"Şəfəq-Asiman" strukturunda seysmik işlərə başlanılır

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) "Şəfəq-Asiman" perspektiv strukturunda aparılacaq 3D seysmik tədqiqat işlərinə həsr olunmuş təqdimat keçirilib.
Şirkətdən "APA-ECONOMICS"-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Şəfəq-Asiman" perspektiv strukturu barədə ətraflı məlumat verərək xatırladıb ki, mayın 6-da Milli Məclis Bp şirkəti ilə ARDNŞ arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişi ratifikasiya edib.
"Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat-kilometr ərazini əhatə edir. Blok dənizin dərinsulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir. Azərbaycan geofizikləri strukturda 2D seysmik tədqiqat işlərini hələ 1961-ci ildə aparıb, burada karbohidrogen ehtiyatının mövcudluğunu aşkar ediblər. Cari ilin mayında isə "Bp-Azərbaycan" şirkəti ilə "Caspian Geophysical" şirkəti arasında həmin blokda 3D seysmik tədqiqat işlərinin aparılması barədə müqavilə imzalanıb. Hazırda seysmik işləri həyata keçirəcək "Gilavar" gəmisinin Azərbaycana gətirilməsi gözlənilir. Gəminin cari ilin iyununda Xəzər sularına gətiriləcəyi nəzərdə tutulub.
"Bp-Azərbaycan" şirkətinin kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Reyli qeyd edib ki, Bp və ARDNŞ-ın birgə layihəsi olan bu seysmik işlər nəticəsində strukturun yuxarı qatlarının vəziyyəti dəqiqləşdiriləcək, struktur axtarış qazmasına hazırlanacaq. Seysmik işlərin 2011-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir. Hazırda müvafiq qurumlarla icazənin alınmasına dair danışıqlar aparılır.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, "Gilavar" gəmisi vasitəsilə "Şəfəq-Asiman"dan sonra "Babək" və "Ümid" perspektiv strukturlarında da 3D seysmik işlərinin aparılması nəzərdə tutulur. Bu seysmik işlərin aparılması nəticəsində Cənubi Xəzər hövzəsinin perspektivliyi öyrəniləcək, onun geoloji quruluşu barədə daha geniş məlumatın əldə olunmasına imkan yaranacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında