Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 may, 2011-ci il
{nl}
İkitərəfli münasibətlərə, eləcə də Azərbaycan ilə Avropa arasında əlaqələrə aid məsələlər ətrafında, o cümlədən, hamımızın üzləşdiyi problemlərin ATƏT çərçivəsində çözülməsinə dair çox səmimi söhbətimiz oldu.
{nl}
Dalya QRİBAUSKAYTE, Litva Prezidenti
Bakı, 2 may, 2011-ci il
{nl}
Azərbaycan - Litva münasibətləri ölkələrimizin dövlət müstəqilliyini bərpa etməsindən sonra yeni məcrada inkişaf etdirilsə də (Litva Azərbaycanın dövlət müstəqilliyini hələ 1991-ci il dekabrın 20-də tanımışdır) bu ölkələr arasındakı dostluq münasibətlərinin tarixi zəngindir. Çünki hər iki ölkə on illərdən bəri eyni dövlətin tərkibində olmuş, mədəni, siyasi, iqtisadi əməkdaşlığımız daim inkişaf etmişdir.
Ölkələrimiz dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, rəsmi Bakının Azərbaycanın Avropaya inteqrasiya xəttini əsas götürməsindən sonra Litvada Azərbaycana inam, Azərbaycanda isə Litvaya maraq artmışdır. Əslində bizim ölkələrimizi bir-birinə yaxınlaşdıran əsas amillər müasir dünya siyasətinin bütün ölkələrdən tələb etdiyi məsələlərdən ibarətdir. Ancaq bir neçə xüsusi məqamlar da vardır. Belə ki, Litva iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı bir-biri ilə rəqabət aparmır. Əksinə, bir-birini tamamlayır. Ona görə də Azərbaycanın biznes dairələrinin Litvaya sərmayə yatırması yüksək qiymətləndirilir. Digər xüsusi məqam isə ondan ibarətdir ki, Litvanın Avropaya daha sürətlə inteqrasiya etməsi həm bu təcrübənin öyrənilməsi baxımından, həm də bəzi məsələlərdə Litvanın dəstəyinin qazanılması baxımından bizim üçün maraqlıdır.
Dost ölkənin Prezidenti xanım Dalya Qribauskaytenin mayın 2-də Azərbaycana reallaşdırdığı ilk rəsmi səfəri də məhz yuxarıda qeyd edilən aspektlər baxımından kifayət qədər əhəmiyyətli idi. Üstəlik, Litva bu gün ATƏT-ə sədrlik edən ölkə kimi Azərbaycanın haqq səsinin Avropada daha yaxından eşidilməsi üçün mühüm addımlar ata bilər. Xanım Prezident Bakıda keçirdiyi ilk görüşdəcə bu məqamı xüsusilə vurğulayaraq qeyd etdi ki, mən bir neçə ay əvvəl Prezident İlham Əliyevdən Bakıya səfər etmək barədə dəvət alarkən artıq qərara gəlmişdim ki, Azərbaycana məhz ATƏT-ə sədrlik edən ölkənin dövlət başçısı kimi səfər edəcəyəm. Qonaq siyasətçinin həmin ifadəsinə əlavə olaraq qeyd edək ki, bu məsələ xüsusilə əhəmiyyətlidir. Çünki hansısa beynəlxalq təşkilata rəhbərlik edən ölkənin dövlət başçısının rəsmi səfəri zamanı təkcə ölkələri maraqlandıran ikitərəfli məsələlər deyil, eləcə də regional və beynəlxalq məsələlər də müzakirə edilir. Azərbaycanın isə regional və beynəlxalq məsələlərin ATƏT-ə sədrilk edən ölkənin dövlət başçısı ilə müzakirə etməsinə böyük ehtiyac vardır. Söhbət Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından gedir.
Prezident İlham Əliyev litvalı həmkarı ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda həmin məsələni xüsusilə qabartdı və konkret faktlar əsasında söylədi ki, Ermənistanın Cənubi Qafqaz regionunda yaratdığı vəziyyət təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə bölgənin bütün ölkələri üçün təhlükə mənbəyi olaraq qalır: "Təbii ki, bu gün biz regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bu məsələ, həmçinin ikitərəfli gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda ATƏT-ə sədrilk edən ölkədir. Münaqişənin həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərir. Lakin indiyə qədər praktiki nəticələr yoxdur. Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və hesabat hazırlamışdır. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları vardır".
Bütün bunları qeyd edən dövlət başçımız eyni zamanda beynəlxalq ictimaiyyətin haqq-ədaləti birdəfəlik unutmayacağına inandığını söyləyir: "Mən xanım Prezidenti danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırdım. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaqdır. Bundan sonra bölgədə sülh bərqərar oluna bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında, tezliklə həlli bütün tərəflərin marağındadır".
Azərbaycan Prezidentinin xüsusilə qabartdığı bu problemə Litva Prezidentinin münasibətini gözləyən ekspertlər xanım Dalya Qribauskaytenin ölkəmizə üç istiqamətdən dəstək verməyə hazır olduğunun şahidinə çevrildilər. Xanım Prezident dedi: "Bu məsələnin həllində Litva həm ATƏT-in, həm Avropa İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli formatda sizə bacardığı qədər kömək etməyə hazırdır".
Yeri gəlmişkən, xanım Qribauskayte Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olduqca ağır bir problem olduğunu və ölkələrə böyük itkilər gətirdiyini söyləyən növbəti Avropa rəsmisi idi: "Bu cür münaqişələr hər bir ölkəyə böyük itkilər verir. Mənəvi dəyərlərə, münasibətlərə, iqtisadiyyata çox pis təsir göstərir. Bu çətinlikləri aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun üçün sizə səbr, açıq yanaşma və əlbəttə ki, sülhsevər münasibət lazımdır. Avropa və bütün dünya istəyir ki, münaqişələr dinc yolla həll edilsin".
Dost ölkə Prezidentinin Azərbaycana rəsmi səfəri təkcə siyasi diplomatik baxımdan deyil, eləcə də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Belə ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan Azərbaycan eyni zamanda Baltik, Qara Dəniz və Xəzər dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyev yuxarıda qeyd edilən bəyanatda Azərbaycan - Avropa, eləcə də Azərbaycan - Litva əməkdaşlığının sabahı barədə nikbinlik ifadə edərək söyləmişdir: "Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub" qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır.
Bir sözlə, Azərbaycan Avropa qurumları ilə hərtərəfli əməkdaşlığı genişləndirmək üçün lazım olan bütün əsasları yaradır. Növbə Avropanındır.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.