Yeni kitablar. Tarixşünaslığa məlum olmayan yeni faktlar üzə çıxdı

Azərbaycan əsgəri VƏTƏNİN suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət Bayrağına and içir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Hər bir xalqın milli-vətənpərvərlik hisslərinin formalaşmasında onun qəbul etdiyi rəmzlərin, simvolların əhəmiyyəti böyükdür. Çox vaxt adət-ənənələrlə, xalqın keçdiyi tarixi yolla sıx bağlı olan bu simvollar baş verən mühüm hadisələrlə bilavasitə əlaqədə olmuş, dövrün, dövlətin, hadisələrin ən önəmli əlamətlərini özündə əks etdirmişdir. Mühüm tarixi abidə olan ənənəvi simvollar dövlətin yaranması ilə onun rəmzlərinə çevrilir, bütün təsviri, emosional və psixoloji vasitələr kompleksi ilə insanın ağıl və hisslərinə ideoloji təsir vəzifəsini yerinə yetirir, cəmiyyətin həyatında baş verən bu və ya başqa hadisələri nəinki əks etdirir, eləcə də onların açılmasına yardım göstərir. Azərbaycanın əsas dövlət rəmzlərindən olan bayraq və gerb yaradılarkən məhz belə prinsiplər rəhbər tutulmuş, dövlətin digər rəmzləri təsis edildikdə isə ilk növbədə dövlət bayrağının və dövlət gerbinin əsas elementləri nəzərə alınmışdır.
Bəşər mədəniyyətinin ən qədim mərkəzlərindən olan Azərbaycan ta qədimdən zaman-zaman yaxının-uzağın iddiasına məruz qalmış, nəhayət, XXI yüzilliyin astanasında öz müqəddəs amalına - dövlət müstəqilliyinə yetişmişdir. Ağır itkilər bahasına əldə olunmuş müstəqilliyimizin qorunması, bu gün, dövlətimizin yürütdüyü müdrik siyasət və el oğullarımızın ululardan onlara miras qalmış şücaətləri sayəsində mümkün olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək "Azərbaycan Respublikası öz torpaqlarını qorumaq üçün böyük potensiala malikdir. Onun ən böyük potensialı - bizim vətəndaşların öz Vətənlərinə olan sədaqəti və məhəbbətidir. Bu hisslər xalqımızın tarixi qəhrəmanlıq ənənələri ilə doğulmuşdur..." Bu baxımdan milli dövlətçiliyin möhkəmlənməsinə yönəldilmiş praktiki addımlarla bərabər Azərbaycan dövlətçilik rəmzləri də öyrənilib təbliğ edilməlidir. Müstəqillik və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin gedişində yaranmış və inkişaf etmiş dövlət rəmzləri vətəndaşların mənəvi və emosional tərbiyələndirilməsinin əsas mənbələrindən biridir. Azərbaycanın dövlət rəmzlərinin öyrənilməsi istər dövlətçilik ənənələrinin öyrənilməsi, istərsə də milli ənənələrin canlandırılması baxımından da vacib əhəmiyyət kəsb edir.
Sözsüz ki, bu çoxşaxəli problemin həlli rəmzlərimizin tarixini işıqlandıran elmi və elmi-kütləvi əsərlərin mövcudluğundan bilavasitə asılıdır. Tarix elmləri namizədi Səbuhi Əhmədov və Vüqar Məmmədovun "Azərbaycan Respublikasının Dövlət Bayrağı" kitabı da bu cəhətdən çox əhəmiyyətlidir.
Arxeoloji tapıntılar Azərbaycan ərazisində ştandart formalı bayraqların hələ tunc dövründə (b.e.ə. IV minillik - II minillik) istifadə edildiyini təsdiq edir. Şəmkir və Şəki rayonlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan dairəvi lövhə və başqa formalı tunc ştandartlar, çox güman ki, qəbilə başçısının və ya hökmdarın hakimiyyətinin rəmzi kimi çıxış edirdi. Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin də ekspozisiyasını bəzəyən bu növ ştandartlar, alimlərin rəyinə görə, xüsusi taxta sapa taxılırdı. Maraqlıdır ki, Azərbaycanda tapılmış ştandartların əksəriyyəti buynuzlu heyvan təsvirlidir. B.e.ə. VIII-VII əsrlərə aid Manna qalalarını təsvir edən aşşur relyeflərində də belələrinə rast gəlinir. Ehtimal edilir ki, bu dövrdə dövlətçiliyin rəmzi sayılan bu formalı ştandartlar tilsim rolunu da oynayırdılar. Mövcud ədəbiyyat və etnoqrafik materiala görə bu gün də Azərbaycanda qapı və darvazaların yuxarısına, divar və barılara və s. bərkidilən keçi və qoç buynuzları, heyvan (it, at, maral və s.) kəllələri "bəd nəzərdən, bəd qüvvələrdən" qoruyan nişanə, tilsim sayılır. Alimlər elin, obanın tilsimi sayılan bayraqlarda tayfanın hami-ruhunun yaşaması haqqında da fikir irəli sürürlər. Bayrağı əldən vermək, onun ağacını sındırmaq bəd əlamət hesab olunurdu.
Dövlətçiliyin ən önəmli əlamətlərindən olan bayraqların ta qədim dövrlərdən hərbi işdə və dövlət tədbirlərində praktiki və mənəvi əhəmiyyəti bilavasitə Azərbaycana aid müxtəlif qaynaqlardakı məlumatlarla da təsdiq olunur. Moisey Kalankatuklunun "Albanların tarixi" əsərində həm albanların, həm də ilk orta əsrlərdə onlarla döyüş meydanında qarşılaşan türklərin bayraqlarının təsvirləri vardır. Təqdim edilən material hər iki tərəfin müxtəlif rəngli, heyvan surətli, "açılmış" bayraqlara malik olduğunu, bu bayraqların həm döyüşdə, həm də dövlət əhəmiyyətli tədbirlərdə qaldırıldığı haqqında məlumat verir. Tədqiqatçıların ehtimalına görə, əjdaha və ya başqa heyvan və quş formasında olan bu cür bayraqların (ştandartların) gövdə hissəsi ipək parçadan olur, gümüşdən olan bayraq sapı isə əfsanəvi heyvanın başını əks etdirirdi. Mövcud ədəbiyyat buna bənzər bayraqların erkən orta əsr Avropasında və digər Şərq ölkələrində də geniş yayıldığını göstərir.
Bayrağın hərbi əhəmiyyətini xüsusi vurğulayan tədqiqatçılar onun döyüş meydanında oynadığı mühüm rolu da qeyd edirlər. Türk dünyasının təkraredilməz abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanında düşmən hücumunun qarşısını ala bilən Salur Qazanın qardaşının "Kafərin tuğilə sancağı (yəni bayrağı) qılıncladı"ğı və "yerə saldı"ğı göstərilir. Bu isə düşmənin məğlub edilməsi demək idi.
Bayraqların müqayisəli öyrənilməsi onların indi də erkən orta əsrlərdə olan formasını və hətta məzmununu saxladığını təsdiq edir. O vaxtlar olduğu kimi indi də onlar öz rəng müxtəlifliyi (qırğızı, yaşıl, sarı, ağ, mavi və s.) ilə seçilirlər.
Təqdim olunan kitab zəngin tarixi mənbələr (arxeoloji, yazılı, epiqrafik, illüstrativ və s.) və mövcud elmi ədəbiyyat əsasında yazılmışdır. Müəlliflər həm Azərbaycan, həm də xarici ölkələrin tədqiqatçılarının əsərlərindən yaradıcı istifadə edərək, Azərbaycanda dövlətçilik rəmzlərinin forma və mahiyyətinin inkişaf yoluna nəzər salmış, ayrı-ayrı simvolların tarixinin öyrənilməsi kimi çətin problemin kompleks tədqiqatını həyata keçirmişlər.
İşin strukturu heraldika elminin qanunları ilə şərtləndirilmişdir: müəlliflər Azərbaycanda mövcud olmuş dövlətçilik rəmzlərinin tarixini araşdırmış, daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı üzərində olan rəng və simvolların mahiyyət və mənalarını açmağa çalışmışlar. Maraqlıdır ki, tədqiqat boyunca Şərq heraldikası ilə müqayisələr aparılmış, ümummüsəlman və ümumtürk rəmz və simvolları barədə məlumatlar verilmişdir. Tarixşünaslıqda indiyədək məlum olmayan bir çox tarixi faktlar bu kitabda öz əksini tapmışdır.
Kitabı daha oxunaqlı və baxımlı edən, onun elmi əhəmiyyətini artıran üstün cəhətlərdən biri burada əksəriyyəti rəngli olan çoxsaylı fotoşəkil, rəsm, sxem və şəkillərin verilməsidir. Kitabda, həmçinin, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət rəmzləri ilə bağlı ölkədə mövcud olan normativ hüquqi aktlar, eləcə də Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamlarının tam mətnləri toplanılmışdır. Güman edirəm ki, əsər yalnız mütəxəssislər tərəfindən deyil, eləcə də geniş oxucu kütləsi və ictimaiyyət tərəfindən maraqla qarşılanacaqdır.

{nl}

Nailə VƏLİXANLI, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında