Sifarişlər vaxtında və keyfiyyətlə yerinə yetirilir

Ölkəmizdə qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.İndi "mavi yanacağa" olan tələbatını tamamilə ödəyən Azərbaycan Respublikası, eyni zamanda, dünyanın bir sıra ölkələrinə də qaz ixracını getdikcə artırır. Bununla belə, Azərbaycanın zəngin qaz potensialı bu sahədə bir çox əlavə işlərin görülməsi,qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Təsadüfi deyil ki, son illər bu məsələni ölkənin əsas prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bununla bağlı lazımi göstəriş və tövsiyələr verir. Məlum olduğu kimi, hazırda ölkə ərazisində qazlaşdırmanın səviyyəsinin artırılması, ən ucqar yaşayış məntəqələrinin belə "mavi yanacaq"la təmin edilməsi məqsədilə vacib və təxirəsalınmaz işlər görülür.
Ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin və iqtisadiyyatın "mavi yanacağa" olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul olunmuş xüsusi proqram uğurla həyata keçirilir. Ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilmişdir. Belə ki, son bir neçə ildə "mavi yanacağın" hasilatı iki dəfə artmış, qaz təsərrüfatı infrastrukturunun tamamilə yenidən qurulması istiqamətində geniş miqyaslı işlər görülmüşdür. Qaz hasilatının artırılması məqsədilə dəniz yataqlarının yerləşdiyi ərazilərdə yeni özüllər inşa olunmuş, mövcud obyektlərdə bir sıra genişləndirmə işləri həyata keçirilmiş, əlavə qaz quyuları qazılıb istismara verilmişdir. İndi başlıca vəzifələrdən biri də qaz təsərrüfatında yığım-nəql sisteminin təkmilləşdirilməsi və "mavi yanacağın"istehlakçılara çatdırılmasını təmin etmək üçün ən müasir infrastrukturun yaradılmasından ibarətdir. Qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi üşün nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasında "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi də mühüm rol oynayır. Təkcə onu demək kifayətdir ki, son illər kollektiv tərəfindən magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının tikintisi ilə bağlı dövlət sifarişləri vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Bu yaxınlarda isə inşaatçılar ölkəmizin qaz təsərrüfatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən daha bir infrastruktur layihəsini müvəffəqiyyətlə başa çatdırmışlar. Ölkəmizin cənub bölgəsinin və Naxçıvan Muxtar Respublikasının "mavi yanacaq"la təchizatının daha etibarlı təmin edilməsi, eləcə də Azərbaycanla İran arasında bağlanmış müqaviləyə uyğun olaraq qonşu ölkəyə təbii qazın ixracı məqsədilə inşa edilmiş Astara qaz-kompressor stansiyası dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə istismara buraxılmışdır.
Məlumat üçün bildirirk ki, stansiyada ən müasir avtomat sistemləri və avadanlıqdan istifadə edilməklə buraya daxil olmuş qazın təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həmçinin ölçülməsi və "mavi yanacağın" magistral kəmərə vurulması üçün bütün zəruri işlər görülmüşdür. Bu məqsədlə obyektdə 6 ədəd müasir kompressor aqreqatı, 10 ədəd qaz və 6 ədəd hava separatoru, dörd qazsoyutma və iki susoyutma aparatı quraşdırılmış, 660 millimetrlik 2083 metr uzunluğunda boru xətti çəkilmişdir. Bundan əlavə, stansiyada iki ədəd toztutan aqreqat və eyni sayda yağ təchizatı bloku, 35 kilovoltluq transformator quraşdırılmış, inzibati və məişət binaları, mexaniki emalatxana və anbar inşa olunmuş, ərazidə abadlaşdırma işləri həyata keçirilmişdir.
Yeri gəlmişkən, "Astara qaz-kompressor stansiyasının genişləndirilməsi" layihəsinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu.Artıq uğurla reallaşdırılan ilk mərhələdə qaz mühərrikli 6 kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetrə çatdırılmışdır. Növbəti mərhələdə isə kompressor aqreqatlarının sayını 10-a çatdırılmaqla stansiyanın ümumi gücünün 5 milyon kubmetrədək artırılması nəzərdə tutulur.
Ölkənin qaz təsərrüfatında hayata keçirilən mühüm infrastruktur layihələrindən biri də Qaradağ yeraltı qazsaxlama anbarının kompressor stansiyasında aparılan yenidənqurma və genişləndirmə işləri ilə bağlıdir. "Neftqaztikinti" Trestinin 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi anbarda quyulara qaz vurulması üçün lazım olan kompressor stansiyasının tikintisi kimi mühüm bir tapşırığı da layiqincə yerinə yetirməyə müvəffəq olmuşdur. Artıq obyektin işçi komissiyası keçirilib və istismara təhvil verilməsi üçün sənədlər hazırlanır. Xatırladaq ki, inşaatçıların fədakar əməyi sayəsində Qaradağ yeraltı qazsaxlama anbarının ərazisində kompressor, operator və inzibati binaların tikintisi uğurla başa çatdırılmışdır. Burada 5 ədəd qazomotokompressor, 4 ədəd nasos quraşdırılmış, həmçinin stansiyanın normal iş rejimini təmin etmək məqsədilə digər zəruri tədbirlər hayata keçirilmişdir.
Hazırda ölkəmizin neft-kimya sənayesi kompleksində də bir sıra mühüm işlər görülür, yeni layihələr reallaşdırılır. Belə layihələrdən biri də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə "Azərkimya" İstehsalat Birliyinin Etilen-Politelin Zavodu arasındakı quru qaz və nafta kəmərlərinin tikintisi ilə bağlıdır. Xatırladaq ki, sözügedən obyektin inşasına cari ilin yanvar ayında başlanılmışdır. Obyektin birinci buraxılış kompleksinə 55,3 kilometrlik quru qaz kəmərinin tikintisi daxildir. Kəmərin çəkilişi zamanı qarşıya çıxan çoxsaylı çətinliklərə baxmayaraq, inşaatçılar iki ay yarım ərzində işi yüksək keyfiyyətlə yerinə yetirə bilmişlər. Obyektin ikinci buraxılış kompleksinə daxil olan nafta kəmərinin inşasına isə yaxın vaxtlarda başlanılacaqdır.
Göründüyü kimi, hazırda neft-qaz sənayesində həyata keçirilən mühüm infrastruktur layihələri hasilatın artırılmasına imkan yaratmaqla bərabər, ölkə iqtisadiyyatının inkişafına da mühüm töhfələr verir. Eyni zamanda, qaz təsərrüfatının infrastruktur imkanlarının artırılması əhalinin və iqtisadiyyatın "mavi yanacaql"la təminatının yaxşılaşdırılmasına, eləcə də ölkəmizin ixrac potensialının genişləndirilməsinə gətirib çıxarır. Ölkəmizin neft-qaz sənayesinə mühüm töhfələr verən 2 saylı tikinti-quraşdırma idarəsinin inşaatçıları Dövlət Neft Şirkəti və "Neftqaztikinti" Tresti rəhbərliklərinin xüsusi diqqət və qayğısından ruhlanaraq onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışır, dövlət sifariş və tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirirlər.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında