Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim etmişdir

Mayın 2-də Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında yeni təyin olunmuş səfiri Daşqın Şikarov etimadnaməsini Prezident Asif Əli Zərdariyə təqdim etmişdir. 
Səfirlikdən bildirmişlər ki, diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ölkəmizə səfər etmək barədə dəvətini Pakistan dövlətinin başçısına çatdırmışdır.
Səfir iki qardaş ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycanın əsas və ən önəmli tərəfdaşlarından biri olduğunu bildirmişdir. Görüşdə D.Şikarov ölkəmizdə gedən quruculuq işləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir.
Səfir Azərbaycan hökumətinin iki ölkə arasında əlaqələrin xüsusilə də, ticarət, sənaye və müdafiə sahələrini inkişaf etdirmək niyyətində olduğunu bildirmişdir. O, hər iki ölkə arasında dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Azərbaycanlı diplomat Pakistanın hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləməsinin, münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli həllinə tərəfdar olmasının və məhz bu səbəbdən Ermənistanın dövlət kimi tanımamasının ölkəmizdə yüksək qiymətləndirildiyini xüsusi vurğulamışdır.
Pakistan Prezidenti A.Ə.Zərdari Azərbaycanla ümumi tarixi, mədəni və dini əsaslara söykənən qardaşlıq münasibətlərinin gələcək inkişafında maraqlı olduğunu qeyd etmişdir. Prezident Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində, həm də işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsində respublikamızı davamlı olaraq dəstəklədiyini bildirmişdir.
Ötən il Pakistanda baş vermiş sel fəlakəti zamanı Azərbaycanın verdiyi dəstəyi unutmayacaqlarını qeyd edən Pakistan dövlətinin başçısı bunun üçün Azərbaycan xalqına, xüsusilə də Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. Dəvətə görə Prezident İlham Əliyevə minnətdar olduğunu bildirən A.Ə.Zərdari, qardaş ölkəyə səfər etməkdən məmnun olacağını ifadə etmişdir.
Rəsmi İslamabadın iki ölkə arasındakı iqtisadi əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayan Pakistan Prezidenti İslamabad-Bakı və ya Kəraçi-Bakı marşrutları üzrə uçuşların həyata keçirilməsi üçün çalışacaqlarını da diqqətə çatdırmışdır. A.Ə.Zərdari Heydər Əliyev Fondu tərəfindən Kəşmirdə inşa edilən məktəbin əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Fondun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Ölkə başçısı, həmçinin Kəşmir məsələsində Azərbaycanın daimi göstərdiyi dəstəyi və ölkəmizin İslam Konfransı Təşkilatının (İKT) təmas qrupunda bu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasını dəstəkləməsini yüksək qiymətləndirdiklərini ifadə etmişdir.
Azərbaycanlı diplomat Bakının yağlı boya ilə təsvir olunmuş mənzərəsini əks etdirən tablonu Pakistan Prezidentinə hədiyyə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında