Şriftin ölçüsü:
07.05.2011 01:35 | Oxunma sayı: 411
Mayın 6-da Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə Şuşa şəhərinin işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov 9 May - Qələbə bayramı münasibətilə deputatları və Azərbaycan xalqını təbrik etmişdir.
Sədr demişdir ki, tezliklə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixində Dağlıq Qarabağın azad olunması ilə əlaqədar qələbə gününü qeyd edəcəyik.
Parlamentin rəhbəri ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O bildirmişdir ki, ulu öndər Heydər Əliyevin səyi nəticəsində qısa müddətdə Azərbaycan böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyət onun məhz ulu öndərin zəhmətinin bəhrəsidir. Əminəm ki, ulu öndərin yaratdığı müasir Azərbaycan dövləti bundan sonra da yaşayacaq və inkişaf edəcəkdir.
Daha sonra cari məsələlər müzakirə olunmuşdur.
Deputatların qaldırdıqları məsələlərə münasibət bildirən Oqtay Əsədov demişdir ki, bu günlərdə Milli Məclis yeni bir beynəlxalq parlament təşkilatının üzvü olub.
Bu məsələ barədə məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirmişdir ki, mayın 2-3-də parlament nümayəndə heyəti Brüsseldə səfərdə olmuşdur. Məqsəd Avronest Parlament Assambleyasının təsis yığıncağında iştirak etmək idi. Avronest Parlament Assambleyasının yaradılmasının əsas təşəbbüskarlarından biri Avropa İttifaqıdır. İclasda, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın keçmiş sovet respublikaları kimi bu prosesə cəlb olunmaları və bu ölkələrdə baş verən proseslərin Avropa İttifaqı ilə əlaqələndirilməsi, onlara lazımi məsələlərdə yardımın göstərilməsi, onların problemlərinin müzakirə çıxarılması barədə qərar qəbul edilmişdir. Mayın 3-də Avropa İttifaqının himayəsi ilə hər 5 dövlət tərəfindən təsis sənədi imzalanmış, 4 komitə yaradılmışdır. Milli Məclisin deputatları Elxan Süleymanov büro üzvü, Fuad Muradov komitə sədri, Asim Mollazadə və Azay Quliyev isə müxtəlif komitələrdə sədr müavinləri seçilmişlər. Səfər çərçivəsində nümayəndə heyətimiz Avropa Parlamentinin prezidenti Yerzi Buzeklə görüşmüş, Azərbaycanın inkişafı, Qərbə inteqrasiyası və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, onun suallarını cavablandırmışdır.
Sonra iclasda "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı təkrar səsvermə keçirilmiş və qanun səs çoxluğu ilə qəbul olunmuşdur.
Qanunda ombudsmanın əmək haqqının 1800 manata qədər artırılması nəzərdə tutulmuşdur.
İclasda həmçinin, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı Konstitusiya qanunun layihəsi də müzakirə olunmuşdur. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, təklif olunan dəyişikliklər ölkəmizdə aparılan məhkəmə hüquq islahatları ilə bağlıdır. Naxçıvan MR-in ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin yaradılması ilə əlaqədar muxtar respublikanın Konstitusiyasında bir sıra dəyişikliklərə ehtiyac vardır.
Deputatlar bu dəyişikliklərin əhəmiyyətini nəzərə alaraq layihəni təsdiq etmişlər.
İclasda iki neft sazişi də təsdiqlənmişdir.
Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Sazişin, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri barədə məlumat vermişdir. Bildirilmişdir ki, hər iki saziş Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Bu, həm də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının tərkib hissəsidir. Diqqətə çatdırıldı ki, bu layihələrin həyata keçirilməsində iştirak edəcək işçilərin böyük əksəriyyətini azərbaycanlılar təşkil edəcəklər.
Sonra hər iki saziş səsə qoyularaq təsdiqlənmişdir.
Axşam iclasında deputatlar "Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun qəbul etmişlər. Müzakirələr zamanı deputatlar bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, problemlərinin həlli, yeni infrastrukturun yaradılması daim dövlət başçısının diqqət mərkəzindədir. Bu dəyişikliklər də dövlət başçısının həyata keçirdiyi daxili sosial-iqtisadi siyasətin tərkib hissəsidir.
Sonda qanun layihəsi səs çoxluğu ilə qəbul olunmuşdur.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi də bu iclasda ikinci oxunuşda qəbul edilmişdir. Bildirilmişdir ki, Gömrük Məcəlləsi Avropa İttifaqının standartlarına cavab verən bir sənəddir. Layihədə gömrük sistemi ilə bağlı bütün məqamlar kifayət qədər beynəlxalq tələblərə cavab verir və hazırda qüvvədə olan məcəllə ilə müqayisədə xeyli genişlənmişdir.
Müzakirələr zamanı deputatlar yeni Gömrük Məcəlləsi layihəsinin xarici təcrübənin nəzərə alınmaqla hazırlandığını, onun qəbulunun Azərbaycanın iqtisadi inkişafına yeni töhfə verəcəyini vurğulamışlar.
Sonra layihə ikinci oxunuşda qəbul olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.