Pakistanın nüfuzlu "Daily İttehad" qəzetində "Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir" sərlövhəli məqalə dərc olunmuşdur

Pakistan İslam Respublikasında nəşr olunan nüfuzlu "Daily İttehad" qəzetinin 18 aprel tarixli nömrəsində "Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir" sərlövhəli məqalə dərc edilmişdir. 
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, forumda şəxsən iştirak etmiş baş redaktor Tahir Faruqun qələmə aldığı yazıda aparıcı beynəlxalq təşkilatların - YUNESKO-nun, İSESKO-nun və Avropa Şurası Parlament Assambleyasının rəhbər şəxslərinin, dünyanın bir çox ölkəsindən tanınmış ictimai-siyasi xadimlərin, diplomatların və jurnalistlərin tədbirə qatılması, habelə Azərbaycanda müşahidə edilən siyasi, mədəni və iqtisadi inkişaf barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Qərblə Şərq arasında coğrafi və mədəni körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası forum keçirməyə tam haqqı çatır. Tarixən müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşən və zəngin sivilizasiyaya malik olan Azərbaycanda müxtəlif etnik və dini qruplar hər zaman sülh şəraitində yaşamış, heç bir ayrı-seçkiliyə məruz qalmamış və sərbəst şəkildə ümumbəşəri hüquq və azadlıqlardan istifadə etmişlər. İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, bununla yanaşı, mütərəqqi Qərb dəyərlərini də mənimsəmişdir. Ölkənin həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvü olması da bunu təzahür etdirir.
Məqalə müəllifi Prezident İlham Əliyevin forumdakı nitqinə yer vermiş, müsəlman dünyasına və İslam dininə mənsub Azərbaycanın zamanın ruhuna uyğun olaraq Qərb dəyərlərinə də yiyələndiyini oxucuların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan müsəlman dünyasında ilk dəfə olaraq demokratik respublika yaratmış, ilk teatr və operaya malik olmuş, həmçinin qadınlara səsvermə hüququnu tanıyan ilk dövlət olmuşdur.
Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatı ilbəil sürətlə inkişaf etməkdədir ki, bu da ölkədə bir çox sosial islahatların həyata keçirilməsinə kömək edir. Yazıda Azərbaycan Prezidentinin bu sözləri xüsusi vurğulanmışdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi əsas beynəlxalq təşkilatlar tərəfindən tanınmış və ondan işğal etdiyi torpaqlardan çıxması tələb olunmuşdur. Lakin Ermənistan buna məhəl qoymur. Amma Azərbaycan torpaqları işğaldan azad olunacaqdır.
Baş redaktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışından da sitatlar gətirmiş, ümumbəşəri dəyərlərin ətrafında birləşməyin və ayrı-seçkiliyin aradan qaldırılmasının əhəmiyyətini qeyd etmişdir. Məqalədə Azərbaycanın birinci xanımı M. Əliyevanın müqəddəs Quranın yandırılmasına beynəlxalq aləmdə müvafiq reaksiya verilməməsindən və dinin siyasiləşdirilməsindən təəssüflənməsi də öz əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında