REGNUM informasiya agentliyinin saytında Zəfər Quliyevin "Azərbaycanın dördüncü prezidenti" sərlövhəli məqaləsi dərc edilmişdir. Müəllif bu məqalədə 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan bu günə qədər ölkəyə rəhbərlik edən dörd şəxsə siyasi qiymət verməyə cəhd göstərmişdir.
Əlbəttə, məqalədəki mülahizələr müəllifin özəl agentliyin saytında şərh olunmuş şəxsi fikirləridir və bu baxımdan həmin məqaləni, prinsip etibarilə şərh etməmək də olardı. Lakin dövlətin rəhbərləri mövzusunda məqalə ictimaiyyətin mühakiməsinə çıxarılanda vətəndaşlıq borcu bu məsələdən kənar qalmağa imkan vermir, xüsusən ona görə ki, müəllifin fikirləri onun şəxsi gündəliyində şərh edilməmişdir (buna onun tam haqqı vardır), bu fikirlər Z.Quliyevin Vətəninə o qədər də rəğbət bəsləməyən REGNUM informasiya agentliyinin internet resursunda dərc edilmişdir.
Müəllif məqaləsində Ayaz Mütəllibova kifayət qədər çox yer ayırmışdır, hərçənd onu yalnız formal mənada ilk prezident adlandırmaq olar. Mütəllibov müstəqil Azərbaycan dövlətinin başçısı vəzifəsində 3 aydan az olmuşdur (nəzərə almaq lazımdır ki, 12 müttəfiq respublika hüquqi baxımdan "suverenlik paradı"nın gedişində deyil, 1991-ci il dekabrın 26-dan, SSRİ-nin faktiki buraxıldığı gündən müstəqil dövlət olmuşdur) və bu qısa müddətdə o, Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında imzaladığı qərarın həyata keçirilməsində fəaliyyətsizliyi ilə yadda qalmışdır. Dağlıq Qarabağda artıq tammiqyaslı müharibə getdiyi, Azərbaycanın yaşayış məntəqələrinin sayının günbəgün azaldığı və müharibə qurbanlarının, qaçqınların sayının artdığı şəraitdə dövlət başçısı tərəfindən bu cür fəaliyyətsizlik və baş verən hadisələrə seyrçi münasibət cinayət idi. A.Mütəllibov ətalət üzrə süngü gücünə hakimiyyətə gətirildiyi tərəfə boylanır, lakin heç cür başa düşmürdü ki, artıq zəmanə dəyişmişdir və o, indi respublika KP MK-nın deyil, müstəqil dövlətin rəhbəridir və bu dövlətin problemlərini onun əvəzinə heç kəs həll etməyəcəkdir. Mütəllibov Qarabağın mühasirəyə alınmış kəndlərində öz vətəndaşlarının fiziki və ərzaq təhlükəsizliyini təmin etmək iqtidarında olmaması ilə tarixə düşmüşdür. Xocalının o vaxtkı meri Elman Məmmədovun jurnalist Çingiz Mustafayevə verdiyi müsahibəni unutmaq çətindir. Bu müsahibədə o demişdir ki, fevralın 13-də sonuncu vertolyot Xocalıya gəlmiş, fevralın 23-də isə o, ərzaq anbarını açmış və oradakı sonuncu un ehtiyatlarını xocalılılara, hər ailəyə 1-2 kq olmaqla paylamışdı ki, uşaqlar acından qırılmasın. Hər tərəfdən mühasirəyə alınmış bu yaşayış məntəqəsində bir ailə iki kiloqram unla nə qədər dolana bilər? Əlbəttə, Xocalının dinc sakinlərinin güllə-baranı erməni faşizminin əməlləridir, buna görə, həmin uşaq qatilləri ayrıca cavab verməlidirlər. Lakin o vaxt erməni güllələri və mərmiləri olmasaydı belə, bir-iki gündən sonra, yəni fevralın 27-28-nə qədər taleyin ümidinə buraxılmış bədbəxt xocalılılar ya acından ölməli, ya da bir tikə çörək tapmaq ümidi ilə bu şəhəri tərk etməli olacaqdılar. Halbuki həmin vaxt "prezident" Bakıda rahatca əyləşmişdi! 7,5 milyon əhalisi olan respublikada mühasirəyə alınmış şəhərin sakinləri ratsiya vasitəsilə az qala yalvara-yalvara kömək istədiyi, heç olmasa qadınları, qocaları və uşaqları şəhərdən çıxarmağı xahiş etdiyi günlərdə ikicə dənə vertolyot və bir qədər ərzaq tapılmadığını təsəvvür etmək çətindir. Məgər erməni faşizmi Xocalı hadisələrindən əvvəl Kərkicahanda, Bağanis-Ayrımda və başqa yerlərdə öz vəhşi simasını göstərməmişdimi?! Məgər aydın deyildimi ki, insan adlanmağa layiq olmayan bu cəlladlar mülki əhalini qətlə yetirməkdən çəkinməyəcəklər?! Bu şəraitdə "dövlət başçısı" təcili tədbirlər görmək əvəzinə, adəti üzrə Moskvaya tərəf boylanırdı.
Mütəllibov həm məhz onun dövründə və dövlətin rəhbəri kimi onun səhlənkarlığı üzündən Qaradağlıda, Malıbəylidə də buna oxşar faciələr baş vermiş, həm də 1992-ci il mayın 12-14-də uğursuz qiyam nəticəsində təyin edilmiş prezident seçkilərini ləğv etməklə Konstitusiyanı açıq-aşkar pozmaq qərarına gəlmiş ilk və Allaha şükür, indiyədək yeganə Prezident kimi tarixə düşmüşdür. Əslində 1990-cı ilin yanvarında onu hakimiyyətə gətirmiş şəraitin özü də qəlbində zərrə qədər vətənpərvərlik duyğusu olan hər bir azərbaycanlıda ikrah hissi doğurur. Heydər Əliyev Kremldən, SSRİ DTK-nın və SSRİ Müdafiə Nazirliyinin binalarından təqribən 10 kilometr radiusda olmasına baxmayaraq, təhlükəsizliyini riskə məruz qoyaraq cəlladların əməllərini açıq-aşkar pislədiyi bir vaxtda Mütəllibov Bakıda, öz xalqının arasında ola-ola həmin cəlladların əlindən hakimiyyəti qəbul etməyi və onlara baş əyməyi, bununla da yüzlərlə günahsız qurbanın qanını tapdalayaraq kollaborasionistə çevrilməyi üstün tutmuşdu. Nəhayət, respublikadan biabırçı şəkildə qaçandan sonra da Mütəllibov öz günahlarının sayını artırmaqda davam etmiş, konstitusion hakimiyyətə qarşı qəsdlərdə iştirak etmiş, başa düşməmişdir ki, respublikada onun sosial bazası yoxdur və Moskvadan Bakı aeroportuna gələn nüfuzlu sərnişinlərin üstünə qaldırdığı əlaltıları heç də Azərbaycan xalqı demək deyildir. Bax, bunlara görə, Mütəllibov millət qarşısında cavab verməlidir.
Əbülfəz Elçibəyin bir illik prezidentliyinə verilən qiymətlə bütövlükdə razılaşmaq olar. Elçibəyin siyasi portretini xarakterizə edən "açar sözlər" həqiqətən romantizm və siyasi diletantlıqdır. Lakin Elçibəyin siyasətinin proqnozlaşdırıla bilən olması barədə Z.Quliyevin fikri ilə razılaşmaq çətindir. Ümumiyyətlə, dövlət başçısının əhatəsində bu qədər qarışıq qüvvələrin cəmləşdiyi bir şəraitdə proqnozlaşdırılmaqdan danışmaq çətindir. Məhz Elçibəyin siyasəti dövlət başçılarının siyasətləri arasında ən az proqnozlaşdırıla bilən idi. Səbəbi də o idi ki, Elçibəy qeyri-peşəkar komandaya arxalanırdı. Elçibəyin ətrafında qatı avantüristlər, fırıldaqçılar, bəzi hallarda isə vətən xainləri az deyildi. Elə bu cür tean-building-in nəticəsidir ki, həmin dövrdə dövlətimiz uçurumun kənarına yaxınlaşmış, müəyyən məqamda isə onun tamamilə dağılması təhlükəsi yaranmışdı. Milləti labüd fəlakətdən xilas edənin və onu bugünkü güclü vəziyyətə çatdıranın kim olmasını xatırlatmağa ehtiyac yoxdur.
Bütün dövrlərdə vəziyyətin proqnozlaşdırıla bilən olmamasını və bunun nəticəsi kimi cəmiyyətdə qeyri-sabitliyi müəyyən edən lakmus kağızı bir sıra başqa amillərlə yanaşı, mühacirət hesab edilmişdir. Statistik xidmətlərin məlumatına görə, məhz AXC liderlərinin hakimiyyətdə olduğu ildə mühacirət xüsusilə geniş miqyas almış, 1994-cü ildən sonra isə əhalinin ölkədən axını durmadan azalmağa başlamışdır. İqtisadi sahədə isə vəziyyətin proqnozlaşdırıla bilən olması göstəricisi sərmayələrdir. Elçibəyin hakimiyyətdə olduğu ili sonrakı illərdə investisiyaların həcmi ilə heç müqayisə etməyə dəyməz, hərçənd mübahisə etmirik ki, o dövrdə investisiyaların olmaması çox cəhətdən onunla əlaqədar idi ki, hərbi əməliyyatlar gedir, bu isə hər bir potensial sərmayədarı qorxudurdu. Bununla belə, mühacirət mövzusuna qayıdaraq qeyd etməliyik ki, iqtisadi artımın xeyli gec başlamasına baxmayaraq, 1994-cü ildən əhalinin ölkədən axın sürətinin azalması ona dəlalət edirdi ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu ildə ölkəni tərk edənlərin çoxunu buna sövq edən təkcə iqtisadi motivlər deyil, həm də hökumətin siyasətinin açıq-aşkar proqnozlaşdırıla bilməməsi və dövlətin özünün salamat qalacağına inamsızlıq idi. Gənc dövlətin, özü də xarici təcavüzkarla müharibə şəraitində, ölkənin digər hissələrində daxili separatçılıq və olduqca mürəkkəb regional əhatə fonunda onun salamat qalıb-qalmayacağına inamsızlıqdan daha təhlükəli nə ola bilər?!
Bu mürəkkəb geosiyasi şəraitdə gənc dövlətin hakimiyyətinin zəifliyi sadəcə olaraq yolverilməz, bəlkə də faciəli idi. Yeni kəşf edilmiş yataqları təbii sərvətlərlə zəngin olan, mühüm geostrateji mövqedə yerləşən, hələ müzakirə olunan boru kəmərlərinin marşrutu və planlaşdırılan konsorsiumun iştirakçıları məsələsində qəti sözünü deməmiş, üstəlik həm xarici təcavüzkar, həm də müxtəlif bölgələrdəki separatçılar tərəfindən didişdirilən bir ölkədə hakimiyyətin zəifliyi bu regiona soxulmağa və Azərbaycan xalqının müstəqilliyinin ziyanına burada öz mövqelərini möhkəmlətməyə çalışan qüvvələr üçün əsl tapıntı idi. Zəif hakimiyyət o demək idi ki, bu regionda marağı olan fövqəldövlət hansı havanı çalsa, ölkə həmin havaya oynayacaqdır. Elçibəyin komandası kimi zəif dövlət hakimiyyəti şəraitində paytaxtda və regionlarda dövlət strukturlarında öz agentləri olmayan kəşfiyyat xidmətləri buna yalnız özlərinin tənbəlliyindən nail ola bilməmişdilər. Ölkə xarici kəşfiyyat rezidentləri üçün bir növ karvansaraya çevrilmişdi. Belə bir hakimiyyətin (daha doğrusu, hakimiyyətsizliyin) nəticəsi təkcə dövlət müstəqilliyinin deyil, ümumiyyətlə dövlətçiliyin itirilməsi ola bilərdi.
Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi bundan əvvəl də bir dəfə məhv olmaq həddinə çatmışdır, o vaxt yalnız başda Nuru Paşa olmaqla Qafqaz İslam Ordusunun Bakıya gəlməsi xalqımızı məhv olmaqdan xilas etmişdir. 1993-cü ilin yayı ilə 1918-ci ilin yayı arasında heyrətamiz bir oxşarlıq vardır. O vaxt Azərbaycanda yaranmış vəziyyəti müəyyən mənada bugünkü Somalidəki vəziyyətlə müqayisə etmək olar: mərkəzi hakimiyyət paytaxtdakı bir neçə məhəllədən kənara şamil edilmir, bu məhəllələrdən sonra bir-biri ilə dil tapa bilməyən müxtəlif yerli hərbiləşdirilmiş qrupların hakimiyyəti başlanır. O vaxt Azərbaycanın "somaliləşdirilməsi" labüd idi (hər şey buna doğru gedirdi), çünki mərkəzi hakimiyyətin zəifliyi həmişə periferiyada hakimiyyəti gücləndirir. Elçibəyin prezidentliyinin axırlarına yaxın Ermənistan tərəfindən işğal edilmiş əraziləri hesaba almasaq, ona yaxın yerli "hökmdar" saymaq olardı, onlardan hər birinin özünün mini-ordusu vardı. Azərbaycan dövləti bir neçə yerdən çatlamış şüşəyə oxşayırdı, onun dağılması üçün bir balaca toxunmaq kifayət idi, xüsusən ona görə ki, ona toxunmaq istəyən xarici qüvvələr də çox idi! Nuru Paşanın xilaskar missiyasından 75 il sonra bu ölkəni yenidən xilas etmək lazım idi, çatlamış şüşənin çilik-çilik olmasını gözləmək yeri deyildi. Təsadüfi deyildir ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü elan edilmişdir.
Heydər Əliyevin siyasi xəttinin qiyməti barədə danışmaqla qurtarmaz. Onun siyasi olimpin zirvəsinə qayıtması ölkəmiz üçün mürəkkəb bir dövrə düşmüş və çox cəhətdən Heydər Əliyevin sələflərindən heç də həsəd aparmağa dəyməyəsi miras - hərc-mərclik ilə şərtlənmişdir. Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən daxili hərc-mərcliklər məngənəsində çarpışan ölkənin nə xəzinəsində pul vardı, nə vahid ordusu, nə başını itirmiş vəziyyətində olan və ölkəni kütləvi şəkildə tərk edən əhali arasında inam, nə də hazır komandası. Bu komandanı yerlərdə yeni kadrlar əsasında formalaşdırmaq lazım gəlirdi (xatırlayaq ki, Heydər Əliyev bir müddət hətta sonralar dövlətçiliyimizə xain çıxmış, sui-qəsdlər təşkil etmiş adamlarla birgə işləməli olmuşdur). Bütün bunlar elə bir ölkədə baş verirdi ki, o, obrazlı şəkildə desək, yarısı barıtla, o biri yarısı qızıl ilə dolu çəlləyi xatırladırdı. Heç də həmişə xoşniyyətli olmayan, ölkəmizin təbii sərvətlərini ələ keçirmək və onlara nəzarət etmək naminə həmin çəlləyin barıtla dolu hissəsinə kibrit vurmağa hazır olan ən iri xarici qüvvələr bu çəlləyə göz dikmişdilər.
Mən Heydər Əliyevin siyasi təcrübəsi və irsi barədə tez-tez və uzun-uzadı, bəzən gecə səhərə qədər dostlarım və opponentlərimlə söhbət və mübahisə etməli olmuşam. Mən həmişə belə hesab etmişəm ki, Azərbaycan bir siyasi vahid, azərbaycanlılar isə bir millət kimi salamat qalmalarına görə iki xilaskara borcludurlar - Nuru Paşaya və Heydər Əliyevə. Əgər tarix lazımi anda bu iki şəxsiyyəti bizə bəxş etməsəydi, xalqımızın başına nələr gələcəyini düşünmək belə dəhşətlidir. Bəzən mənə deyirlər ki, bu sözlər "nomenklaturçuluğa" və "dəbə" ehtiram əlamətidir. Amma hansı "nomenklaturçuluqdan" söhbət gedə bilər ki, hətta müxalifətçilər özləri də şəxsi söhbətlərində bu barədə danışırlar?! Ad çəkmədən belə hadisələrdən birini danışmaq istəyirəm. Bir dəfə məşhur bir müxalifətçi ilə söhbət etməli oldum. Mən ondan soruşdum: "Heydər Əliyevin dövründə iki dəfə çevriliş cəhdindən sonra nəyə görə daha sizin səsiniz eşidilmədi və yalnız o, dünyasını dəyişəndən sonra fəallaşdınız?" Səmimi deyirəm, mən gözləyirdim ki, bu gün müxalifət mətbuatında adət etdiyimiz standart cavab eşidəcəyəm. Lakin müsahibimin cavabı öz səmimiliyi ilə məni mat qoydu. O, elə belə də dedi: "Heydər Əliyevin vaxtında bizlik bir iş yox idi, çünki bu "yığını" (müsahibim Heydər Əliyevin iki sələfindən ona qalmış mirası nəzərdə tuturdu - V.S.) biz özümüz kürüyə bilməzdik. 2003-cü ildə isə ölkə artıq "rafinadlaşdırılmış" vəziyyətdə idi, hazırın naziri olmaq isə həmişə asandır". Bax beləcə, açıq-aşkar, incikliksiz-filansız və kifayət qədər səmimi cavab aldım.
Bu fakt bizi maraqlı bir mövzuya - Heydər Əliyevin və İlham Əliyevin prezidentlik dövrlərinin müqayisə edilməsi məsələsinə yaxınlaşdırır. Əlbəttə, ümumi cəhətlər çoxdur və bu, ilk növbədə təməli 1993-cü ildə qoyulmuş strateji kursun dəyişməzliyidir. Lakin bu da təbiidir ki, iyirmi ilə yaxın müddətdə fərqli cəhətlər görünməli idi.
Məsələn, iqtisadi göstəricilər müqayisəedilməzdir. Bu əsrin əvvəlində nəqliyyat-energetika layihələri işə salınandan sonra ölkəmiz bütün dünyanı heyrətləndirmişdir. 1990-cı illərdə isə bu cür inkişaf sürəti yox idi. Əlbəttə, Heydər Əliyev hakimiyyətə qayıdandan dərhal sonra xalq elə ertəsi gün tam bolluq içində yaşamağa başlamamışdı, hərçənd siyasi inamsızlıq aradan qalxmış və salamat qalmağa ümid yaranmışdı. Bu baxımdan, əlbəttə, indiki Prezidentin bəxti gətirmişdi, o mənada ki, ölkənin ilk növbədə SİYASİ böhrandan çıxarılması üzrə işin ən ağır hissəsi o dövlət başçısı seçilən vaxta qədər görülmüşdü. İqtisadi sahədə isə Heydər Əliyev elə bir təməl qoymuşdu ki, əlverişli makroiqtisadi konyunktur yarandıqda (məsələn, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda) bu təməl haçansa öz nəticəsini verməli idi. Ümumiyyətlə, bugünkü dövlətimizi bir göydələnlə müqayisə etsək, Heydər Əliyev həmin göydələnin tikilməsi üçün ərazi seçmiş, layihə hazırlamış, onun bünövrəsini qoymuş və karkasını ucaltmışdır. Özü də bütün bunlar çox mürəkkəb və istər xaricdən, istərsə də daxildən heç də həmişə dostlarla əhatə olunmadığımız bir vaxtda, üstəlik büdcə imkanlarının məhdud olduğu bir şəraitdə baş vermişdir. Dövlətimizin indiki başçısının vəzifəsi isə artıq hazır karkasın daxilində əlverişli makroiqtisadi şəraitdə tamamlama işləri görməkdən ibarətdir. Buna görə də bizim "göydələn dövlətin" iki qurucusunun nəsibi olmuş yük arasında çox böyük fərq vardır. Heydər Əliyevi şərti olaraq Azərbaycan dövlətinin "memarı və qurucusu", İlham Əliyevi isə bu dövlətin "interyerinin dizayneri" adlandırmaq olar.
Zəfər Quliyev indiki Prezidenti "başdan-ayağa müəmmalı, proqnozlaşdırılması mümkün olmayan siyasətçi" adlandırır.
Əlbəttə, bu tezis mübahisəlidir və onun şəxsi fikrini əks etdirir. Mənə isə belə gəlir ki, bu məsələyə bir qədər başqa mövqedən yanaşmaq mümkündür. Yuxarıda artıq qeyd etdiyim kimi, mənim əqidəmə görə, proqnozlaşdırılması ən çətin olan dövr hər halda AXC liderlərinin hakimiyyətdə olduğu dövr idi. Lakin indi bir əcnəbi diplomatın xatirələri yadıma düşür. Həmin diplomat Heydər Əliyevi müəyyən mənada, hərçənd tamamilə başqa mövqedən "proqnozlaşdırıla bilməyən siyasətçi" adlandırmışdır. Memuarların müəllifi xatırlayırdı ki, Heydər Əliyevin qarşısında əyləşərkən və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məsələni onunla müzakirə edərkən müsahibinin fikirlərini oxumaq və onun son qərarını əvvəlcədən hiss etmək çətin idi. Hətta yüksək rütbəli təcrübəli diplomatlar da son dəqiqəyə qədər müsahibinin sözlərində və hətta onun mimikasında da iki mümkün son qərardan birinə - razılıq, yoxsa rədd cavabı veriləcəyinə eyham sezə bilmirdilər. Heydər Əliyev danışıqların gedişində çox məharətlə qeyri-müəyyənlik yaradır, bu isə tərəfdaşını tamamilə neytrallaşdırır və Prezidentə imkan verirdi ki, öz niyyətlərini (ilk mürəkkəb illərdə hətta öz əhatəsində belə) açıqlamadan iki qütb arasında hərəkət etməyə və manevr üçün müəyyən meydan yaratmağa imkan verirdi. Bəlkə də elə bu siyasətçi istedadı dünyanın ən iri dövlətlərinin mənafeləri arasında uğurla manevr etməyə, bu halda ölkənin müstəqilliyini qoruyub saxlamağa və möhkəmlətməyə kömək etmişdir. Heydər Əliyevin bu bacarığı indiki Prezidentə irsən keçmişdir. O da, necə deyərlər, kartları vaxtından əvvəl açmağa tələsmir, bu isə aşkar xarici təhdidlər şəraitində dövləti hər tərəfdən düzülmüş tələlərdən uğurla yan keçirməyə imkan verir. Siyasət şahmata bənzəyir. Qrossmeyster öz rəqibinin gedişlərini əvvəlcədən hiss edəndə, onun fikirlərini oxuyanda qalib gəlir. Bu mənada "proqnozlaşdırıla bilməmək" əlbəttə istedaddır və bu istedad heç də hər bir siyasətçiyə nəsib olmamışdır.
Bəzi dairələrdə söylənilən, elə Z.Quliyevin məqaləsində də rast gələn bir fikirlə razılaşa bilmərəm ki, dövlətimizin indiki başçısı hakimiyyəti "atasından miras kimi" almışdır. Hər halda bu adamlar unudurlar ki, Prezidenti "təyin etmək" mümkün deyil - onu seçicilər seçir. İki dəfə belə olmuşdur, o cümlədən 2003-cü ildə prezidentliyə namizədlərdən biri də müxalifət partiyasının lideri olanda da. Əgər seçicilər digər namizədə səs versəydilər, prezident başqa adam olardı. Nəticə etibarilə bu məsələni seçici həll edir, tamamilə qapalı səsvermə kabinəsində onun seçiminə heç cür təsir göstərmək mümkün deyildir. Buna görə də hakimiyyətin "atadan oğula" verilməsindən danışanları başa düşə bilmirəm. Bəli, mən razıyam ki, İlham Əliyevin öz siyasi təcrübəsini zənginləşdirmək imkanı hər kəsdən çox olmuşdur. Çünki o, belə bir Müəllimin yanında idi və ona hamıdan yaxın idi. Lakin mənim fikrimcə iki prezidentlik müddəti onun opponentlərinin bir məsələni yəqin etməsi üçün kifayət qədər böyük vaxtdır ki, o, Z.Quliyevin yazdığı kimi "öz atasının kölgəsi" deyil, özünün kifayət qədər imkanı olan dövlət başçısıdır. İlham Əliyevin Prezident olduğu illərdə dünyada elə qlobal hadisələr baş vermişdir ki, Heydər Əliyev sağlığında, əlbəttə onlar haqqında bilə bilməzdi və qabaqcadan onları görə bilməzdi. İlham Əliyev bu imtahanlardan müstəqil şəkildə, Müəllimin göstərişləri olmadan çıxmalı olmuşdur və biz hamımız onun bu sınaqların öhdəsindən necə uğurla gəlməsinin canlı şahidləriyik.
Z.Quliyev yazır ki, İlham Əliyev özünün üç sələfinin təcrübəsini cəmləşdirə bilərdi, lakin guya belə etməmişdir. İcazə verin razılaşmayım. Mənim fikrimcə, indiki Prezident özünün fəaliyyət xəttində Qarabağ məsələsində Elçibəyin prinsipial və kompromissiz mövqeyini (məsələni hərbi yolla həll etməyə hazır olmağa qədər), bu günün praqmatik potensialından istifadə etmək qabiliyyətini və Quliyevin naməlum səbəb üzündən Mütəllibova aid etdiyi iqtisadi liberalizmi (mən Mütəllibovda belə bir xüsusiyyət görməmişəm) və Heydər Əliyevin strateji oriyentir kimi seçdiyi cəmiyyətin uzunmüddətli sosial sabitliyi məqsədini birləşdirməyə nail olmuşdur.
Əslində Z.Quliyevin indiki Prezidentə verdiyi qiymət çox səthidir və düzgün terminologiyanın olmaması baxımından axsayır. Zənnimcə, dövlətimizin başçısının bu müəllif üçün "başa düşülməyən" olmasının səbəbi ondan ibarətdir ki, o, Prezidentin daxili və xarici, iqtisadi və sosial siyasəti barədə (özü də çox ümumiləşdirilmiş şəkildə) danışarkən aləmi qarışdırır. Müxtəlif sahələrə aid məsələləri bir-birinə qarışdırmaq əlbəttə, düzgün deyildir, onların hər biri ayrıca təhlil tələb edir. Düzdür, Azərbaycan öz dövlətçiliyinin təşəkkülünün ən dramatik dövrünü keçmiş və uçurumun kənarından xeyli uzaqlaşmışdır, lakin keçid dövrü hələ də başa çatmamışdır. Yuxarıda qeyd edildiyi kimi, tale Heydər Əliyevin qismətinə müstəqilliyi xilas etmək və dövlətçiliyi qurmaq kimi mühüm bir rol ayırmışdır. İlham Əliyev isə bu gün elə mürəkkəb və incə məsələlərin həlli ilə məşğul olmalıdır ki, onun sələflərindən heç biri bu cür məsələlərlə məşğul olmamışdır.
Bu məsələlər ölkəmizdə aparılan islahatlarla bağlıdır, müəllif onları ya görmür, ya da görməzliyə vurur. Ola bilsin ki, İlham Əliyev haradasa ehtiyatlıdır, əlbəttə bu, normal haldır. Kim deyir ki, islahatlar rahat gəzintidir? Ümumiyyətlə hansı rahatlıqdan danışmaq olar. Azərbaycan və Azərbaycan cəmiyyəti, əhalisinin sayının nisbətən az olmasına baxmayaraq bütün dövrlərdə və həmişə, iqtisadi bumdan asılı olmayaraq, mürəkkəb bir orqanizm olmuşdur və belə olaraq qalır (yeri gəlmişkən, bu məsələ sosioloqlar tərəfindən xüsusi diqqət və dərindən öyrənilmə tələb edir). Azərbaycan cəmiyyəti yekcins kütlə deyildir. Daxili sabitliyi qoruyub saxlamaq üçün ilk növbədə bu cəmiyyətə bələd olmaq və həmişə olmuş, həmişə olacaq qüvvələr arasında tarazlıq yaratmaq məharətinə malik olmaq zəruridir.
Bir halda ki, söhbət bu mövzudan düşdü, daha bir fikir söyləməyi özümə rəva görəcəyəm: Mütəllibovun və Elçibəyin uğursuzluqlarının çoxsaylı səbəblərindən biri ondan ibarət idi ki, onların hər birinin hakimiyyətdə olduğu dövrdə cəmiyyətin bu və ya digər hissəsi şüurlu şəkildə və ya qeyri-iradi olaraq rədd edilmiş, bir növ oyundan kənar vəziyyətdə qalmışdır. Onlar hamını öz arxalarınca apara bilmədilər. Müəllifin bəhs etdiyi paradoks həqiqətən mövcuddur. Lakin bu paradoks dövlət başçısının şəxsiyyətinə deyil, ölkədə baş verən proseslərə aiddir. Bütün islahatlar paradokslarla doludur. Tarixdə heç bir islahat başqasına oxşamır. İslahatlar nə qədər mürəkkəb olsa, paradokslar bir o qədər çox, əldə edilən nəticələr bir o qədər qiymətli olacaqdır. Koreya Respublikasında iqtisadi möcüzənin yaranmasının və təşəkkülünün hansı paradokslarla müşayiət olunduğunu yada salaq. Türkiyə cəmiyyəti Azərbaycanla müqayisəyəgəlməz dərəcədə mürəkkəb bir orqanizmdir və bu gün Türkiyəni ən çox inkişaf etmiş ölkələr iyirmiliyinə gətirib çıxarmış islahatlar prosesində də paradokslar qat-qat çox olmuşdur.
Mənim nəzərimdə İlham Əliyev novatordur. Novatorluq isə orijinal ideya və niyyətlərin məcmusunu generasiya etmək və həyata keçirmək bacarığı deməkdir. Şübhə etmirəm ki, vaxt gələcək, dünya Azərbaycan möcüzəsi haqqında da danışmağa başlayacaqdır. Azərbaycanın tarixdə yeri onun əsas ideya müəllifinin - Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlı olacaqdır.
{nl}
Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.