Masallıda poçt xidməti yaxşılaşır

Son illərdə ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da poçt və rabitənin maddi-texniki bazası xeyli yaxşılaşmış, xidmətlərin səviyyəsi yüksəlmişdir. Neçə-neçə ucqar yaşayış məntəqəsində yeni poçt binaları və telefon stansiyaları tikilmiş, şöbələr müasir texniki avadanlıqla təmin edilmiş, elektronlaşdırılan ATS-lər abonentlərin 70 faizindən çoxunu əhatə etmişdir. Gündəlik dövlət qayğısı sayəsində abadlıq-quruculuq işlərini genişləndirən rayon rəhbərliyi sözügedən sahələrin inkişafına da xüsusi diqqət yetirir.
Masallı Rayon Poçt Filialının tabeliyində 42 poçt şöbəsi fəaliyyət göstərir. Ötən il filiala idarəetmə sahəsində zəngin təcrübəsi olan Mahir Qurbanov rəis təyin edildikdən sonra qurumun texniki-iqtisadi göstəriciləri daha da yüksəlmişdir. M. Qurbanov uzun müddət doğma kəndlərində müəllim, sovxoz direktoru və ərazi icra nümayəndəsi vəzifələrində çalışmışdır. Onun gəlişi ilə rayon poçt filialının fəaliyyətində əsl canlanma yaranmış, hər kəsin tapşırılan işə məsuliyyət hissi ikiqat artmışdır. Nəticə özünü çox gözlətməmişdir. Faktlara müraciət edək: ötən il üçün proqnozlaşdırılan gəlir planı faktiki olaraq 131 212 manat, yəni 109,2 faiz icra olunmuşdur. Cari ilin birinci rübü üçün isə 37630 manat gəlir planı proqnozlaşdırılmışdır. Faktiki nəticə daha yüksəkdir-46188 manat, başqa sözlə desək, 122,7 faiz! Yetərincə yaxşı göstəricidir!
Mahir Qurbanovun dedikləri:
- Rayonumuzun bütün ölkəni bürüyən abadlıq-quruculuq yürüşünün önündə getməsi bizi sevindirir. Beş-altı il qabaqkı Masallı ilə indikini müqayisə etməyə belə dəyməz. Hər tərəfi gözəl, səliqəli və təmizdir. Yeni-yeni binalar tikilərək ünvanlaşmışdır. Bu, Prezident İlham Əliyevin müəllifi olduğu regional inkişaf Dövlət Proqramının gerçək nəticəsidir. İstər əvvəlki beş ili əhatə edən, istərsə də 2009-2013-cü illərə dair Dövlət Proqramı üzrə rayonumuzda həyata keçirilən tədbirlər hədsiz fərəh doğurur. Biz də bu yüksəlişdən kənarda qalmırıq. Masallının tərəqqisinə töhfələr verməyə çalışırıq.
Öz işimizə gəlincə isə, filialımızın şöbələri tərəfindən əhaliyə bütün növ ənənəvi və qeyri-ənənəvi poçt rabitəsi xidmətləri göstərilir. Barat, bağlama, məktub qəbulu ilə yanaşı, kommunal xidmət haqlarının (qaz, elektrik, telefon pullarının), habelə faksların qəbulu və ötürülməsi reallaşdırılır. Qəbul olunmuş vəsait gecikdirilmədən lazımi hesablara köçürülür. Bunlardan əlavə, "Akkord" tikinti şirkəti ilə bağlanmış müqaviləyə əsasən "Tale açarı" lotereyalarının rayonda satışı təşkil edilir. Çalışırıq ki, bizə müraciət edənlərin hər biri üçün layiqli portnyor olaq, xidmətlərimiz razılıq doğursun.
Ötən il rayonun Boradigah qəsəbəsində müasir poçt binası tikilərək istifadəyə verilmişdir. Həmçinin filial "Niva" markalı minik avtomobili ilə təmin edilmişdir. Altı dəst kompyuter alınmışdır. Dünya Bankının layihəsi olan "Poçt şöbələri tərəfindən bank xidmətlərinin göstərilməsi"nə hazırlıq gedir. Kompyuter sistemi üzrə 2, 3, 4 və 5 saylı şəhər poçt şöbələrində bank xidməti əməliyyatları aparacaq işçilərə kod-parollar verilmişdir.
Filialda öyrəndik ki, Ümumdünya Poçt İttifaqının layihəsi əsasında "Azərpoçt" MMC ilə Təhsil Nazirliyinin birgə həyata keçirdikləri inşa müsabiqəsində Masallı rayon Digah qəsəbə məktəbinin şagirdi Solmaz Əlizadə respublika üzrə 3-cü yeri tutmuşdur ki, bu nailiyyətdə Masallı Poçt Filialı kollektivinin də payı vardır.
Hazırda filialın şəhər 4 saylı, Bambaşı və Hacıtəpə poçt şöbələri üçün yeni binalar tikilir. Filialın inzibati binasında əsaslı təmir işlərinə başlanmışdır. Xidmət mədəniyyətinin nümunəvi olmasından ötrü atılan bütün addımlar Masallı rayon rəhbərliyi, başçı Qəzənfər Ağayev tərəfindən güclü dəstək qazanır və əhalinin təqdirinə səbəb olur. Bir sözlə, poçt xidmətində nailiyyətləri daha da artırmağa Masallıda münbit şərait də var, potensial imkanlar da.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında