Boris Tadiç: Serbiya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəkləyir

Serbiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu mayın 4-də bu ölkənin Prezidenti Boris Tadiç qəbul etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Serbiya Prezidenti 2010-cu il mayın 12-13-də Azərbaycana rəsmi səfərini xatırlayaraq, səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etmiş, dövlətimizin başçısına böyük hörmət və ehtiram bəslədiyini, Prezident İlham Əliyev ilə dost və mehriban münasibətlərdə olduğunu vurğulamışdır.
Boris Tadiç Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulamış, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.
Serbiya-Azərbaycan iqtisadi əməkdaşlığına toxunan Boris Tadiç demişdir ki, son bir ildə bu əlaqələrdə canlanmanın olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmir. Yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşür.
Ölkəmizin mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən Serbiya Prezidenti vurğulamışdır ki, Azərbaycan özünün xarici siyasətində, həmçinin enerji sahəsində balanslı siyasət yeridir. Serbiya bu sahədə Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
E.Məmmədyarov Serbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırmışdır. Nazir Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, demokratik islahatlar barədə ətraflı məlumat vermişdir. Ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğulamışdır.
Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək 20 faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini qeyd etmişdir. E.Məmmədyarov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə də ətraflı məlumat vermişdir. O, münaqişənin sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində ədalətli həll olunmasının vacibliyini bildirmişdir.
Azərbaycan-Serbiya münasibətlərinə toxunan E.Məmmədyarov son illərdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə baxmayaraq, bu sahədə əlaqələrin mövcud potensialdan aşağı olduğunu qeyd etmişdir. Nazir əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında