Şriftin ölçüsü:
27.04.2011 01:40 | Oxunma sayı: 429
Şirvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.
Toplantıda şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, son vaxtlar Azərbaycana qarşı psixoloji-siyasi həmlələrin artması bizdən ayıq-sayıq olmağı, bir ideya ətrafında sıx birləşməyi, təbliğat imkanlarımızı səfərbər edib ideoloji işimizi zəngin faktlar və çevik manevrlər əsasında qurmağı tələb edir. Çünki tarixi həqiqətləri təhrif edən erməni ideoloqları uzun illərdir ki, törətdikləri dəhşətli cinayətləri pərdələmək üçün dünya ictimaiyyətini qondarma "erməni soyqırımı" iddiaları ilə çaşdırmağa çalışırlar. Bu iddianı daim gündəmdə saxlamaqla ermənilər başqa dövlətlərin hesabına daha geniş əraziyə yiyələnməyə, diqqəti özlərinin işğalçılıq siyasətlərindən yayındırmağa cəhd göstərirlər. Ermənilər bu gün də müxtəlif ölkələrdə yalan və iftira kampaniyalarını davam etdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdürlər.
İftira kampaniyasının önündə isə Ermənistanın rəhbər vəzifəli şəxsləri, ilk növbədə əli azərbaycanlıların qanına batmış, Azərbaycan torpağında ağır müharibə cinayətləri törətmək sayəsində hakimiyyətə yiyələnən prezident Serj Sarkisyan dayanır.
Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il oktyabrın 16-da qədim Azərbaycan torpağı olan Gorus şəhərində erməni diasporunu təmsil edən jurnalistlərlə görüşdə tarixi faktları təhrif edərək absurd tezislər irəli sürmüşdür.
Konfransda qeyd edilmişdir ki, akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi kimi, Serj Sarkisyanın Gorusda "erməni dilinin ən qədim dillərdən biri olması", "ermənilərin ali irqə mənsub olması", "Azərbaycan xalqının XX əsrdə yaranması", "Dağlıq Qarabağ xalqının milli özünü təyinetmə hüququna malik olması" kimi absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətə düşdüyünü göstərir.
Danışıqları süni şəkildə uzatmaq imkanları tükənən, işğalçılıq siyasətinə görə beynəlxalq təzyiqlə üzləşən S. Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf etmişdir.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının cəmiyyətdə böyük əks-səda doğurması və maraqla qarşılanması təsadüfi deyildir.
Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi, son iki əsrdə terror, soyqırımı və deportasiya siyasəti yürütdükləri konkret faktlarla göstərilmişdir.
Əsərin girişində Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda jurnalistlər qarşısında verdiyi dırnaqarası "açıqlamalar"ın elmilikdən uzaq olduğu, tarixi həqiqətlərin təhrif edildiyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güddüyü xüsusi vurğulanır. Ermənilərin, guya, "daha üstün xalq olması"na, "qondarma soyqırımı" iddialarına, Türkiyə və Azərbaycana təzyiq göstərmək cəhdlərinə tutarlı cavab verilir. 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi barədə faktların cəfəngiyat olduğu faktlarla təsdiqlənir.
Kitabda təkzibedilməz tarixi faktlar əsasında qeyd olunur ki, XV əsrin sonlarınadək Cənubi Qafqazda erməni adlı xalq yaşamamışdır. Onların Dağlıq Qarabağda yerləşdirilməsi məhz XIX əsrə təsadüf edir. 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə Azərbaycanın parçalanmasının əsası qoyulmuş, 1828-ci il martın 21-də "Erməni vilayəti" yaradılmışdır.
Gərgin araşdırma və zəhmət bahasına ərsəyə gəlmiş əsərdə ermənilərin 1918-ci il martın 30-dan aprelin 2-dək azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, milli-mənəvi sərvətlərimizə sahib çıxmaları, Azərbaycanın maddi mədəniyyət abidələrini musiqi alətlərini, öz adlarına çıxmaları, azərbaycanlılara məxsus yer adlarını dəyişdirmələri real faktlarla əksini tapmışdır.
"Gorus-2010: absurd teatrı mövsümü" əsərində müəllif son illərdə Ermənistanın ciddi diplomatik geriləməyə məruz qaldığını, ölkəmizin danışıqlar prosesində üstünlüyü və təşəbbüsü ələ almasını, haqlı mövqeyini qətiyyətlə ortaya qoyaraq müdafiə etməsini real faktlarla göstərmişdir.
Əsərin sonunda Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha böyük müsibətlərə sürüklədiyi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir.
Elmi-nəzəri konfransda çıxış edən Şirvan şəhər prokuroru Həsən Hənifəyev, Türk Liseyinin direktor müavini Saleh Məmmədli, tarix müəllimləri Tamam Ağamalıyeva və Mərziyyə Xudiyeva akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını bədnam qonşularımızın əsl xislətinin açılması, tariximizin öyrənilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini xüsusi vurğulamışlar.
Tədbirin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya və terror aktlarından bəhs edən "Sözün bitdiyi zaman" sənədli filmi nümayiş etdirilmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.