Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binasında yenidənqurma işləri aparılmış və yeni nəsil teleradio avadanlıqları quraşdırılmışdır

Mayın 2-də inzibati binasında yenidənqurma işləri aparılmış və yeni nəsil teleradio avadanlıqları quraşdırılmış Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən komitə sədri Ramiz Qurbanov son illər Naxçıvan teleradiosunun həyatında yeni mərhələnin başlandığını bildirmişdir.
Naxçıvan Dövlət Televiziyasının İctimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Prezident təqaüdçüsü Nurəddin Babayev yaradılan nümunəvi şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov komitənin kollektivini və muxtar respublika sakinlərini təbrik edərək demişdir: "Naxçıvan televiziyasının 2003-cü ilə qədər müstəqil kanalı olmamışdır. Həmin il Naxçıvan televiziya və radiosu müstəqil kanalla əvvəlcə 4, sonra 8 saatlıq yayıma başlamış, 2005-ci ildə efir vaxtı 14 saata çatdırılmışdır. Bu gün televiziya və radionun həyatında yeni avadanlıqlarla yeni dövr başlanır. Belə tədbirlərin həyata keçirilməsi ona görə mümkün olur ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə sabitlik, iqtisadi inkişaf var, ən əsası isə, Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərir.
Televiziya cəmiyyətin maariflənməsinə xidmət edir. Ona görə də hazırlanan verilişlərdə cəmiyyətin bütün təbəqələri nəzərə alınmalı, onların maraqlarına uyğun, düşündürdücü proqramlar efirə verilməlidir. Bunun üçün isə hər cür avadanlıqlar alınıb quraşdırılmışdır. Bu gün dünyada ən müasir hesab olunan və uzun illər müasirliyini qoruyub saxlayacaq yüksək keyfiyyətli teleradio avadanlıqları kollektivin istifadəsinə verilir. Həmin avadanlıqlardan səmərəli istifadə olunması isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin üzərinə düşən mühüm vəzifələrdən biridir. Son illər televiziyada həyata keçirilən tədbirlər, hazırlanan verilişlər onu göstərir ki, televiziya və radionun bacarıqlı, işgüzar kollektivi vardır. Səy göstərilsə nəticə əldə etmək mümkündür. Əminik ki, Televiziya və Radio Verilişləri Komitəsinin kollektivi yaxşı verilişlərin hazırlanması üçün səyini əsirgəməyəcək, ölkəmizdə gedən proseslərin işıqlandırılmasında düzgün mövqe tutacaq, insanların maarifləndirilməsində fəal iştirak edəcəkdir."
Ali Məclisin sədri bu işdə kollektivə uğurlar arzulamışdır.
Sonra inzibati binaya və yeni avadanlıqlara baxış olmuşdur. Məlumat verilmişdir ki, komitənin inzibati binasında yenidənqurma işləri aparılmış, daha müasir iş və efir şəraiti yaradılmışdır. Yeni televiziya avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır.
Mərkəzi idarəetmə və efirə çıxış otağına baxış zamanı Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov avadanlıqların texniki göstəriciləri barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, burada 12 kanallı rəqəmli videomikser, 24 kanallı səs mikseri, iki dəst efirin avtomatlaşdırılması sistemi, aparıcının yazılı materialları elektron formada oxuması üçün suflyor qurğusu, loqo və titr kompyuterləri, daxil olan və efirə göndərilən siqnalların keyfiyyətinə nəzarət edən rəqəmli qurğu quraşdırılmışdır.
Ali Məclisin sədri idarəetmə düyməsini basmış, Naxçıvan televiziyası yeni avadanlıqlar vasitəsilə yayıma başlamışdır. "Naxçıvan teleradiosunun dünəni və bu günü" adlı film nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında