Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirilmişdir

Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirilmişdir. Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev tədbiri açdıqdan sonra hacı Faiz müqəddəs kitabımız - Qurani-Kərimdən ayələr oxumuşdur. 
Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun və dünyasını dəyişmiş şura üzvlərinin ruhuna dualar oxumuşlar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) sədri, şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış etmişdir.
A.Paşazadə demişdir ki, bu önəmli tədbirdə Qafqazın mötəbər din xadimlərinin bir yerdə olması çox əlamətdar haldır. Bu, bir daha sübut edir ki, Azərbaycan regionun taleyüklü məsələlərinin həllində mənəvi mərkəz rolunu davam etdirir, millətlərarası və dinlərarası münasibətlərin inkişafında yüksək mövqe tutur.
QXADŞ-nın bugünkü toplantısının əsas məqsədi hesabat xarakteri daşısa da, gələcək fəaliyyət dairəmizi müəyyənləşdirərkən biz təmsil etdiyimiz dövlətlərin və xalqların mənafeyi baxımından münasib olan birgə qərarlar verməyə davam etməkdəyik. Çünki din xadimlərinin dünyaya bəyan etdiyi qlobal dialoq, dinc birgəyaşayış çağırışları həm bölgəmiz və həm də dünyamız üçün vacibdir. Qədim İslam ənənələrinə malik, tarixən dözümlülük prinsipləri ilə seçilən Azərbaycan bu gün də bütün etiqad və millətlərə ehtiramı ilə seçilən ölkə kimi tanınır. Əminik ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanımızın beynəlxalq nüfuzunu daha da artıracaq, iqtisadi uğurları ilə yanaşı, sülhsevərlik ruhunu, dinlərarası və millətlərarası dialoq sahəsindəki nailiyyətlərini bir daha təsdiq edəcəkdir.
Bu gün burada bir araya gəlməyimiz şübhəsiz ki, Qafqazda mənəvi dialoq, qardaşlıq və əməkdaşlıq sahəsində qazandığımız uğurların nümunəsidir. Qafqazın əmin-amanlığı, rifahı bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bölgədə yerləşən dövlətlərin siyasi tarazlığa, xalqların maraq və mənafelərinə uyğun apardıqları siyasət olduqca vacibdir. Belə bir siyasi uzaqgörənliyin əsasını zəmanəmizin görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi irsi təşkil edir. Ulu öndər ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad azadlığının təminatında, dini-mənəvi dəyərlərin qorunmasında, xalqlar arasında dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə böyük siyasi və dövlətçilik təcrübəsi miras qoymuşdur. Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu yüksək səviyyədə nümayiş etdirməklə yanaşı, din-dövlət münasibətlərinin möhkəmlənməsinə və bölgə xalqlarının rifahına həssaslıqla yanaşır, Qafqazın gələcəyi üçün milli-mənəvi dəyərlərin inkişafına böyük önəm verir.
Biz, din xadimləri hesab edirik ki, bu gün Qafqazı xoşbəxt gələcəyə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, dinc qonşuluq münasibətlərinin qorunub saxlanılmasından keçir. 1992-ci ildə Qroznıda keçirilən din xadimlərinin ümumi toplantısında QXADŞ-nın təsis olunması və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi qərarı regionun taleyində önəmli bir səhifəyə çevrilmişdir. Bu şuranın yaranması və əməli təcrübəsi dini qurumların fəaliyyətinə yeni təkan verməklə yanaşı, dinlərarası münasibətlərin inkişafına da böyük təsir göstərmişdir. 2002-ci ildə MDB Dinlərarası Şurasının yaradılması postsovet məkanında dini inteqrasiyanın başlanğıcı olmuşdur. Şuranın həmsədri olaraq QMİ sədri kimi mənim seçilməyim Qafqazın müsəlman konfessiyalarının yüksək məqamlarda təmsil olunmasını təmin etmişdir. Bunun ardınca 2004-cü ildə Dinlərarası Sülhyaratma Forumunun, 2006-cı ildə dünya dini liderlərinin Moskva, 2010-cu ildə Bakı sammitlərinin işində QXADŞ-nın üzvləri də fəal iştirak etmişlər. Bu ali məclislərdə biz hər zaman dövlətlərin təhlükəsizliyinə zidd olan separatçı qüvvələrə qarşı vahid mövqe nümayiş etdirmişik. Biz əminik ki, ekstremistlərin, terrorçu qrupların fiziki və mənəvi təcavüz planlarının qarşısını dövlət rəhbərləri, ictimai-siyasi xadimlərlə dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar.
Natiq vurğulamışdır ki, bu gün Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ədalətlə və sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü, qarşılıqlı anlaşma, bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması çərçivəsində həll olunmalıdır. Din xadimləri xalqlarımızın taleyi, övladlarımızın gələcəyi naminə münaqişələri aradan qaldırmaq yönündə səyləri davam etdirməlidirlər.
QMİ-nin sədri bildirmişdir ki, BMT nəzdində Dini Məşvərət Şurasının yaradılması və ilkin mərhələdə YUNESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli təşəbbüs qrupunun fəaliyyəti məsələləri reallaşmaqdadır.
Ötən ilin aprel ayında Din Xadimlərinin Ümumdünya Sammitinin Bakıda keçirilməsi də əlamətdar hadisə kimi yadda qalmışdır. "Qloballaşma, din, ənənəvi dəyərlər" devizi ilə keçirilmiş Bakı Sammiti bütün dünyanın və bizim Qafqaz regionunun tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Qafqaz bizim ümumi evimizdir. Bu məkanda baş verənlər bizi hər zaman narahat edir. Təəssüflər olsun ki, bu məkanda əmin-amanlıq hələ tam bərqərar olmayıb. Qafqazın dini liderləri bu hadisələrin həm canlı şahidləri və çox təəssüf ki, həm də bəzi qanlı terror aktlarının günahsız qurbanlarıdırlar. Bu günədək elə bir beynəlxalq və ya yerli miqyasda tədbir olmayıb ki, bölgədəki vəziyyət gündəmə gətirilməsin, burada yaşayan xalqların problemlərindən söz açılmasın.
Əminəm ki, dialoq və qarşılıqlı dəstək əsasında, hər bir ölkənin mədəni ənənə və xüsusiyyətlərini nəzərə almaqla dövlət və din arasında əlaqələrin optimal modellərini yaratmaq, sülh və sabitliyin möhkəmlənməsinə yönəldilmiş ideya və təşəbbüsləri reallaşdırmaq mümkündür.
Sonda A.Paşazadə bir daha konfransın işinə uğurlar arzulamışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyev, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayev, MDB Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədri Abbas Abbasov, Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi Əli Əliyev çıxış etmişlər.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin dövlətlər və dinlər arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, Qafqaz xalqlarının əmin-amanlığına diqqətlə yanaşması yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, tolerantlığına və mədəniyyətlərin inkişafına verdiyi töhfələrə görə regionda nümunəvi dövlətdir.
Konfransın sonunda QMİ-nin və QXADŞ-nın sədri Allahşükür Paşazadənin, Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin, eləcə də Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyevin, Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin sədri Soltan Mirzəyevin, Dağıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əhməd Abdullayevin, Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Hacımurad Qatsalovun, İnquşetiya Müsəlmanları Ruhani İdarəsinin sədri İsa Xamxoyevin, Kabardin-Balkar Müsəlmanları Ruhani İdarəsinin sədri Həzrətəli Dzasejevin, Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri Nurbiy Yemijin və Kalmıkiya Müsəlmanları Ruhani İdarəsinin sədri Soltanəhməd Karalayevin imzası ilə BMT-yə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir ki, müsəlman din xadimləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri əmin edirlər ki, dünya üzrə milyonlarla müsəlman həm özləri, həm də bütün bəşəriyyət üçün azadlıq və tərəqqi diləyirlər. Onların mövqeyi ondan ibarətdir ki, həm din, həm də siyasət fikir ayrılığı və münaqişələrə deyil, sivilizasiyalar arasında sülh və dialoqa xidmət etməlidir.
Qafqazın müsəlman din xadimləri də dini ideyaların siyasi mübarizə və millətlərarası münaqişələr üçün istifadə olunmasını, dövlətlərin daxili işlərinə müdaxilələri, bu və ya digər strateji maraqlar naminə məkanlara nüfuz edilməsini yolverilməz sayırlar. Hərbi əməliyyatlar, suveren dövlətlərə müdaxilələr vətəndaş müharibələrinə rəvac verir, humanitar intervensiyalar dünyadakı vəziyyəti daha artıq dərəcədə səbatsız edir. Məscidlər, məbədlər dağıdılır, müxtəlif din və məzhəb ardıcılları arasında nifaq toxumu səpilir. Belə müdaxilələr genişmiqyaslı dağıntılara və dövlətlərin məhvinə səbəb ola bilər. Biz xaos və ölüm gətirən belə müdaxilələri pisləyirik.
Qafqazın dini liderləri olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasına dair BMT-nin 4 qətnaməsinin 20 ildən artıq müddət ərzində yerinə yetirilməməsindən narahatıq. Bu, bir sıra müsəlman dövlətləri ilə bağlı bu yaxınlarda qəbul edilmiş qətnamələrin və sanksiyaların yubadılmadan həyata keçirilməsi fonunda baş verir. İnsanların inamını ikili yanaşmalar qədər başqa heç nə zədələyə bilməz.
Beynəlxalq təşkilat olaraq BMT bu cür əməllərə öz qətiyyətli münasibətini bildirməli və bununla beynəlxalq həyatda baş verən hadisələri mənəviyyat və hamı üçün vahid standartlar nöqteyi-nəzərindən sərf-nəzər edərək onlara müsbət təsir göstərməlidir. Bu, xalqları həm lokal, həm də bütün bəşəriyyət üçün aktual olan qlobal problemlərin həlli ətrafında səfərbər edər. Müxtəlif milli və dini mənsubiyyətə malik insanlar arasında həmrəylik isə yalnız o zaman sarsılmaz ola bilər ki, bu, əbədi və uca mənəviyyat normalarına sədaqət üzərində bərqərar olsun.
Müraciətdə vurğulanır ki, bütün mövcud problemlər milli-siyasi, tarixi reallıqlar və dini özünəməxsusluqların nəzərə alınması şərtilə beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır.
Qafqazın milyonlarla dindarının iradəsini ifadə edərək, Uca Yaradanımızdan müqəddəs həyat dəyərini hifz etmək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar və xalqlar üçün sülh və rifahın təmin olunması yolunda BMT-nin bütün səylərinə rəvac verməsini diləyirik. Amin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında