Şriftin ölçüsü:
13.05.2011 01:58 | Oxunma sayı: 532
Azərbaycanda səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç mayın 12-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovla görüşmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qonağa məlumat vermiş, Azərbaycan polisinin 90-cı illərin sonlarından başlayaraq insan hüquq və azadlıqlarının önə çəkildiyi, beynəlxalq ekspertlərin iştirakı ilə işlənib hazırlanmış və qəbul olunmuş yeni qanunlar əsasında fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
ATƏT ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığa dair məlumat verilmişdir. Qeyd olunmuşdur ki, təşkilatın Bakı Ofisinin yarandığı 1999-cu ildən etibarən DİN digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması məqsədi ilə tədbirlər görülmüşdür. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr reallaşdırılmışdır. Respublikada və xarici dövlətlərdə təşkil olunan təlim və seminarlarda iştirak etmiş əməkdaşlarımız əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiqində işləri davam etdirirlər.
Hazırda ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 4 istiqamətdə - insan alverinə qarşı mübarizə, ictimai toplaşmaların idarə olunması, korrupsiyaya qarşı mübarizə sahələrində və "Cəmiyyət dəstəkli polis" layihələri həyata keçirilməkdədir. Bu layihələrin hər biri polisin fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. Ümumiyyətlə ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak etmişdir.
Qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verilmişdir.
Daxili işlər naziri qeyd etmişdir ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir. Hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı daxili işlər orqanlarında (DİO) xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Bu da bir reallıqdır ki, uzun müddət totalitar rejimin mövcud olduğu şəraitdə fəaliyyət göstərmiş mürəkkəb strukturlu, çoxminli kollektivi olan bir dövlət qurumunu qısa zaman kəsiyində Avropa və dünyanın qabaqcıl ölkələrindəki ən müasir standartlar səviyyəsinə qaldırmaq o qədər də asan deyildir. Daxili İşlər Nazirliyi buna tədricən nail olmaqla yanaşı, hər cür neqativ təzahürlərə qarşı mübarizəni əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Bildirilmişdir ki, təkcə son 3 ildə və bu ilin birinci rübündə vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 773 əməkdaş cəzalandırılmışdır. Onlardan 12-si cinayət məsuliyyətinə cəlb olunmuş, 50 nəfər DİO-dan xaric edilmiş, 68 nəfər tutduğu vəzifədən azad olunmuşdur.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Dunya Miyatoviç bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirmişdir. Polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini xüsusi qeyd etmiş, bu istiqamətdə polis orqanları tərəfindən həyata keçirilən tədbirlərdən razı qaldığını bildirmişdir. O demişdir ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları və problemləri vardır. Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.