Dahi rəhbər Heydər Əliyev haqqında yeni oratoriya

Ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyəti və böyük həyat yolu artıq sayı-hesabı bilinməyən müxtəlif həcmli və janrlı sənət əsərlərində əks olunmuş, mütəmadi olaraq bu sıraya çoxlu şeirlər, nəğmələr, musiqi lövhələri, rəssamlıq nümunələri, heykəltəraşlıq kompozisiyaları əlavə edilməkdədir. 
Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə töhfə kimi həmin çoxsaylı sənət əsərləri cərgəsinə daha bir dəyərli musiqi incisi əlavə edilmişdir. Tanınmış bəstəkar Oqtay Rəcəbov sözlərini Rafael Hüseynovun yazdığı 6 hissədən ibarət oratoriya bəstələmişdir. Bu monumental əsər müasir Azərbaycan musiqisində ən əhəmiyyətli hadisələrdən sayıla bilər.
Oratoriya Azərbaycan bəstəkarlığında az işlənmiş musiqi formalarındandır. Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov və daha bir neçə görkəmli bəstəkarımızın oratoriyalarından sonra Azərbaycan musiqisində çoxdan bəri dünya bəstəkarlığında xüsusi sanbalı ilə seçilən bu janra müraciət edilmirdi. Ona görə də O.Rəcəbovun "Heydər oratoriyası" həm qüdrətli millət və dövlət rəhbərinə həsr edilən irihəcmli əsər, həm də oratoriyanın musiqimizdə yeni gözəl örnəyi kimi diqqəti cəlb edir.
Artıq yeni əsər Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin, xorun və solistlərin ifasında lentə alınmışdır. Bu günlərdə isə "Heydər oratoriyası"nın klaviri işıq üzü görmüşdür.
"Heydər oratoriyası"ndakı şeirlərin müəllifi Rafael Hüseynov AzərTAc-ın müxbiri ilə söhbətində əsərin məzmunu ilə əlaqədar bildirmişdir: "Gözəl bəstəkarımız Oqtay Rəcəbovun ciddi yaradıcılıq uğurlarından olan bu oratoriya ümummilli liderimiz Heydər Əliyevin siyasi təlatümlərin tüğyan etdiyi 1990-cı illərdə hakimiyyətə dönüşünün unudulmaz anlarını canlandıran "Bahar kimi qayıtdın" adlı müqəddimə ilə başlayır. Ulu öndəri bir şəxsiyyət kimi səciyyələndirən əsas cəhət onun başladığı hər işə qəlbən bağlanması, fədakarlığı idi. O, həm dövlət işlərində, həm də həyatda belə olmuşdur.
Ulu öndər Heydər Əliyevin öz həyat yoldaşı, nəcib insan və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevaya tükənməz və ibrətamiz sevgisindən bəhs edən "Vəfa dərsi" adlı hissə oratoriyanın ən təsirli parçalarındandır.
Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti uzun və zəngin bir yol, oxunduqca oxunası, öyrəndikcə öyrəniləsi kitabdır. Oratoriyanın "Sədaqət dərsi" adlı 3-cü hissəsi dinləyicini dahi şəxsiyyətin hər soydaşa bir mayak ola biləcək ömür yoluna səyahətə səsləyir.
Türkiyə və Azərbaycanın tarixi dostluğu və qardaşlığı, bir millət, iki dövlət olan qoşa doğma ölkənin məhz XX əsrdə iki böyük liderin sayəsində ən möhtəşəm zəfərlər qazanması oratoriyanın "Türkiyə ilə Azərbaycan, Atatürklə Ata Heydər" adlı əzəmətli parçasında əks olunmuşdur. Oratoriyanın istər "Qəmli vokaliz", istərsə də "Ulu öndər" adlı bölmələri yüksək emosional təsir gücünə malikdir".
"Heydər oratoriyası"nın ən təqdirəlayiq məziyyətlərindən biri də bundan ibarətdir ki, əsərdə sözlə musiqinin dərin vəhdəti əvvəldən sonadək müşahidə edilməkdədir. Belə uğurlu ahəngdarlığa nail olmağın mühüm səbəbi Oqtay Rəcəbovla Rafael Hüseynovun bundan əvvəl də bir çox müştərək əsərlər, o cümlədən ulu öndər, bayrağımız, Vətənimiz haqqında mahnı və romanslar silsilələri yaratmalıdır. "Heydər oratoriyası" uzun illərdən bəri davam edən həmin səmərəli əməkdaşlığın ən yüksək nəticələrindən biri kimi dəyərləndirilməyə layiqdir.
"Heydər oratoriyası"nın klaviri "Mütərcim" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən nəşr edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında