ABŞ-ın "Haffinqton Post" qəzetində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yekunlarından bəhs edən "Azərbaycanda heyranedici hadisələr" sərlövhəli məqalə dərc olunmuşdur

ABŞ-ın nüfuzlu "Haffinqton Post" qəzeti bu ölkədə fəaliyyət göstərən Sosial Siyasət və Anlaşma İnstitutu idarə heyətinin üzvü, aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı Azeem İbrahimin "Azərbaycanda heyranedici hadisələr" sərlövhəli məqaləsini dərc etmişdir.
Məqalənin müəllifi son dövrlərdə Azərbaycanın bir sıra mötəbər beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, xüsusilə də Bakı Forumunun əhəmiyyəti haqqında yazır.
A. İbrahim bildirir ki, bir neçə həftə bundan əvvəl o, aprelin 9-da Bakıda keçirilmiş Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər Hərəkatının birinci konqresinin iştirakçısı olmuş bir qrup gənclə görüşmüşdür. Dünyanın müxtəlif ölkələrindən olan bu gənclər belə bir ortaq mövqedən çıxış edirdilər: mədəniyyətlərarası dialoq fərqli cəmiyyətləri və mədəniyyətləri təmsil edən insanların bir araya gələrək dünyada mövcud olan problemləri müzakirə etmələri və ortaq məxrəcə gəlmələri baxımından çox əhəmiyyətlidir.
Müəllif vurğulayır ki, əslində görüş zamanı həmin gənclər Yaxın Şərqdə baş verən son hadisələr də daxil olmaqla bir çox məsələlər haqqında geniş söhbət etmişlər. Lakin bu mövzuların sırasında məni aprelin 7-dən 9-dək Bakıda keçirilmiş möhtəşəm Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha çox maraqlandırdı.
Məqalədə qeyd edilir ki, artıq bir neçə ildir ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun paytaxtı kimi tanınır. Belə ki, 2007-ci ilin noyabrında Bakıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın himayəsi ilə keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" Beynəlxalq konfrans, eləcə də dünya dini liderlərinin sammiti çox böyük əhəmiyyətə malik tədbirlər olmuşdur. Aprelin 7-dən 9-dək keçirilmiş forum isə bir daha sübut etdi ki, Bakı həqiqətən də dünyada sivilizasiyalararası dialoqun mərkəzinə çevrilmişdir.
Müəllif qeyd edir ki, Azərbaycan İslam və Avropa təşkilatlarının üzvü kimi həm Şərq, həm də Qərb dəyərlərinə böyük hörmətlə yanaşır. Azərbaycan Afrika, Cənubi Amerika, Okeaniya, Avropa İttifaqı ölkələrindən tutmuş İsrailə qədər dünyanın bütün dövlətləri ilə mehriban münasibətlər qurmuşdur.
A. İbrahim yazır: "Bu forum məndə çox dərin təəssüratlar yaratdı. Burada dünyanın bütün qitələrindən siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirdilər. Forumda iştirak edənlərin əksəriyyətini gənclərin təşkil etməsi isə məni çox sevindirdi. Əminəm ki, Azərbaycanın bu uğurları gələcəkdə də davam edəcəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında