"Şərur" yarımstansiyası istifadəyə verilmişdir

Mayın 4-də "Şərur" yarımstansiyası istifadəyə verilmişdir. 
Bu münasibətlə keçirilən mərasimdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov yarımstansiyanın texniki göstəriciləri və işləmə mexanizmi barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir: Yeni yarımstansiyanın istifadəyə verilməsi nəticəsində Şərur rayonunda 15234, Sədərək rayonunda isə 1700 abonent keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqdır. 1959-cu ildə tikilən "Şərur" yarımstansiyası bugünkü tələbata cavab vermədiyi üçün yarımstansiyanın yenidən qurulması zərurətə çevrilmişdi.
Ali Məclisin sədri "Şərur" yarımstansiyasının ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində istifadəyə verildiyini bildirmiş, bu münasibətlə kollektivi və istifadəçiləri təbrik edərək demişdir: Ölkələr özünün enerji və ərzaq təhlükəsizliyi məsələlərinə ciddi diqqət yetirirlər. Azərbaycan da belə ölkələrdən biridir. Ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin elektrik enerjisi ilə təminatı ön plana çıxarılmış, bu məsələ daim diqqət mərkəzində saxlanılmış və böyük nəticələr əldə olunmuşdur. Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, qəbul etdiyi proqramlar əsasında ölkədə modul elektrik stansiyaları, su elektrik stansiyaları və digər bərpa olunan enerji stansiyaları qurularaq əhalinin istifadəsinə verilir. Muxtar respublikamızda da belə tədbirlər həyata keçirilir. Qısa müddət ərzində 87 meqavatlıq modul elektrik stansiyası, 20 meqavatlıq Biləv su elektrik stansiyası, 4,4 meqavatlıq Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası tikilmiş, gücü 60 meqavat olan qaz-turbin elektrik stansiyası müasirləşdirilərək istifadəyə verilmişdir. Hazırda 20 meqavatlıq Arpaçay su elektrik stansiyasının tikintisi davam etdirilir, qısa müddət ərzində isə Ordubad rayonunda Araz çayı üzərində 36 meqavat gücündə stansiyanın tikintisinə başlanılacaqdır. Bunlar muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən tədbirlərdir. Muxtar respublikanın digər rayonlarında da istismar müddətini başa vurmuş yarımstansiyalarda yeniləşmə işləri davam etdiriləcəkdir. Naxçıvan Muxtar Respublikasında orta hesabla 50 meqavata yaxın elektrik enerjisi istifadə olunur. Bunun 12,6 faizi itkiyə gedir. Şərur rayonunda ötən 4 ay ərzində istifadə olunan 16 milyon kilovatsaat elektrik enerjisinin təqribən 970 min kilovat/saatı, yəni 6 faizi itkiyə getmişdir. Bu da 58 min manata yaxın vəsait deməkdir. "Şərur" yarımstansiyasının qurulmasına 1 milyon 100 min manata yaxın dövlət vəsaiti sərf edilmişdir. Yeni yarımstansiyanın istifadəyə verilməsindən sonra itkilər əvvəlki qaydada davam edərsə görülən işlərin heç bir bəhrəsi olmayacaqdır. Əminik ki, energetika sistemində belə tədbirlərin davam etdirilməsi nəticəsində muxtar respublikada enerji itkisi standartlar səviyyəsinə endiriləcəkdir. Enerji itkisinin azaldılması imkan verəcəkdir ki, digər yeni avadanlıqlar alınıb quraşdırılsın, muxtar respublikada sabit, keyfiyyətli elektrik enerjisi ilə təminat həyata keçirilsin. Bunlar qarşıda duran vəzifələrdir.
Qeyd edək ki, yeni tikilmiş 110/35/10 kilovoltluq yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, idarəetmə, mühafizə və avtomatika aparatlarının yerləşdirilməsi üçün bina inşa edilmiş, 3 eleqaz açarı, 6 ayırıcı, ölçü transformatorları, boşaldıcılar, hər birinin gücü 25 meqavoltamper olan 2 ədəd transformator quraşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında