Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov XX əsr Azərbaycan tarixində görkəmli şəxsiyyətlər sırasında özünəməxsus yer tutur. Böyük Vətən müharibəsi illərindən başlayaraq şanlı döyüş yolu keçmiş, sonda Berlində qələbə bayramını qarşılayan Z.Bünyadov döyüşlərdə göstərdiyi şücaətə görə bir çox orden və medallara layiq görülmüşdü.
İki cəbhənin qəhrəmanı olan Ziya Bünyadovun həyatının odlu-alovlu müharibə illərini, sonralar tarix elmi sahəsində böyük zəhmət hesabına etdiyi kəşfləri tam və dolğun təsəvvür etmək üçün onun ömür səhifələrini vərəqləmək lazımdır.
Ziya Bünyadov 1921-ci il dekabrın 21-də Astara şəhərində Musa Mövsüm oğlu Bünyadovla Raisa Mixaylovna Qusakovanın ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsinin veteranı olan atası ərəb və fars dilləri üzrə tərcüməçi işləyib. O, hərbi xidmətdə olduğundan ailəsi mütəmadi olaraq müxtəlif şəhərlərə köçürdü. Orta məktəbi Göyçay şəhərində bitirən Ziya Bakı Hərbi Piyadalar Məktəbinə daxil olmaq üçün sənədlərində yaşını iki il artırmış və beləliklə, o, 1939-cu ildə hərbi məktəbə daxil ola bilmişdi. 1941-ci ildə həmin məktəbi bitirən leytenant Ziya Bünyadov təyinatla cəbhəyə yollanır. Şimali Qafqaz, Ukrayna, Makedoniya və Belarusiya ərazilərinin faşistlərdən azad edilməsində qəhrəmanlıqla vuruşaraq komandirlərin rəğbətini qazanır. Qanlı döyüşlərdə o, iki dəfə yaralanır və kontuziya alır.
Pilitsa qəhrəmanı
Günlərin birində diviziya komandiri olan generalın yanına çağırılan Bünyadova cərimə batalyonunda kəşfiyyatçılar rotasına başçılıq etmək təklif olunur. Gənc zabit razılığını bildirir.
... 1945-ci ilin şaxtalı yanvar səhəri idi. Şiddətli külək əsir, qar döyüşçülərin üzünə çırpılırdı. Tutqun səhərdə, güclü top atəşindən sonra I Belorus cəbhəsinin qoşunları eyni vaxtda iki əməliyyat meydanında - Maqnuşevsk və Pulevsk istiqamətində hücuma keçdi. Sovet əsgərləri böyük itkilərə baxmayaraq, ardı-arası kəsilmədən hücum edirdilər. Ən təhlükəli yerlərdə Ziya Bünyadov şəxsi nümunə göstərərək mərdliyi ilə döyüşçülərini də ruhlandırırdı. Güllə ehtiyatının qurtardığını görən rota komandiri döyüşçülərini əlbəyaxa vuruşa qaldırdı. Cəsur rotanın həmləsinə davam gətirməyən hitlerçilər geri çəkilməyə məcbur oldular. Günün axırında əsgərlərimiz almanların müdafiə xəttini yararaq, Pilitsa çayını keçib 12 kilometr irəlilədilər. Kapitan Z.Bünyadovun əlahiddə kəşfiyyat rotası su səddini birinci keçənlərdən oldu. Onların ardınca topçuların köməyindən istifadə edən piyadalar Pilitsa çayını dəf edərək, qəfil zərbə ilə mühüm strateji əhəmiyyəti olan minalaşdırılmış körpünü salamat ələ keçirdilər.
Kapitan Ziya Bünyadovun rotasının qəhrəmanlığı sayəsində qoşunlarımız düşmənin dörd piyada diviziyasının mühasirəyə alınmasına və onların ciddi tələfata uğradılmasına nail oldu. Həmin döyüşdə xeyli düşmən əsir alındı, texnika və hərbi sursat ələ keçirildi.
Z.Bünyadov xatirələrində qeyd edir ki, bu şiddətli vuruşda 670 sovet döyüşçüsündən yalnız 47-si çağ qaldı. Göründüyü kimi, qorxubilməz gənc azərbaycanlı zabit güllə yağışının altından salamat çıxmağı bacarmışdı. Bir aydan sonra fevralın 27-də həmin döyüşdə göstərdiyi misilsiz igidliyə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Tədricən onda əsl kəşfiyyatçıya məxsus keyfiyyətlər yaranmışdı. "Krasnaya Zvezda" qəzeti onun haqqında belə yazmışdı: "Pələng kimi zirək və tədbirli kəşfiyyatçı olan Bünyadov ən mürəkkəb və ağlasığmaz şəraitdə düzgün mövqe seçməklə düşmənin canlı qüvvəsi, döyüş texnikası və dislokasiyası barədə dəqiq məlumat çatdırmağı bacarırdı. Bu keyfiyyətlərinə və ədəbi erudisiyasına görə o, batalyonda böyük hörmət qazanmışdı.
Çox vaxt təhlükəli döyüş sahələrinə Z.Bünyadovun komandiri olduğu 123-cü cərimə rotasını göndərirdilər. Çünki ona inanırdılar. Amma, nəzərə almaq lazımdır ki, rotada müxtəlif xətalara görə cəza almış əsgərlər qulluq edirdi və belə adamları əmrə tabe etmək olduqca çətin idi. Buna baxmayaraq, Ziya Bünyadov şəxsi şücaəti və əzmkarlığı sayəsində onların hörmətini qazanmışdı. Yalnız belə olan halda onlarla döyüş əməliyyatı keçirmək olardı. Həmin rota şəhərləri, körpüləri və canlı insanları xilas edirdi. Əlbəttə, böyük itkilər də olurdu. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müharibə illərində Sovet ordusunda mövcud olan cərimə batalyonlarındakı zabitlərdən yalnız ikisi - Ziya Bünyadov və Sezar Kunikov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
... Növbəti döyüşlərin birində hər iki tərəf silahsız qalmışdı. Yaralı halda xəndəyə yıxılmış Ziyanın üstünə bir faşist atılır. Əlbəyaxa savaş başlayır. Sonralar Bünyadov həmin hadisəni belə xatırlayacaq: "Boyda mənimlə bərabər olan alman, həm də yaşca böyük və cüssəli idi. Hər ikimizdə qarşılıqlı nifrət hissi, bir də ki, - yaşamaq və qalib gəlmək istəyi var idi. Mən onun güclü qollarından azad olmağa çalışırdım. Çəkmənin içindəki bıçaq mənə əlavə güc verirdi. Var-qüvvəmlə, dişlərimlə faşistin qulağından yapışdım. O, qışqıraraq əllərini məndən çəkdi. Fürsət tapıb bıçağı əlimə aldım. Sonra qəzəb hissi ilə ona güclü zərbə vurdum. Həmin anda mən də huşumu itirdim. Gözlərimi açanda hospitalda idim. İlk dəqiqələrdə harada olduğumu anlaya bilmədim. Yavaş-yavaş özümə gəldim. Hiss etdim ki, ağzımda nə isə var. Dişlərimdə yığılmış qan toplusu ilə qarışıq faşistin qulağını yerə tüpürdüm".
Z.Bünyadov bu dəfə də ölümə qalib gəldi. Digər bir döyüşdə isə Ziya Bünyadov cəbhə xətti boyunca irəliləyərək polkun bayrağını mühasirədən çıxarmışdı. Hərbi rəhbərlik cəsur azərbaycanlı zabitin Vətənin müdafiəsində dəfələrlə fərqləndiyinə görə onu müxtəlif mükafatlara layiq görmüşdü.
İkinci cəbhənin qəhrəmanı
Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə də şücaət göstərdiyi üçün artıq mayor rütbəsi almış Z.Bünyadov müharibə qurtarandan sonra Almaniya paytaxtının Pankov rayonunun komendant köməkçisi təyin edilir. O, şəhərin təsərrüfat və mədəni həyatının bərpa olunmasında fəal iştirak etdiyinə görə Almaniyanın "Vaffenbruderşaft" və "Artur Bekker" medallarına layiq görüldü. Bir müddətdən sonra sinəsində Sovet İttifaqı Qəhrəmanının Qızıl Ulduzunu gəzdirən 23 yaşlı azərbaycanlı zabit ordu sıralarından tərxis olunaraq, həyatını tarix elminin öyrənilməsində və tədqiqinə həsr etməyi qərara alır.
Z.Bünyadov N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutuna daxil olur, 1950-ci ildə isə orada, aspiranturada təhsilini davam etdirir. Ərəb ölkələrinin tarixi üzrə ixtisaslaşan Ziya vaxtının və gününün çox hissəsinin həmin fənlərin öyrənilməsinə sərf edirdi. Demək lazımdır ki, burada da onun bəxti gətirmişdi. Bu yolda onun köməkçisi bütün varlığını elmə həsr edən, hətta ən tənbəl tələbəni belə elmi axtarışlara cəlb edə bilən pedaqoq, professor Yevgeni Aleksandroviç Belyayev olub. Dünyaca məşhur olan alim İslamın və Quranın mükəmməl bilicisi idi. Z.Bünyadovun alim kimi yetişməsində müdrik və qayğıkeş müəllim, gözəl şərqşünas Belyayevin böyük rolu olmuşdu. Professor ilk gündən tələbəsinin istedadını, əsl tədqiqatçı ehtirasını və əzmkarlığını görə bilmişdi. Bundan əlavə, professoru valeh edən Ziyanın ərəb və rus dillərini mükəmməl bilməsi idi. Sonralar o, paralel olaraq ingilis, alman və italyan dillərini, habelə Efiopiyada yayılmış amxar dilini də yaxşı mənimsəmişdi.
Xarici dilləri yaxşı bilməsi Ziyaya imkan verdi ki, II kurs imtahanlarını ekstern yolu ilə verib, I kursdan birbaşa III kursa keçsin.
Qeyd edək ki, Qızıl Ulduz nişanını gəzdirən tələbə Z.Bünyadov böyük nüfuz və hörmət sahibi idi. Tələbə yoldaşları onun xətrini çox istəyirdi, qızlar isə onun vurğunu idilər. Digər tələbələrdən fərqli olaraq, daha artıq təqaüd alan Ziya həmişə səxavət göstərərək onlarla bölüşərdi. Bünyadov özünün gələcək ömür-gün yoldaşı - Tahirə xanımla Moskvada tanış olmuşdu. O da Ziyanın təhsil aldığı institutda, ancaq türk dili üzrə ixtisaslaşırdı.
İllər ötəndən sonra Tahirə xanım Moskvada yaşadığı qayğılı günlərini, tələbə yataqxanasındakı sadə məişət şəraitini qələmə aldığı "Ziya mənim taleyimdir" adlı kitabında ətraflı təsvir etmişdi.
Şərqşünaslıq İnstitutunda Ziya ilə bərabər gələcəyin yazıçısı Yulian Semyenov da oxuyurdu. Müsahibələrinin birində o demişdi ki, bir dəfə Sovet İttifaqı Qəhrəmanı Z.Bünyadov onu müdafiə edərək, ədalətsiz cəzaya məruz qalmasına imkan verməmişdi. Əhvalat belə olmuşdu: Yaxın qohumuna böhtan damğası vurulan Yulianı institutdan xaric etmək istəmişdilər. Yalnız Ziyanın hadisəyə qarışmasından sonra məsələ müsbət həllini tapmışdı. Bir müddətdən sonra isə qohumu da bəraət qazanmışdı. Bax, belə! Həmin hadisədən sonra onlar uzun illər dostluq etmişdilər. 1954-cü ildə Z.Bünyadov professor Y.Belyayevin rəhbərliyi ilə "İtaliya imperializmi Afrikada" mövzusunda namizədlik dissertasiyası müdafiə edir və həmin ildə də Bakıya qayıdır. Əvvəlcə EA-nın Tarix İnstitutunda baş elmi işçi, 1964-cü ildən isə Yaxın və Orta Şərq Xalqları institutunda şöbə müdiri, sonra isə direktor vəzifəsində işləyir.
Bir neçə ildən sonra Ziya Bünyadov doktorluq dissertasiyası müdafiə edərək professor adını alır, daha sonra akademik seçilir. Və nəhayət, Elmlər Akademiyasının vitse-prezidenti olur. Z.Bünyadov İttifaq miqyasında tanınan şərqşünas alim hesab edilirdi. O, müharibə qəhrəmanı olmaqla bərabər, əsl elm adamı idi. Z,Bünyadovun yorulmadan, tükənməz enerji ilə apardığı tədqiqatlar nəticəsində yazdığı kitablar ona dünya şöhrəti gətirdi. Dünyanın tanınmış alimləri tərəfindən onun əsərlərinə verilən yüksək qiymətli rəylər, söylədikləri dəyərli fikirlər akademik Ziya Bünyadovun beynəlxalq səviyyəli ziyalı olmasını sübut edir.
Z.Bünyadovun tədqiqatlarının əhatə dairəsini Azərbaycan və qonşu dövlətlərin orta əsrləri təşkil edir. Müxtəlif ölkələrin muzey və arxivlərində günlərlə apardığı araşdırmalar, bir-birinə zidd olan qədim əlyazmaların yoxlanılması və nəticədə Babək, Nizami və onların müasirləri, həmçinin yaşadıqları dövr haqqında obyektiv informasiyanın ərsəyə gətirilməsi üçün akademikin çəkdiyi zəhməti təsəvvür etmək çətindir. Onun əsərləri İraq, Türkiyə, Fransa və digər ölkələrdə nəşr olunmuşdur. Moskvada "Xarəzmaşahlar dövləti" (1965), Əbu Xəyyan Əndalusi və Füzuliyə aid monoqrafiyaları, habelə Ən Nəvainin "Sultan Cəlaləddin Mənkburninin həyatının təsviri" (1971), Əbdürrəşid Bakuvinin "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" (1970) əsərlərini ərəb dilindən rus dilinə tərcümə etmişdir. O, ərəb dilini mükəmməl bildiyinə görə müqəddəs "Qurani-Kərimi" akademik V.Məmmədəliyevlə birlikdə Azərbaycan dilinə tərcümə edib, xalqına bəxş etmişdir. Ziya müəllim yeganə tarixçi azərbaycanlı alimdir ki, Moskvada üçcildlik seçilmiş əsərləri ayrıca nəşr olunub.
Qeyd edək ki, Sultan Cəlaləddin Mənkburninin şəxsiyyəti Bünyadova güclü təsir göstərmişdi. O vaxtlar Özbəkistanda onun adına qadağa qoyulmasına baxmayaraq, azərbaycanlı alim Sultanın obrazını yenidən canlandırmış, bununla da o, həm özbək ziyalılarının, həm də bütövlükdə xalqın sevgi və hörmətini qazanmışdı. Alimə olan hörmətin əlaməti kimi özbəklər Ziya Bünyadovu Urgenc şəhərinin fəxri vətəndaşı seçmişlər. Daşkənd şəhərində isə əfsanəvi qəhrəman Sultan Cəlaləddinin möhtəşəm abidəsini ucaltmışlar.
Z.Bünyadov "Azərbaycan VII-XIII əsrlərdə" və "Atabəylər dövləti" kimi sanballı əsərlər yazıb. O, "Atabəylər dövləti" əsərinə görə Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. Z.Bünyadov şərqşüqaslıq elminin inkişafında göstərdiyi xidmətlərə görə "İstiqlal" ordeni ilə təltif olunub. O, zəhmətkeş alim olmaqla bərabər, həmişə tələbə və həmkarlarına qayğı ilə yanaşmış, onlara lazım olan köməyini əsirgəməmişdi.
Ermənilər Z.Bünyadova sui-qəsd hazırlamışdılar
1989-cu ilin sentyabrında Ziya Bünyadov İranda şah rejimi devriləndən sonra sovet alimlərindən birinci olaraq qonşu ölkəyə dəvət edilib. O vaxt İran İslam Respublikasında Quranın ilk dəfə şərhini vermiş Məhəmməd ibn Cərir Təbərinin 1100 illiyinə həsr olunmuş beynəlxalq seminar keçirilməli idi. Bünyadov bəzi səbəblərdən İrana təyyarə ilə deyil, "Moskva - Tehran" qatarı ilə getməli olur. Gecə vaxtı qatar Məzənd şəhərində dayanır. Vaqona daxil olan ortayaşlı bir kişi Ziya müəllimə qatardan düşüb, avtomobilə minməyi təklif edir. O, əvvəlcə bu təklifə etiraz etsə də, sonra razılaşır. "Toyota" markalı polis maşınının sürücüsü təbrizli Cəlal bəylə yola çıxan Ziya Bünyadov xeyli getdikdən sonra qarşı tərəfdən sürətlə irəliləyən "Refrijerator" gözlənilmədən polis maşınına çırpılır. Güclü zərbədən "Toyota" üç dəfə aşaraq çarxları üstə dayanır. Bu dəfə də ölüm Ziyadan yan keçdi. "Təcili yardım" maşını ayağından yüngülcə yaralanmış Ziya müəllimi və Cəlal Təbrizini xəstəxanaya çatdırdı. Sonra palatada Ziya sürücüdən öyrəndi ki, həmin "Refrijerator"un sükanı arxasında oturan erməni imiş. Bir də, əlavə olaraq dedi ki, onun İrana gələcəyini oradakı ermənilər qabaqcadan bilirdilər.
Həmin gün iynə vurmağa hazırlaşan həkimdən Ziya soruşdu: "Hayes?" ("Sən ermənisən?") müsbət cavab alandan sonra o, iynədən imtina etdi və həkimin ona yaxınlaşmasına qadağa qoydu.
Qarabağın müdafiəsində Bünyadov ön cərgədə idi
Ermənistan-Azərbaycan münaqişəsi başlanandan Ziya Bünyadov ermənilərin ərazi iddialarının əsassız olduğunu elmi sənədlərlə sübut etmişdi. Bu da onun Vətən uğrunda, Qarabağ uğrunda növbəti savaşı idi. Z.Bünyadov heç zaman ədalətsizliklə barışa bilməzdi. O, həmişə çətin və ağır gündə xalqın yanında olub. Azadlıq meydanındakı alovlu çıxışları və qələmi ilə həmişə, hər yerdə Azərbaycan xalqının haqq işini müdafiə edib. Tarixi çox gözəl bilən, mətin iradəli, güclü əqidəli müdrik alim Z.Bünyadov separatist daşnak ermənilərə, onların havadarları olan ağlını itirmiş akademik Saxarov, vicdanını pula satan Nuykin, Batkin, Zubov kimi yazarlara və Staravoytova riyakar kimi deputata qarşı fiziki və mənəvi gücünü sərf edərək yorulmadan mübarizə aparmışdır. Ziya müəllimin publisistikası həmin illərdə erməni uydurma və böhtanına qarşı bir silah idi.
Demək lazımdır ki, Ziya Bünyadov bütün dövrlərdə ictimai işlərdə də fəal çalışırdı. O, SSRİ-nin Ərəb Ölkələri ilə Dostluq Cəmiyyətinin vitse-prezidenti və Ümumittifaq İnqilab və Döyüş Şöhrəti Yürüşü Azərbaycan qərargahının rəisi olub.
1997-ci il fevralın 21-də akademik Ziya Bünyadovun həyatına qəsd edildi. O, muzdlu, alçaq qatillər tərəfindən evinin astanasında faciəli şəkildə həlak oldu.
Həmişə ön cərgədə, mübariz döyüşçü, fədakar insan, əsl vətəndaş və qəhrəman olan Ziya Bünyadovun xatirəsi xalqın qəlbində əbədi yaşayacaq.
{nl}
Həsən TAĞIYEV, əmək veteranı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.