Azərbaycanın siyasi partiyaları ATƏT PA-nın sədrinə Dağlıq Qarabağla bağlı narahatlıqlarını bildiriblər

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ATƏT PA-nın sədri Petros Eftimiu ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıqlarını bildiriblər. "Trend" İnformasiya Agentliyinin məlumatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.
"Görüşdə əsas etibarilə siyasi partiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Hesab edirəm ki, bu, tamamilə qanuna uyğundur. Çünki Minsk qrupu ATƏT çərçivəsində fəaliyyət göstərir. Təəssüf hissi ilə demək lazımdır ki, uzun müddət keçməsinə baxmayaraq Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində səmərəli fəaliyyət göstərə bilməyib", - Əhmədov deyib.
Əli Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyətində ATƏT-ə və onun Minsk qrupuna ciddi əsaslara söykənən tənqidi fikir mövcuddur. Bütün bunlar ATƏT PA sədrinin diqqətinə çatdırılıb: "Biz Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin mövqelərini ifadə etməklə bütövlükdə Azərbaycan cəmiyyətinin bu məsələyə yanaşmasını ATƏT-in rəsmi dairələrinə çatdıra biləcəyik. Görüşdə digər məsələlər ətrafında ayrı-ayrı siyasi təşkilatların fikirləri səsləndirildi. Kifayət qədər səmərəli bir görüş oldu. Belə görüşlər Azərbaycanda bu vaxta qədər çox olub və yəqin ki, bundan sonra da olacaq. Mən bu görüşlərin əhəmiyyətini tamamilə heçə endirmək istəmirəm. Münaqişənin nizama salınması üçün bu cür görüşlərin əhəmiyyəti var. Əlbəttə, münaqişənin həll olunması kontekstində də belə görüşlərin faydası var. Ədalətli sülhün əldə olunması nöqteyi-nəzərindən bu görüşləri faydalı hesab edirəm, amma belə görüşlərin səmərəsi artırılmalıdır. Biz istəyirik ki, bu görüşlər sadəcə fikir mübadiləsi çərçivəsindən kənara çıxmayan görüşlərə çevrilməsin. Bu fikirlər də ATƏT PA-nın rəsmisinin diqqətinə çatdırıldı".
Ə. Əhmədov deyib ki, görüş zamanı Azərbaycanda demokratiyanın vəziyyəti də müzakirə olunub:
"Azərbaycanda demokratiya sahəsində ciddi addımlar atılıb. Azərbaycanda demokratik təsisatlar mövcuddur, demokratik dəyərlər təsbit olunub. Azərbaycan bu istiqamətdə irəliyə gedir və bundan sonra da istər ATƏT-in qurumları ilə, istərsə də digər təşkilatların qurumları ilə Azərbaycanın bu sahədə əməkdaşlığı davam edəcək. Biz Azərbaycanın demokratikləşməsinə bir proses kimi baxırıq və hesab edirəm ki, bu proses kifayət qədər uğurla gedir. Digər partiyalar da öz fikirlərini ATƏT PA sədrinin diqqətinə çatdırdılar. Mən hesab edirəm ki, ATƏT PA-nın sədri Azərbaycanla bağlı kifayət qədər informasiyalara malikdir. Azərbaycanın inkişafı göz qabağındadır. Məsələlərə obyektiv yanaşmaq meylini hiss etdim. Güman edirəm ki, ATƏT PA sədrinin Azərbaycanda keçirdiyi görüşlər ölkə haqqında daha əsaslı və obyektiv fikrin formalaşmasına kömək edəcək".
Görüşdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, VHP sədri Sabir Rüstəmxanlı, BQP sədri Fazil Qəzənfəroğlu, AVP sədri Fəzail Ağamalı, ALP sədri Əvəz Temirxan, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və başqaları iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında