Azərbaycan və Belarusun təhlükəsizlik strukturları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Vadim Zaytsev mayın 3-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, əvvəlcə belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov Vadim Zaytsev ilə görüşmüşdür. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə əvvəlki səmərəli görüşlərini xatırladan nazir Eldar Mahmudov qonağı Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini bildirmişdir.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunmuşdur.
Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat vermişdir.
Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Vadim Zaytsev respublikamıza səfərindən xoş təəssüratlar aldığını demişdir. Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd etmişdir.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında