Azərbaycan Kooperasiya Universitetinin böyük zalında iyirmi birinci çağırış Azərititfaq Şurasının dördüncü yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə Azərittifaq Şurasının prezidenti, İdarə Heyətinin sədri Eldar Quliyev açmış, sonra "2010-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və 2011-ci ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının qarşısında duran vəzifələr haqqında" məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafında, əhalinin mal və xidmətlərə olan tələbatının ödənilməsində kooperatorların da müəyyən payı vardır.
Belə ki, 2010-cu ildə Azərittifaqın təşkilat və müəssisələri tərəfindən əhaliyə 2581823 manatlıq mal satılmış, 551318 manatlıq iaşə xidməti göstərilmiş, 745824 manatlıq kənd təsərrüfatı məhsulları və xammalları tədarük edilmiş, 261 min manatlıq xalq istehlakı malları istehsal edilmiş, 2699375 manatlıq pullu xidmətlər göstərilmişdir. Pərakəndə ticarət üzrə tapşırığa 145,3, tədarük üzrə 110,4 faiz artıqlaması ilə əməl olunmuşdur. Bütün fəaliyyət sahələri hesabat ilini mənfəətlə başa vurmuş, sistem üzrə 93,4 min manat mənfəət əldə olunaraq əvvəlki illə müqayisədə artım sürəti 102,9 faiz təşkil etmişdir. O cümlədən, artım tempi pərakəndə ticarətdə 111,6, ictimai iaşədə 100,5, sənayedə 116,9, kənd təsərrüfatında 117, tikintidə 140, nəqliyyatda 173 faiz olmuşdur.
Daha sonra məruzəçi qazanılan uğurlarla yanaşı, işdə olan nöqsanları sadalamağı da unutmamışdır. Bildirmişdir ki, 2009 - 2010-cu illərdə kooperasiyanın inkişafına dair Azərittifaqın XXI qurultayının qəbul etdiyi konsepsiya son dərəcə ləng yerinə yetirilir. Belə ki, rayon kooperativ təşkilatlarının rəhbərlərinin laqeyd münasibəti, eləcə də Azərittifaqın müvafiq struktur bölmələri rəhbərlərinin nəzarətsizliyi üzündən bir çox rayonlarda kooperasiyanın müddəalarının icrası istiqamətində, demək olar ki, heç bir iş görülmür. Məhz bunun nəticəsidir ki, əhaliyə göstərilən ticarət və iaşə xidmətinin həcmi xeyli azalmış, ictimai iaşə üzrə proqnoz tapşırığa cəmi 84,4 faiz əməl olunaraq nəzərdə tutulandan 102 min manatlıq az xidmət göstərilmişdir. Sistem üzrə hesabat ilinin ümumilkdə mənfəətlə nəticələnməsinə baxmayaraq, sənaye sahəsi istisna olmaqla, heç bir fəaliyyət sahəsində mənfəət tapşırığına əməl olunmamışdır.
Mövcud maddi-texniki bazadan səmərəli istifadə olunmamasını qeyd edən Azərittifaq Şurasının prezidenti bildirdi ki, aparılan araşdırmalar zamanı çoxsaylı obyektlərin uzun müddət istismar edilməməsi, çox aşağı qiymətlərə icarəyə verilməsi, bilavasitə, Azərittifaqın tərkibində olan təşkilatlarda maddi-texniki bazanın müəyyən hissəsinin idarənin razılığı olmadan sərfəli olmayan şərtlərlə icarəyə verildiyi aşkar olunmuşdur.
Sonra Eldar Quliyev keçən ili uğurla başa vuran və işdə ciddi nöqsanlara yol verən kooperativ təşkilatlarının adlarını sadaladı. Onların qarşısında konkret vəzifələr qoydu.
Məruzədən sonra Azərittifaqın təftiş komissiyasının sədri Sədi Mehdiyevin hesabatını dinlənildi. Məruzə ətrafında aparılan müzakirələrdə Göyçay Aqrokoopun direktoru Aydın İmranov, Qazax Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Dilşad Dilbazi, Quba Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Ənvər Məcidov, Sabirabad Rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Qardaşxan Hacıyev, İmişli rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin sədri Zakir Məmmədov, Azərittifaqın İstehlak-Kommersiya Departamentinin rəisi Elçin Mahmudov, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Zülfüqarov və Azərittifaqın İdarə Heyəti sədrinin müavini Tənzilə Rüstəmxanlı çıxış edərək gündəlikdəki məsələyə münasibət bildirdilər və qarşıda duran vəzifələrdən söz açdılar.
Bundan sonra Azərittifaqın Mərkəzi İdarəetmə Aparatının saxlanılması xərclərinin smetası, iyirmi birinci çağırış Azərittifaq Şurasının üçüncü yığıncağından keçən dövr ərzində əsas vəsaitlərin və tikintisi yarımçıq qalmış obyektlərin satışına dair Azərittifaqın İdarə Heyətinin qərarları təsdiq edildi.
Azərittifaq Şurasının üzvləri gündəlikdə olan digər məsələləri də müzakirə edib, münasibətlərini bildirdilər. Sonda işdə fərqlənən kooperasiya üzvləri müxtəlif hədiyyələrlə təltif olundular.
Bununla da iyirmi birinci çağırış Azərittifaq Şurasının dördüncü yığıncağı öz işini yekunlaşdırdı.
{nl}
Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.