Azərbaycan-Fransa əlaqələri yüksələn xətlə inkişaf edir

Bakıda səfərdə olan Fransa Milli Assambleyasının deputatları mayın 10-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşlər. 
Milli Məclisin sədri Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün fransalı deputatların Bakıya səfərini ölkələrimiz arasındakı dostluq münasibətlərinin parlaq nümunəsi kimi qiymətləndirmişdir.
O.Əsədov demişdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan çox çətin problemlərlə üzləşmişdir. Lakin xalqın təkidli xahişi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanılmış, möhkəmlənmiş və inkişaf strategiyası müəyyən olunmuşdur. Bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəlmişdir.
Azərbaycan-Fransa münasibətlərinin inkişafından danışan O.Əsədov demişdir ki, rəsmi Bakı əlaqələrimizin genişlənməsində maraqlıdır. Bunu ulu öndərin, eləcə də Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk xarici səfərlərini Fransaya etmələri sübuta yetirir.
Dövlətlərimiz arasındakı əlaqələrin inkişafında parlamentlərimiz də mühüm rol oynayır. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva seçilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu günlərdə Fransada Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmiş və Mehriban xanım Əliyeva bu tədbirlərdə iştirak etmişdir. İnanırıq ki, bu cür tədbirlərin təşkili, qarşılıqlı səfərlər əlaqələrimizin inkişafında yeni mərhələ açacaq, münasibətlərimiz daha da genişlənəcək və inkişaf edəcəkdir.
Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əlaqələrin də inkişaf etdiyini vurğulamış, fransalı iş adamlarının, tanınmış şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə yatırmalarını xüsusi qeyd etmişdir.
Ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Fransa tərəfinə təşəkkürlərini çatdırmışdır. Milli Məclisin sədri ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın münaqişənin həllində səylərini artıracağına ümidvar olduğunu bildirmişdir.
Fransa Milli Assambleyasının müdafiə komissiyası sədrinin müavini Mişel Vuazen onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, bu cür tədbirlərdə iştirakdan məmnun qaldıqlarını bildirmişdir. Azərbaycana dəfələrlə gəldiyini vurğulayan qonaq hər səfərdə Bakıda sürətli inkişafın şahidi olduğunu bildirmişdir. O demişdir ki, isti münasibətlərimiz təkcə parlamentlərimiz arasında deyil, bütövlükdə Fransa ilə Azərbaycan arasında möhkəmlənir və inkişaf edir.
Mişel Vuazen bundan sonra da Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına çalışacaqlarını bildirmişdir.
Söhbətdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin sayının artırılması, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Assambleyanın xarici işlər komissiyasının üzvü Jan-Pol Düpre, hüquq komissiyasının üzvü Kristian Vannest, maliyyə məsələləri komissiyasının üzvü Jan-Fransua Mansel iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında