Tarix bizi ulu öndər Heydər Əliyevin dünyasını dəyişdiyi gündən nə qədər uzaqlaşdırsa da bu əbədiyaşar siyasət nəhənginin ölməz ideyaları müstəqillik yolumuzu daha gur işıqlandırır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi uzaqgörən, dünya səviyyəli bir lideri olmuşdur. Heydər Əliyev şəxsiyyəti sahilləri görünməyən ümmana bənzəyən, hələ tam öyrənilməmiş bir dünyadır. Müdrik dövlət xadimi kimi ən çətin, mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdə optimal çıxış yolu tapmaq bacarığı Tanrının ona bəxş etdiyi qeyri-adi bir töhfə idi.
Ulu öndərin Azərbaycan xalqı qarşısındakı xidmətləri sayagəlməzdir. Amma Azərbaycanın müstəqillik yoluna çıxmasında, müstəqilliyimizin möhkəmləndirilməsində bu böyük şəxsiyyətin rolu əvəzsizdir. Azərbaycanı dağılmaq təhlükəsindən xilas edib müstəqilliyin hamar yoluna çıxması üçün Heydər Əliyev kimi güclü, mətin, uzaqgörən siyasətçi lazım idi.
Doğrudan da, ulu öndər güclü, tarixi proseslərdən müdrikcəsinə baş çıxarmağı bacaran bir şəxsiyyət idi. O, ədaləti hər şeydən üstün tutan dövlətçi idi. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var idi. "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə"- deyən ulu öndər dövlətçi olmağın ilkin şərtini məhz ədalətli olmaqda görürdü. Bəşəriyyət antik dövrdən bu yana ədalətli dövlət axtarışındadır. Heydər Əliyev fenomeni bu axtarışların fonunda daha əzəmətli görünür.
Heydər Əliyev elə bir dövlətçilik modeli yaratdı ki, bu model Azərbaycanın bütün tarixi keçmişini bərpa etdi, Azərbaycanın bu gününü yaşadır, onun sabahını da yaşadacaqdır. Ulu öndər zamanla ayaqlaşan, onu hətta qabaqlayan siyasətçilər kateqoriyasına aiddir. Bu gün Azərbaycanın sovet dövrü tarixini, bu dövrdəki inkişafını araşdıran politoloqlar belə qənaətə gəlir ki, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi və SSRİ Nazirlər Sovetində məsul vəzifədə çalışdığı dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamış və müstəqilliyimizin əldə olunmasında böyük və əvəzolunmaz xidmətlər göstərmişdir.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycana yeni siyasi mühit gətirdi. Müstəqilliyimizin möhkəmlənməsi üçün bütün zəruri tədbirləri həyata keçirdi. Ulu öndər hakimiyyətə gəldiyi ilk vaxtlar deyirdi: "Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaq".Ulu öndər gələcəyi çox aydın görürdü. Bu siyasət xadiminin bütün proqnozları günbəgün, ilbəil reallaşmaqdadır.
Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Vətənə, xalqa misilsiz xidmət nümunəsidir. Ona görə də bu xalq onu sevirdi, onun siyasətini daim dəstəkləyirdi. Bu görkəmli lider yarım əsrdən çox bir vaxtda qüdrətli, azad, demokratik Azərbaycan uğrunda şərəfli bir mücadilə aparıb. Hələ hakimiyyətdə olduğu dövrdə varlığı qədər sevdiyi xalqına "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" nidası ilə xitab edən müdrik siyasətçi Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni əsirgəmirdi. Bütöv ömrünü gerçəkdən də xalqına həsr etdi. Azərbaycanın müstəqil dövlətini qurdu. Elə bir dövlət ki, orada müstəqillik, sivilizasiya, demokratiya və dünyaya davamlı inteqrasiya artıq bərqərar olmuşdur.
Ulu öndər Azərbaycanda elə bir dövlətçilik modeli yaratdı ki, bu model Azərbaycanın bütün tarixi keçmişini bərpa etdi, bu model Azərbaycanın bu gününü yaşadır, gələcəyi üçün zəmin hazırlayır. Heydər Əliyev yolu Azərbaycanın milli intibah yoludur.
Əbədi liderimizin bir kəlamını xatırlatmaq istərdim. O, deyirdi ki, xalqa, millətə, dövlətə rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun. Bu ifadənin fonunda ulu öndərimiz nə qədər əzəmətli görünür. Doğrudan da, öz xalqı üçün monolit bir abidə yaratmışdır. Bu abidənin adı müstəqil Azərbaycandır. Ona görə də ümummilli liderimizin hər bir azərbaycanlının qəlbində yaşamaq haqqı var. Bu mənəvi haqqı ona Azərbaycanımızın xoşbəxt taleyi qazandırmışdır.
Heydər Əliyev əzəmətli bioqrafiyası və möhtəşəm taleyi olan nadir bir şəxsiyyət, tam mənada siyasi avtoritet, ictimai və tarixi bir fenomen idi. Belə fenomenal siyasi bioqrafiya hər kəsə nəsib olmur. Ulu öndərin taleyinin möhtəşəmliyi bunda idi ki, o, bütün mənalı həyatını xalqına həsr etmişdi. Bu, xalqı naminə bənzərsiz fədakarlıq nümunəsi idi. O, düz yarım əsr ərzində bir tarix yaratdı... Azərbaycan xalqının tarixini... Heydər Əliyev, sözün əsil mənasında, tarix yaradan əzəmətli bir dahi idi. Belə şəxsiyyətlərin həyatı isə adətən bütöv bir xalqın taleyinə dönür.
Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, ümumiyyətlə bütün bəşəriyyətin yetişdirdiyi nadir tarixi şəxsiyyətlər arasında özünə görkəmli yer tutur.
Bu böyük şəxsiyyətin fenomenini sözlə səciyyələndirmək, onun fəaliyyətinin coğrafi konturlarını müəyyənləşdirmək çox çətindir. Çünki Heydər Əliyev şəxsiyyəti subyektiv ölçülərə, bütövlükdə zamana sığmır. Bu, mübaliğəsiz qəbul olunan məsələdir: Heydər Əliyev çağdaş tariximizə Azərbaycan dövlətinin rəmzi, millətin xarakterinin, varlığının daşıyıcısı, millət atası kimi düşüb. O, çiyinlərində bir xalqın varlığını, bütün keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider idi. Heydər Əliyevi hakimiyyətə xalq gətirmişdi, xalq onda öz gücünü, enerjisini, yaşayıb yaratmaq, mübarizə aparmaq, yeni dövlət və cəmiyyət yaratmaq əzmini, ümid, pənah yerini görürdü.
Heydər Əliyevin mükəmməl insan, fenomenal lider olmasını, onun xalqın rəhbəri kimi bir qərinəlik fəaliyyətinin istənilən mərhələsində görmək olar. Hansı yüksək postda işləməsindən asılı olmayaraq xalqın arasında idi, sadə adamlarla görüşlərindəki səmimiliyi, mehribançılığı ona xalqın məhəbbətini daha da artırırdı.
Mən bu görüşlərdən bir çoxunun şahidi olmuşam. Həmişə də hiss etmişəm ki, xalq onu necə böyük məhəbbətlə sevirdi.1969-cu ildən mən bu müdrik dövlət xadiminin bütün çıxışlarını kəlmə-kəlmə izləyir, mətbuatda oxuyurdum. Beləliklə mənim püxtələşməyimdə, kamilləşməyimdə onların çox böyük rolu olmuşdur.
Qeyd etdik ki, Heydər Əliyev dünya miqyaslı siyasətçi idi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Qafqazın sabitliyinin qarantı idi. Adamlar düşünürdülər ki, Heydər Əliyev olan yerdə müharibə, hərc-mərclik olmayacaq. Belə də oldu.
Regionda Heydər Əliyevin rolunu yüksək qiymətləndirir, onu zəmanənin görkəmli dövlət xadimi adlandırırdılar. Çünki Heydər Əliyev, doğrudan da, təkcə Azərbaycanı yox, bütün postsovet məkanını idarə etməyə qadir olan heyrətamiz lider idi. Bu həqiqəti bütün əcnəbi və yerli ictimai-siyasi xadimlər, dövlət adamları, ziyalılar, politoloqlar, jurnalistlər yaxşı anlayır və qiymətləndirir. Təsadüfi deyil ki, Heydər Əliyev dünyanın rəğbət bəslədiyi və öyrənməyə səy göstərdiyi fenomenə çevrilib. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin bu sözlərini diqqətə çatdırmaq istərdim: "Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri idi. Heydər Əliyevə daha uzun müddət ehtiyac olacaq. Heydər Əliyev, sadəcə öz ölkəsinə, millətinə, xalqına yox, eyni zamanda, bütün türk dünyasına xidmət göstərib. O, mətanətli, dəyərli lider idi".
Dünyanın məşhur siyasət xadimləri, dövlət xadimləri Heydər Əliyevə yüksək qiymət vermişlər.Bütün bunların əsasında Heydər Əliyevin müdrik zəkası, uzaqgörənliyi, xalqına hədsiz məhəbbəti dururdu. Ümummilli lider son nəfəsinə qədər xalqını düşündü, onun uğrunda ömrünü şam kimi əritdi və polad iradə sahibi olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.
Bu gün hamının, hətta siyasi opponentlərin də qəbul etdiyi bir həqiqət var - Heydər Əliyev, hər şeydən əvvəl, ən böyük azərbaycanlı idi. Öz xalqını, millətini bütün varlığı qədər sevən azərbaycanlı.Ulu öndərin tarixi xidmətlərindən biri də o oldu ki, özündən sonra Azərbaycanın taleyini etibarlı əllərə tapşırdı. Bu gün Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev ulu öndərin siyasi xəttinə həmişə sadiq olduğunu bildirir.
Azərbaycan bu gün çox böyük sürətlə inkişaf edir, regionda lider dövlətə çevrilib. İndi Azərbaycanla hesablaşır, dünyanın nüfuzlu beynəlxalq təşkilatları öz hesabatlarında Azərbaycanı islahatçı dövlət elan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, ulu öndərin ideyaları ölməzdir və bu ideyalar Azərbaycanı xoşbəxt gələcəyə aparır.
{nl}
Məhəbbət QARABAĞLI
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.