Azərbaycanla Avropa arasında əməkdaşlığın böyük potensiala malik olması ermənipərəst dairələri ciddi narahat edir

Çox təəssüf ki, bəzi qüvvələrin səyi ilə bu əməkdaşlığı mürəkkəbləşdirə biləcək sənədlər ortaya çıxır
Konkret olaraq "Avropa" adlı bir qurum yoxdur və Azərbaycana qarşı ikili standartlara rəvac verən qüvvənin dəqiq ünvanı məlum deyil. Ancaq o məlumdur ki, ikili standartlar günün reallığıdır və bu haqsızlığın başında duran qüvvələr qitə miqyaslı bütün təşkilatlarda özünə yuva salmış erməni lobbisinin çaldığı havaların ahəngindən çıxa bilmir. Hətta, bəzi hallarda erməni lobbisinin başçıları bu adamlara bilavasitə öz çaldıqları havanı diqtə edirlər. Belə olmasaydı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayan Azərbaycana qarşı haqsız və ədalətsiz iradlar ortaya çıxmazdı.
Təxminən on gün idi ki, regionun aparıcı kütləvi informasiya vasitələri Avropa Parlamentinin prezidenti Yerji Buzekin Qafqaz ölkələrinə səfər edəcəyi, mayın 20-21-də Azərbaycanda olacağı barədə məlumatlara böyük yer verirdilər. Bir çox ekspertlər belə fikir söyləyirdilər ki, cənab Buzekin regiona səfəri zamanı Avropa ilə əməkdaşlığa böyük önəm verən Azərbaycanda gördüyü reallıqlar qurum rəhbərini məmnun edəcək. Çünki bütövlükdə parlamenti gülləbaran edilmiş Ermənistandan fərqli olaraq Azərbaycanda Avropa dəyərlərinə çox böyük önəm verilir. Azərbaycan Avropa qurumları ilə əməkdaşlıq çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıllıqla və prinsipiallıqla yerinə yetirib və bu fakt əski qitədə böyük məmnunluqla qarşılanır. Ancaq cənab Buzekin regiona səfəri ərəfəsində Azərbaycan-Avropa əməkdaşlığının intensivləşməsindən xoflanan bəzi qüvvələr bu əməkdaşlığa əngəl törətmək, münasibətləri mürəkkəbləşdirmək üçün çox çirkin bir addım atdılar.
Söhbət Avropa Parlamentinin mayın 12-də keçirilmiş plenar iclasında qəbul edilən əsassız, yoxlanılmamış, həqiqəti əks etdirməyən, qərəzli və "ənənəvi" ikili standartlar çərçivəsində olan qətnamədən gedir. Qərarın müəllifləri sübut etməyə çalışırlar ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur, insanların sərbəst toplaşmaq hüquqları pozulur və sairə. Dövlətin qanunlarını kobud şəkildə pozanlara siyasi məhbus donu geydirilir, ölkə paytaxtında asayişi pozmağa cəhd edənlərin hüquq normalarına riayət etməyə çağırılması isə qanun pozuntusu kimi qiymətləndirilir. Tamamilə absurddur. Söz və mətbuat azadlığı olmayan ölkədə minlərlə mətbuat vasitəsinin fəaliyyət göstərməsi necə mümkün ola bilərdi? Bir müddət əvvəl məhz avropalı ekspertlərdən biri söyləmişdi ki, Azərbaycanda 200 ildən çox demokratiya təcrübəsi olan ölkələrdən də çox mətbuat vasitəsi vardır.
Qətnamə müəllifləri unudurlar ki, Azərbaycanın bugünkü Konstitusiyası Avropada əsas insan hüquq və azadlıqlarına ən çox yer verilən əsas qanunlardan biridir. Konstitusiyanın ölkə əhalisinə verdiyi bütün hüquqlar yüksək səviyyədə təmin edilir və dünyaya açıq ölkə kimi elan olunmuş Azərbaycandakı əcnəbilərin hamısı bu reallıqların canlı şahididir. Bəs bütün bu həqiqətlərin hamısını Avropada görür və eşidirlərsə, bu qəbildən olan qərəzli qətnamələr haradan qaynaqlanır? Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan-Avropa əməkdaşlığının yaratdığı xofdan.
Məlum məsələdir ki, müasir dünyada, əslində bütün tarix boyu belə olub, bütün ölkələr özünün istənilən imkanından məhz öz dövlətinin və xalqının mənafeyi üçün istifadə edir. Ona görə də Azərbaycanın öz neft və qaz ehtiyatlarını dünya bazarına çıxarması zamanı gənc müstəqil dövlətimizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllini önə çəkməsi tamamilə təbiidir. Ancaq mövcud olduğu bütün tarix boyu saxtakarlıq və riyakarlığı əsas meyar kimi qəbul etmiş ermənilər Azərbaycanın həmin addımlarını yolverilməz adlandırır, bu tendensiyanı əngəlləmək üçün bütün variantları məqbul sayırlar. Burada bir məsələni də xüsusilə qeyd etmək lazımdır. Türkiyəli ekspert Bilal Tuncayın qeyd etdiyi kimi ermənilərin Avropadakı fəaliyyətini şişirtmək böyük demokratiya təcrübəsi olan Avropada erməni mifi yaratmaq kimi əcaib bir işə xidmət etmiş olar. Sadəcə erməni məkri ilə Avropadakı ikiüzlülərin birləşməsi nəticəsində bu gün mövcud olan ikili standartlar yaranır. Bu isə əslində Avropanın özünə sərf etmir.
Təsadüfi deyil ki, Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bu qəbildən olan qərəzli qətnamələrin Avropanın özünə sərf etmədiyini vurğulayıb: "Belə bir yanaşma hazırda Avropa İttifaqı ilə qurduğumuz unikal münasibətlərlə heç bir şəkildə uzlaşmır və mövcud qarşılıqlı etimada zərbə vurur. "Şərq trəfdaşlığı"nın fəal iştirakçısı, Avropa Parlamenti və "Şərq tərəfdaşlığı" ölkələri parlamentlərini bir araya gətirən "Avronest" Parlament Assambleyasının təsisçiləri sırasında olan Azərbaycana münasibətdə atılmış bu addıma məntiqli izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik". Novruz Məmmədovun bu qiymətləndirməsi ikili standart müəlliflərinə xəbərdarlıqdır. Ancaq Azərbaycan rəsmisinin Avropa rəsmilərinə çağırışı da səslənir: "Əgər Qərb və Avropa doğrudan da ədalətli, xoşməramlı olduğunu sübut etməyə çalışırsa, onda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, özlərinin yaratdıqları beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirilməlidir". Çox təəssüf ki, Qərb və Avropa bu gün açıq şəkildə ayrı-seçkiliyi qəbul edir və Prezident İlham Əliyevin dediyi kimi BMT Təhlükəsizlik Şurasının Ermənistana qarşı qəbul etdiyi dörd qətnamə 20 il icrasız qaldığı halda, həmin qurumun başqa bir ölkəyə qarşı qəbul etdiyi qətnamə cəmi bir neçə saatdan sonra icra olundu.
Avropa Parlamentinin qətnaməsinə münasibət bildirən Azərbaycan rəsmilərinin hamısı ikili standartların Avropa qurumlarının özlərinin nüfuzuna xələl gətirdiyini söyləyirlər. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov adıçəkilən qətnamə barədə fikir söyləyərkən deyib: "-İki gün bundan əvvəl ATƏT-in mətbuat üzrə komissarı ilə birlikdə biz Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətini müzakirə etmişik və gəldiyimiz ümumi qənaət odur ki, bu sahədə vəziyyət qənaətbəxşdir və hakimiyyətin atdığı addımlar da vəziyyətin yaxşılaşmasına xidmət edir. Qətnamədə öz əksini tapan insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, yaxud siyasi fikrinə görə hansısa gənclərin təqiblərə məruz qalması isə heç bir əsası olmayan, subyektiv mülahizələrdir".
Ancaq təkcə dövlət rəsmiləri deyil, Azərbaycan cəmiyyətini təmsil edən bütün insanlar Avropa Parlamentinin bu qərəzli qətnaməsinə ciddi şəkildə etiraz edirlər. Yeni Azərbaycan Partiyasının bu bədnam qətnamə ilə bağlı verdiyi bəyanatda qeyd edilir ki, qətnamənin qəbul edilməsi qurumun ikili standartlar mövqeyindən və Avropa İttifaqı ilə Azərbaycan arasında geniş əməkdaşlıq imkanlarının ötəri maraqlara qurban vermək istəyindən xəbər verir. Bu qəbildən olan bəyanatlar Milli Məclisdə və ölkənin aparıcı kütləvi informasiya vasitələrində də dönə-dönə səsləndirilir. Hamının fikri eynidir ki, ermənipərəst qüvvələrin bu qərəzli mövqeyi Azərbaycan-Avropa əməkdaşlığına ciddi əngəl törədə bilməz. Onlar sadəcə ürək bulandırmaqla məşğuldurlar.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında