Mayın 6-da Azərbaycan Respublikası Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərasim iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.
Mərasimdə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi olaraq diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı və qüdrətli yeni Azərbaycan yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndərin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış, xalqımızı müstəqillik uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almış, dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.
Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilmişdir. Xalqın itirilmiş inamı özünə qayıtmış, gələcəyə olan ümidləri artmış, Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Qısa müddətdə dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulmuş, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilmişdir. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmışdır. Əmin-amanlıq şəraiti formalaşdırılmış, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmış, kriminogen durum sabitləşdirilmişdir.
Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanmışdır. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilmişdir. İrimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, geniş özəlləşdirmə proqramının icrasına başlanmışdır. Uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınmış, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmış, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılmışdır. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan, memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulmuşdur. Hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmış, qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.
Natiq diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.
Z.Qaralov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq olunmasının əhəmiyyətini qeyd etmişdir. O, xüsusi vurğulamışdır ki, ölkə rəhbərinin yeritdiyi dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın, ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmışdır. Bənzəri olmayan iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası prosesləri sürətlənmiş, milli maraqlarımıza uyğun olan möhtəşəm iqtisadi layihələrin reallaşdırılması təmin edilmişdir.
Çıxışının sonunda Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin etmişdir ki, sivil və demokratik məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi onun ideyalarına sadiqdir və bütün səylərini bu ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Mərasimin sonunda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış, ümummilli liderin xatirəsinə həsr olunmuş "Vətənə, xalqa həsr edilən ömür" adlı film nümayiş etdirilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.