminatlı təbəqəsi üçün sərfəli qiymətlər və əlverşli şərtlərlə təklif edilən yaşayış kompleksləri və s. hər birimizin gündəlik həyatına müsbət nüanslar əlavə edən bir fəaliyyətin məhsulu olmaqla məhz "Akkord"un adı ilə bağlıdır. Çox maraqlı və sevindirici haldır ki, qurulmuş ağıllı idarəetmə sistemi sayəsində dünyanı silkələyən qlobal maliyyə böhranı belə bu şirkəti öz inkişaf yolundan ayıra bilmədi və bu gün "Akkord" yenə də öz dinamik inkişafını davam etdirməkdə, həyata keçirdiyi layihələr sırasını daha da genişləndirməkdədir. Strateji inkişaf istiqaməti kimi əsas diqqəti irimiqyaslı xarici tikinti layihələrinə yönəltməsinə baxmayaraq, 2011-ci ildə də "Akkord"un ölkədaxili quruculuq işləri sahəsində diqqətəlayiq fəaliyyəti var. Bu fəaliyyət həm infrastruktur-tikinti istiqaməti üzrə yol, körpü-tunel, su-kanalizasiya tikintilərini, həm yaşayış kompleksləri inşasını, həm də tikinti materiallarının istehsalı və emalını əhatə edir.
"Azəryolservis" ASC-nin sifarişi və İtaliyanın "İmpreza" şirkətinin podratçılığı əsasında tikilən Gəncə dolama yolunda "Akkord"un gördüyü iş yolun Qazaxdan Gəncəyə gəliş istiqaməti üzrə asfalt örtüklə tikilməsindən ibarətdir (eyni yolun gediş istiqamətinin tikintisi başqa bir şirkətə həvalə olunub). 2010-cu ilin sonunda startı verilən bu layihə 37,5 km uzunluğu, 10,5 metr eni olan yolun tikintisini nəzərdə tutur. Artıq layihə üzrə ərazidəki torpaq işlərinin 70-80 faizini yerinə yetirən şirkət iyun ayı ərzində yolda asfalt döşəmə işlərinə start verməyə hazırlaşır. Cari ildə "Akkord"un icra etdiyi ən önəmli infrastruktur layihələrindən biri paytaxtın "Qələbə meydanı"nda - "Gənclik" metrostansiyası ətrafında çoxsəviyyəli yol qovşağının tikintisidir. Bu kompleksə 6 tunel, 2 yeraltı keçid, 1 yeraltı 3 mərtəbəli dayanacaq, həmçinin metronun "Gənclik" stansiyasının əlavə 2 çıxışının tikintisi daxildir. Sürətlə icra olunan layihə üzrə artıq metro çıxışlarından biri hazırlanaraq sərnişinlərin istifadəsinə verilib. Bu layihə tamamilə icra olunduqdan sonra Atatürk və Vaqif prospektləri, həmçinin Atatürk prospekti ilə Təbriz prospekti Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə birləşdiriləcək, Təbriz küçəsindən gələn avtomobillər "Gənclik" dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şossesinə çıxa biləcəklər. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq, Vaqif prospektindən gələn avtomobillər F.X.Xoyski prospektinin altından keçərək, ərazidə tikilən 500 yerlik avtomobil dayanacağının içərisindən keçməklə Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək. Həsən Əliyev prospektində isə, düzünə istiqamətli tunel olacaq. "Qələbə meydanı"nda inşa olunacaq dayanacaqda avto-servis xidmət mərkəzi də nəzərdə tutulub. Hazırda ərazidəki kommunikasiya xətlərini beynəlxalq standartlara uyğun yeniləyən şirkət 2 tunelin qazma-svay işlərinə start verib. Layihə tamamlandıqdan sonra "Qələbə meydani"nın üst hissəsi bütünlüklə park olacaq. Bir sözlə, bu məkan həm sərnişinlərin, həm də piyadaların ən sevimli məkanına çeviriləcək.
Körpü-tunel tikintisi üzrə şirkətin hazırda icra etdiyi önəmli layihələrdən biri də paytaxtın Ziya Bünyadov prospektində "Z.Bünyadov-Böyükşor Avtomobil Yolu Qovşağı"nın tikintisidir. Burada həm şəhər mərkəzi istiqamətilə, həm Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən Binəqədi şossesi (Böyükşor küçəsi) ilə avtomobillərin dayanmadan, işıqforsuz hərəkətini təmin etmək məqsədi daşıyan layihə çərçivəsində şaxəli tunel keçidi və yolötrücünün tikintisi nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər plan üzrə davam edir.
2011-ci ildə "Akkord"un icra etdiyi infrastruktur layihələri istiqamətlərindən biri də su-kanalizasiya tikintiləridir. Bu istiqamət üzrə hazırda şirkət iki layihənin - Ağstafa-Tovuz su kanalizasiya işləri və Salyan-Kür çayı bəndsalma işlərinin icrasını həyata keçirir. Birinci layihə hər iki şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasını nəzərdə tutur. 2010-cu ilin dekabr ayından start verilən layihə 2 mərhələyə ayrılıb. 1-ci mərhələ çərçivəsində 2 ədəd su anbarının tikintisi və ona gələn boru xətlərinin çəkilişi nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq icra olunub. Belə ki, Ağstafa su anbarının və layihə üzrə əlavə binaların tikintisi başa çatdırılıb. Tovuz su anbarının da tiknitisinə start verilib və yaxın bir-neçə gün ərzində layihənin 2-ci mərhələsinin icrasına başlanılacaq. Layihə Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi əsasında həyata keçirilir.
Bəndsalma işləri üzrə fəaliyyətə "Akkord" ötən ildən - Kür çayında baş vermiş daşqınlar Kürqırağı bölgələrdə subasmalara səbəb olduğu zaman başlayıb. İlk olaraq təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün yüzlərlə maşın-mexanizm, xüsusi texnika və 1000-dək işçi ilə səfərbər olan "Akkord" cari ildə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında Kür çayının Salyan ərazisindən keçən hissəsində bəndsalma işlərinə başladı. Şirkət layihə üzrə 34,5 km bənd salmalıdır ki, artıq bu işlərin də 14,5 km-lik hissəsi yerinə yetirilib, 12 km-də işlərin ilkin mərhələsi arxada qalıb.
Yaşayış komplekslərinin tikintisi üzrə "Akkord"un cari il ərzində gördüyü işlər əsasən ötən illərdə başlanmış layihələrin tamamlanmasına yönəlsə də şirkətin "Uğur-4" yaşayış kompleksi bu baxımdan istisna təşkil edir. Əsas tikinti işlərinə 2010-ci ilin ortalarından başlanan kompleks Xırdalan şəhəri ərazisində yerləşir. Gözəl layihələndirmə və ərazi seçiminə malik kompleksin yaxın vaxtlarda tamamlanaraq əlverişli satış şərtləri ilə əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur.
{nl}
Beynəlxalq layihələr beynəlxalq uğurun açarıdır
Göründüyü kimi, ölkə daxilində həyata keçirdiyi layihələrlə "Akkord" əvvəlki illərdə göstərdiyi intensiv və öncül fəaliyyətini uğurla davam etdirir və ümumrespublika quruculuq işlərinin daha da intensivləşdiyi indiki vaxtda bu işlərin miqyasının daha da artacağı istisna deyil. Lakin bununla yanaşı, ölkə xaricindəki irimiqyaslı layihələrdə iştiraka yönəlmiş fəaliyyət "Akkord" üçün prioritet olmaqda davam edir.
Yuxarıda qeyd olunduğu kimi, artıq 3 ildir ki, şirkət bu istiqamətdə ardıcıl siyasət yürüdür və bu bir faktdır ki, indi nəinki yaxın region ölkələrində, həmçinin uzaq xaricdə də "Akkord" markası tanınır və qəbul edilir. Regionda geniş fəaliyyət göstərdiyimiz ölkələrdən biri Gürcüstan Respublikasıdır. Artıq bu ölkədə şirkət tərəfindən icra edilən layihələr sırası kifayət qədər genişlənib və əldə edilən nailiyyətlər nəinki Gürcüstan daxilində yeni işlərin əldə edilməsi, həm də bu işlərlə tanış olan digər ölkələrdə də analoji layihələrin "Akkord"a həvalə edilməsi üçün bir etibarlılıq nümunəsi təşkil edir. Gürcüstandakı asfalt-beton örtüklü, ümumi dəyəri 145 milyon dollardan çox olan Svaneti-Ruisi yolunun tikintisi üzrə tenderin qalibləri sırasına "Akkord" hələ 2009-cu il iyul ayının 9-da daxil edilmişdi. Svaneti-Ruisi layihəsi 3 lotdan ibarətdir və bu layihədə "Akkord"un inşa etdiyi yolun uzunluğu iki istiqamət üzrə 15 km təşkil edir. 1-ci və 2-ci lot üzrə "Akkord-Gürcüstan" tikinti işlərinin bilavasitə kontraktor/icraçısıdır. 1-ci lot: ümumi 4500 m /5 körpü, 26 boru keçidi, 2 bokskalvert, 2 asfalt ötürücü; 2-ci lot: ümumi 1450 m/1 körpü-estakada (877 m) / dairəvi yol: 2154 m/1 körpü (160 m), 5 boru-keçid (1500 mm - diametr), 78 m uzunluqlu 500 mm-lik boru keçidi; 3-cü lot: ümumi 8300 m/750 m x 2 ikitərəfli tunel, 2 bokskalvert, 3 boru keçidinin inşasını nəzərdə tutur. 3-cü lotda "Akkord-Gürcüstan" subpodratçı kimi fəaliyyət göstərir. Bu layihə "Kocks Group"şirkəti tərəfindən hazırlanıb və Dünya Bankı tərəfindən maliyyələşdirilir.
I dərəcə avtoban yolları kateqoriyasına aid olan bu layihə strateji əhəmiyyət kəsb etməklə yanaşı, Gürcüstan paytaxtını Rusiya və Türkiyə ilə birləşdirəcək ümumi magistralın tərkib hissəsidir. 2009-cu il iyulun 15-də tikinti işlərinə başlayan "Akkord" tikinti sahəsinə 900-dən artıq işçi və mütəxəssis, 600 ədəd texniki vasitə cəlb etməklə ərazidə 4 beton zavodu, 3 daşdoğrayan, 2 asfalt zavodu, 1 beton tir-boru istehsalı zavodu, həmçinin qaraj, laboratoriya, yataqxana, işçilər üçün yeməkxana, tibb məntəqəsi, ofislər və s. qurub və hazırda işləri tam sürətlə davam etdirir. "Akkord-Gürcüstan"ın bu ölkədə icra etdiyi daha bir böyük layihəsi 2010-cu il noyabrın 15-də tamamlandı. Türkiyə sərhədinə kimi uzanan asfalt örtüklü 224 km uzunluğunda Samtsxe-Cavaxetiya yolunun Tsalka-Nardevani ərazisindən keçən 15 km-lik hissəsinin tikintisinin başa çatması ilə əlaqədar olaraq təntənəli açılış mərasimi keçirildi.
"Akkord-Gürcüstan"ın Gürcüstan Respublikası üzrə digər əhəmiyyətli layihələri 8,3 km-lik Tbilisi-Tianeti, 10 km-lik Kutaisi-Tskaltubo-Lentexi, 12,23 km-lik Kutasi-Tkibuli-Ambrolauri yollarının tikintisidir.
"Akkord"un uğurla fəaliyyət göstərdiyi ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. "Qərbi Avropa - Qərbi Çin" beynəlxalq yol layihəsinin icrası çərçivəsində bu ölkədə iki lot üzrə 107 km asfalt yol tikintisini müvafiq tenderdə qalib gəlməklə öz üzərinə götürən şirkət artıq bu respublikada da öz brendini tanıtmağa müvəffəq olub. Artıq layihə üzrə torpaq-bərkitmə işlərinin 50 faizi başa çatdırılıb. 20 km yolun asfaltlama işləri tamamlanıb. 2011-ci il ərzində yolun əsas hissəsinin təhvil verilməsi üçün səy göstərilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikası ilə əlaqələrin yaxşılaşdırılması məqsədilə irəli sürdüyü təşəbbüsün ardınca bu ölkədə keçirilən milli sərgidə ölkəmizi layiqincə təmsil edən "Akkord" qısa vaxt ərzində bu respublikada icra edə biləcəyi layihələrə marağını da ortaya qoyub. Artıq Orta Asiya respublikasında elan edilən tenderlərdə də "Akkord" markası hallanmaqdadır və şirkətin bu ölkə ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olacağının reallaşmasını çox da gözləməli olmayacağıq. Şirkətin Ukrayna və Türkiyədəki fəaliyyəti isə oradakı törəmə müəssisələr tərəfindən həyata keçirilir.
{nl}
"Akkord" "Yeni minilliyin mükafatı"na layiq görüldü
Yeri gəlmişkən, "Akkord"un xarici ölkələrə inteqrasiya istiqamətində gördüyü möhtəşəm işlər artıq təkcə ölkə vətəndaşlarının və onun nailiyyətlərini müxtəlif mükafatlarla qeyd edən ictimai qurumlarının deyil, həm də dünyanın nüfuzlu ölkələrindəki tanınmış qurum və mərkəzlərin də diqqət mərkəzindədir. Bunu bir müddət əvvəl "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın Parisdə keçirilən nüfuzlu bir tədbirdə yüksək mükafatla təltif edilməsi də təsdiq edir.
Fransa paytaxtında "Ticarətin Liderləri Klubu" və "Editorial Ofice" təşkilatı tərəfindən təsis edilən "Yeni minilliyin mükafatı"nın 23-cü təqdimat mərasiminə Fransa, Meksika, Cənubi Afrika, Braziliya, Malayziya, Rusiya kimi ümumilikdə 25 ölkədən dəvət edilən 30 şirkəti sırasına "Akkord"un da daxil edilməsi bu şirkətin qısa vaxtda əldə etdiyi uğurların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etmiş oldu. Tədbirdə "Ticarətin Liderləri Klubu"nun prezidenti cənab Arsenio Pardo Rodriqes tərəfindən məhz Azərbaycan təmsilçisi olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın baş direktoru cənab Xaqani Quluzadəyə təqdim edilən 23-cü "Beynəlxalq İnşaat Mükafatı" milli şirkətimizlə yanaşı, belə şirkətlərin yaranması və inkişafı üçün əlverişli şərait yaradan müstəqil Azərbaycan Respublikasına verilmiş qiymətin simvolu oldu. Fransanın dövlət orqanlarının, Parisdəki xarici səfirliklərin nümayəndələri və dünyanın tanınmış biznesmenlərinin iştirak etdiyi mərasimdə, eyni zamanda, "Akkord"a "Biznes sahəsində liderliyə" görə qızıl medal və müvafiq sertifikat da təqdim edilib və tədbir Fransanın yerli kütləvi informasiya vasitələrində də geniş şəkildə işıqlandırılıb. Qeyd edək ki, bu klub "Yeni minilliyin mükafatı"nın sahiblərini tikinti və inşaat sahəsində hər il dünya üzrə aparılan təhlillər nəticəsində müəyyən edir. Təhlillərdə əsasən, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq bazarlara çıxış və bu səpkili digər amillər nəzərə alınır.
Məlumat üçün bildirək ki, "Editorial Ofice" təşkilatı 1950-ci ildə təsis edilib. İlkin olaraq biznes sahəsində fəaliyyət göstərən 40 ölkənin şirkətlərini özündə birləşdirən təşkilat təmsilçi şirkətlərin reyestrinin aparılması ilə məşğul olub. "Editorial Ofice" təşkilatı isə 1978-ci ildə İspaniyanın Madrid şəhərində "Ticarətin Liderləri Klubu"nu təsis edib və hazırda klubda 120 ölkədən biznesin müxtəlif sahələrini təmsil edən 7000-dən çox şirkət birləşib.
Bütün bunlar həqiqətən də çox qısa sayılacaq bir müddət ərzində çox böyük yol qət etmiş "Akkord"un doğru yolda olduğunu və bu şirkətə məxsus əzmkarlığın onu və onunla yanaşı respublikamızın doğma adını yaxın-uzaq xaricdə çox uca zirvələrə daşıyacağını sübut edir. Bizə isə bu yolda "Akkord"a yalnız uğurlar arzulamaq və onun yeni qələbələr sevincini bölüşmək arzusu qalır.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.