2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir çox sahələrdə əldə edilən nəticələrə münasibət bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial yönümlü tədbirlərin də, vaxtaşırı aparılmasını qeyd etmişdi. Həqiqətən də respublikada son illər sosial sahədə xeyli canlanma var. Ardıcıl olaraq ölkə başçısı tərəfindən aztəminatlı ailələrin maddi problemlərinin həll edilməsi, çadır şəhərciklərində məskunlaşanların hər cür şəraiti olan mənzillərlə təmin olunması dediklərimizə sübutdur. 
Həmin toplantıda əlavə maliyyə resursları olduğunu və bunun məhz həllini gözləyən problemlərin aradan qaldırılmasına sərf etməyin, özü də vaxt itirmədən, bu işləri gələn ilə saxlamadan görməyin vacibliyini vurğulayan Prezident dedi: "Azərbaycanda sosial yönümlü tədbirlər vaxtaşırı aparılır. Həm uzunmüddətli proqramlar çərçivəsində, həm də lazım gələndə əlavə tədbirlər görülür. Mən onların arasında bu yaxınlarda əhalinin suya olan borcunun silinməsi məsələsini qeyd etmək istəyirəm. Bu, bizim sosial siyasətimizin nə qədər güclü olduğunu göstərir". Ölkə başçısının bu addımı onun əhalinin aztəminatlı ailələrinə göstərdiyi diqqət və qayğının onun üçün daha vacib problemlərdən biri olduğuna sübutdur, onun ölkəsinin hər bir vətəndaşının ailə vəziyyətini və məişət şəraitini düşündüyünün göstəricisidir. O, iqtisadi imkanların gücünə arxalanaraq gördüyü işləri xoşniyyətli və düzgün addım kimi dəyərləndirdi: "Hesab edirəm ki, sosial ədalət prinsipləri baxımından düzgün addımdır, bazar iqtisadiyyatı prinsipləri baxımından, bəlkə də, o qədər də düzgün addım deyildir. Ancaq bizim üçün əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bu prioritetlər sırasında sosial məsələlər birinci yerdədir. Ancaq o da həqiqətdir ki, əgər güclü iqtisadi imkanlarımız olmasa, heç bir sosial məsələ öz həllini tapa bilməz".
Azərbaycan Prezidenti çıxışında büdcəyə əlavələr edilən zaman- dürüstləşmə aparılarkən mütləq geniş sosial paketin nəzərdə tutulmasını daha vacib hesab edərək əməkhaqlarının, pensiyaların artırılması məsələsinə də toxundu. O, əməkhaqlarının və pensiyaların artırılması məsələlərinin həllini tapacağını qeyd etdi. "Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik vardır. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiyalar alırlar". Bu, həqiqətən də, belədir.
Hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir. Sistemə görə sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotu qurulur və vətəndaşların pensiya təminatı həmin uçotun məlumatlarına əsasən aparılır. İslahat tədbirləri çərçivəsində 2004-cü ildən etibarən fərdi uçot sisteminin yaradılması üçün layihələrin icrasına başlanılmış və 2005- ci ildə başa çatdırılmış, bununla da ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlanmışdır. Fərdi uçota əsaslanan yığım sisteminə keçidin sürətləndirilməsi və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edəcək pensiya sisteminin yaradılması üçün 2006-cı ildən qanunvericiliyin tətbiqinə başlanmışdır. Pensiya təminatı sahəsində yeni sistemə keçid, islahatın mahiyyətini təşkil edən dövlət sosial müavinətləri və sığorta-pensiya sistemlərinin bir-birindən ayrılması təmin olunmuşdur. Bununla da ölkədə cənab Prezidentin həmin iclasda haqqında söz açdığı yeni sistem-pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır. Azərbaycanda üçpilləli pensiya sistemi qəbul olunmuşdur ki, bu da ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş pensiyaçıların sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Yeni sistemdə pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Bu sistem fəaliyyətə başlayandan sonra pensiyaların minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır. Hazırda ölkəmizdə orta aylıq pensiya 114 manatdır.
Çıxışında pensiyaçıların sayının 1 miyon 300 min nəfər olduğunu, bunlardan 900 mindən artıq vətəndaşın 2006-cı ilə qədər pensiyaya çıxdığını qeyd edən Prezident öncə həmin ədalətsizliyin aradan qaldırılmasının vacibliyini bildirdi: "Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq".
Azərbaycanda sığorta- pensiya sisteminin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun aparılır. Ölkəmizdə həmçinin pensiya təyinatı avtomatlaşdırılmalı və bu, 2013-2015-ci illərdə başa çatdırılmalıdır. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılması da uğurla davam etdirilən tədbirlər sırasındadır. İslahatlar çərçivəsində bu məsələnin həlli üçün kifayət qədər iş görülmüş, proqram təminatı hazırlanmışdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında