Naftalan kurort şəhərinin regional inkişaf proqramına uyğun olaraq inkişaf etdirilməsi ilə bağlı ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğı mövcud problemlərin sürətli həllini təmin etmişdir. Bunu cari ilin ilk rübünün uğurlu göstəriciləri də sübut edir. Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən toplantıda bu barədə geniş söhbət açıldı.
Naftalan şəhərinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də keçirilmiş Nazirlər Kabinetinin rüblük iclasında ölkə üzrə ümumi tərəqqini səciyyələndirən mühüm məqamlara toxunmuşdur. Dövlət başçısı iqtisadiyyatımız gücləndikcə respublikamızın qüdrətli bir dövlətə çevrildiyini, ölkəmizin əhalisinin həyat səviyyəsinin durmadan yüksəldiyini qeyd etmişdir.
Azərbaycanın strateji valyuta ehtiyatlarının 22,3 milyard dollara çatması, 2010-cu ilin birinci rübündə iqtisadi artımın 5,4 faiz, sənaye istehsalının 5,6 faiz təşkil etməsi bir daha onu sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Ölkəmiz öz iqtisadiyyatının gücləndirilməsini davam etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında keyfiyyətsiz idxal mallarının respublikamıza gətirilməsi, eləcə də ölkəmizdə istehsal olunan keyfiyyətsiz mallar, insanların sağlmlığına ziyan verən amillərin qarşısının alınması barədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıq vermişdir. Artıq ölkəmizin hər yerində istehlak mallarının keyfiyyətinə nəzarət üçün ictimai komissiyalar yaradılır. Biz də şəhərimizdə istehlak olunan məhsulların keyfiyyətinə və süni qiymət artımına qarşı mübarizə aparmaq məqsədi ilə icra hakimiyyəti yanında daimi fəaliyyət göstərən və 11 nəfərdən ibarət komissiya yaratmışıq. Şəhərdə 2010-cu ilin birinci rübünün büdcə gəlirinin yerinə yetirilməsinə, dövlət büdcəsindən ayrılan subsidiyanın alınmasına sosial yönümün icra edilməsinə şərait yaratmışdır. Büdcə təşkilatlarında birinci rübdə ayrılmış vəsaitin öz məqsədinə xərclənməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Aparılan təhlillər göstərir ki, şəhərdə ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz, sənayenin həcmi 4,6 faiz artmışdır.
İlin birinci rübündə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Şəhər Məşğulluq Mərkəzi 19 nəfəri işlə təmin etmiş, 6 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Əhalinin Sosial Müdafiə Mərkəzi 393 nəfərə 74,5 min manat sosial yardım vermişdir. 48 nəfər tənha, ahıl və əlil vətəndaşlara evlərində sosial-məişət xidməti göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər şöbəsi 1388 nəfər pensiyaçıya 628,8 min manat müavinət ödəmişdir.
2010-cu ilin birinci rübündə "Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, şəhər elektrik sisteminin yenidən qurulmasına, yaşayış binaları üçün yeni qazanxanalrın tikintisinə, binadaxili istilik sistemlərinin bərpasına, yeni salınmış yaşayış massivinin qazlaşdırılmasına, Goranboy qazpaylayıcı stansiyadan Naftalana 14,5 kilometr, şəhər daxilində isə 23-25 kilometr uzunluğunda yeni plastik boruların çəkilməsi işinə başlanmışdır.
Səhiyyə, kurort müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ərazisinin genişləndirilməsi məqsədi ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Şəhərin su-kanalizasiya sisteminin tamamilə yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanmış və yaxın günlərdə bu işin də icrasına başlanacaqdır.
Məruzəçi qeyd etdi ki, Dövlət Proqramında nəzərdə tutulmayan digər məsələlər də Naftalan şəhərinin sosial-iqtisadi inkişaf proqramında öz əksini tapmışdır. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının köməyi ilə Naftalanın problemlərini öyrənən elmi-tədqiqat institutunun filialının açılması, 240 yerlik uşaq bağçası-körpələr evinin əsaslı təmiri, hava limanının genişləndirilməsi nəzərdə tutulur. Müasir standartlara cavab verən yeni Mərkəzi Xəstəxananın, məişət tullantılarının təkrar emalı zavodunun, Naftalan neftindən dərman preparatları hazırlayan müəssisənin, müasir Olimpiya idman kompleksinin, 7 illik uşaq musiqi məktəbi üçün yeni binanın, şəhərin ayrı-ayrı hissələrini birləşdirən körpülərin tikintisi və Goran dəmir yolu stansiyasından Naftalan şəhərinə qədər 18 kilometrlik avtomobil yolunun yenidən çəkilməsi planlaşdırılır.
Naftalan şəhərinin yenidən qurulması istiqamətində başladığımız işlər sürətlə davam etdirilir. Şəhərdə 1994-cü ildən sıradan çıxmış 9 mərtəbəli yaşayış binalarının liftləri yenisi ilə əvəz edilmişdir. Bütün çoxmərtəbəli binaların həyət və girişləri işıqlandırılmış, binaların istilik sisteminin yenidən qurulmasına və bu məqsədlə 3 qazanxana binasının tikintisinə başlanmışdır. Çoxmərtəbəli yaşayış binalarının fasadlarına üzlük vurulur. Şəhərin girişindən "Çinar" sanatoriyasına kimi və Ş.Qurbanov küçəsində fərdi yaşayış evlərinin ətrafında yeni istinad divarları çəkilir.
"Ekologiya ili" ilə bağlı fevral-mart aylarında Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov adına parklarında, xəstəxananın ətrafında, şəhərin giriş hissəsində, eləcə də sahibkarların inşa etdiyi yeni sanatoriyaların ərazilərində 10 minə yaxın həmişəyaşıl ağac əkilmişdir. Onların suvarılması üçün tədbirlər həyata keçirilir. Mart aynda Nəriman Nərimanov və Səməd Vurğun parklarının yaşıllığının suvarılması üçün yeni subartezian quyuları qazılmış, xəstəxananın yanındakı subartezian quyusu bərpa edilmişdir. Heydər Əliyev adına parkın yaşıllığının suvarılması üçün yeni plastik boru xətti çəkilmişdir. Şəhərin girişində yeni salınmış yaşıllıq massivinin suvarılması üçün də tədbirlər müəyyənləşdirilmişdir. Bu gün şəhərin bütün sahələrində başlanmış yenidənqurma və bərpa işləri Naftalanın xoşbəxt gələcyindən, onun yeni perspektivlərindən xəbər verir. Yaxın gələcəkdə Naftalan ölkəmizin ən inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir.
Başçı göstərdi ki, şəhərin rabitə, nəqliyyat, qaz istismarı, su-kanal idarələri və digər qurumları göstərilən xidmət sahələrində əsaslı dönüş yaratmışdır. Təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə şöbələrinin rəhbərləri də öz işlərinə məsuliyyətlə yanaşmağa başlamışlar. İctimai-mədəni tədbirlərin təşkilinə önəm verilmişdir. "Xocalı" soyqırımı günü, "Novruz" bayramı tədbirləri və 31 Mart soyqırımı qurbanlarının anım günündə şəhər əhalisi, o cümlədən məktəblilər hamılıqla iştirak etmişlər.
Əhalini narahat edən sosial-məişət problemlərinin vaxtında müəyyən edilməsi, onların optimal həlli yollarının tapılması istiqamətində də bir sıra işlər görülmüşdür. Vətəndaşların qəbullarda, səyyar görüşlərdə qaldırdıqları məsələlərlə bağlı tədbirlər həyata keçirilmişdir. Vaqif Quliyev küşəsində yollar abadlaşdırılmışdır. Su ilə təminatdakı problemlər aradan qaldırılmış, sel sularının qarşısının alınması üçün kanal çəkilmişdir. İsa Məmmədov adına yaşayış massivində kanalizasiya xətlərinin bərpası, 1 saylı MİS-nin ərazisində küçələrin və yaşayış evlərinin girişlərinin işıqlandırılması kimi təkliflər çox qısa zamanda müsbət həllini tapmışdır.
Məruzə və çıxışlarda bildirildi ki, 2010-cu ilin birinci rübü və ikinci rübünün aprel ayı şəhərin sosial-iqtisadi inkişafı baxımından uğurlu olmuşdur. Əminliklə qeyd edildi ki, növbəti rüblərdə də bu müsbət dinamika qorunub saxlanacaq, nəzərdə tutulmuş bütün vəzifələr ardıcıl yerinə yetiriləcək.
{nl}
Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.