Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri mətbuat konfransı keçirmişdir

Mayın 13-də Baş nazirin müavini - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirmişdir.
Baş nazirin müavini qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermiş, Azərbaycan Respublikası Prezidentinin indiyədək bununla bağlı üç Sərəncam imzaladığını diqqətə çatdırmışdır.
Ə.Həsənov Prezident İlham Əliyevin imzaladığı 2004-cü il 1 iyul tarixli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və həmin Proqrama edilmiş əlavələrin uğurla icra olunduğunu bildirmişdir. Komitə sədri məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamından irəli gələn məsələlər barədə də ətraflı məlumat vermişdir.
Ə.Həsənov bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.
Ə.Həsənov bu günədək qaçqın və məcburi köçkünlər üçün 3,7 milyard manat vəsait xərcləndiyini, bunun 2,1 milyard manatı dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsait olduğunu diqqətə çatdırmışdır.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün işlərin sürətlə aparıldığını deyən Ə.Həsənov, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 evin istismara veriləcəyini bildirmişdir.
Hazırda Goranboy rayonundakı beşmərtəbəli doqquz binanın tikinti işləri bu il başa çatacaqdır. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcək və Naftalan sanatoriyası tam boşaldılacaqdır. Yaxın günlərdə Mingəçevirdə də doqquzmərtəbəli 10 binanın tikintisinə başlanacaqdır.
Komitə sədri son zamanlar bəzi qəzetlərdə Ermənistan qaçqınlarının sənədlərinin guya komitə tərəfindən yandırıldığı barədə yayılan yanlış məlumatlara da aydınlıq gətirərək qeyd etmişdir ki, Ermənistandan olan qaçqınların hamısının sənədlərinin əsli özlərində saxlanılır və heç bir sənədin yanmağından söhbət gedə bilməz. Əli Həsənov bu məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət ediləcəyini də bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında