Şriftin ölçüsü:
08.05.2011 02:42 | Oxunma sayı: 559
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibəti ilə Səbail rayonunda genişmiqyaslı tədbirlərin təşkili və keçirilməsi nəzərdə tutulmuşdur. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş tədbirlər planına uyğun olaraq rayonda hər həftə abadlıq işləri ilə bağlı iməciliklər keçirilir, yeni ağac və gül kolları əkilir.
Rayonda görülən işlər çərçivəsində sosial yönümlü layihələrin həyata keçirilməsinə ciddi fikir verilir. Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olduqdan sonra bu qəsəbədə 880 şagird yerlik yeni orta məktəb və 120 yerlik uşaq bağçasının tikintisi ilə bağlı sərəncam vermişdir. Artıq sərəncamın icrası ilə bağlı müvafiq işlər görülür, tikiləcək obyektlərin layihələri hazırlanır. "Abad həyət» layihəsi müvəffəqiyyətlə davam etdirilir, Bayıl yaşayış sahəsindəki Qafur Məmmədov adına parkda əsaslı təmir işləri başa çatdırılmaq üzrədir.
Səbail Rayon İcra Hakimiyyəti öz gündəlik fəaliyyətində rayondakı məktəbəqədər və orta təhsil müəssisələrinin işini diqqət və qayğı ilə əhatə etmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Üzeyir Hacıbəyov küçəsində yerləşən 39 saylı uşaq bağçasında əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirin əvvəlində qonaqlar bağça və buradakı aparılan təmir işlərinin yekunu ilə tanış olmuşlar. Tanışlıq zamanı qeyd olunmuşdur ki, bağça 1959-cu ildən fəaliyyət göstərir, burada 3 qrupda 60 uşaq vardır ki, onların tərbiyəsi ilə 20 nəfər müəllim və texniki işçi məşğul olur. Keçən il 22 uşaq orta məktəbin I sinfinə yola salınmışdır.
İstismara verilən gündən indiyədək burada heç bir təmir işləri aparılmadığından bağçada çox çətin vəziyyət yaranmışdı. Bir neçə ay əvvəl burada Səbail Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir işlərinə başlanmış və qısa müddət ərzində xeyli iş görülmüşdür. 300 kvadratmetr ümumi sahəsi olan bağçanın bütün dərs və təsərrüfat otaqları, köməkçi sahələri əsaslı təmir olunmuş, yeni işıqlandırma sistemi qurulmuş, qapı və pəncərələri, giriş qapısı yeniləri ilə əvəz olunmuş, döşəməsi təzələnmiş, divarlar rənglənmiş, ən əsası isə burada yeni istilik sistemi quraşdırılaraq mərkəzi istilik sisteminə qoşulmuşdur. Bağçanın su və kanalizasiya sistemi də yenidən qurulmuş, sanitariya qovşağı və mətbəx təmir olunmuşdur. Dəhlizlərdə yeni şkaflar quraşdırılmış, uşaqların istirahəti və idmanla məşğul olmaları üçün əyləncə qurğuları, müxtəlif oyuncaqlar və yeni mebel alınmışdır. Bağçanın giriş hissəsi və dəhlizdə müasir tərtibat işləri görülmüş, stendlər təzələnmişdir.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində istifadləyə verilmiş bağçada tərbiyə alan uşaqları, bağçanın kollektivini və valideynləri təbrik etmişdır. A.Əsgərov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, bağçanın pedaqoji kollektivinə uğurlar arzulamışdır.
Bağça kollektivi adından çıxış edən təcrübəli pedaqoq, 20 ildən artıq 39 saylı uşaq bağçasına rəhbərlik edən Rəhilə Məmmədova burada aparılan təmir işləri və yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Sonda bağçada tərbiyə alan uşaqlar şeir, mahnı, rəqs və səhnəciklərlə qonaqlar qarşısında çıxış etmişlər.
{nl}
Ə.BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.