Azərbaycan-Rumıniya əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir


Tərəflər strateji xarakterli münasibətlərdə mükəmməl nəticələrə imza atıblar
Bu gün aramızda iqtisadi sahədə yaxşı perspektivlər açılır. Əminəm ki, siyasi əlaqələrimizin güclü olması həm sərmayə qoyuluşu, həm də müxtəlif şirkətlərin səmərəli fəaliyyəti üçün müsbət rol oynayır və oynayacaqdır.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}


Bu gün hökumətlər səviyyəsində sənədlərin imzalanması, eyni zamanda, strateji tərəfdaşlıq sahəsində imzalanmış sənəd əlaqələrimizdə böyük bir sıçrayış deməkdir. Azərbaycan ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir.

{nl}

Trayan BESESKU Rumıniya Prezidenti

{nl}

Bu gün Azərbaycan Respublikası regionun və dünyanın bütün ölkələri ilə qarşılıqlı səmərəli və milli maraqlarımıza uyğun olaraq sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrimiz daha çox Avropa ölkələri ilə qurulmuşdur. Mövcud münasibətlərin təməlinin 1993-cü ilin yayından sonra qoyulması da bir tarixi faktdır.
Avropanın bütün ölkələri ilə olduğu kimi Mərkəzi və Şərqi Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın əsas tezisləri bilavasitə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və həmin siyasi kurs üzərində inkişaf etdirilən münasibətlər öz müsbət nəticələrini daim vermişdir. Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya, Çexiya, Slovakiya və başqa Mərkəzi və Şərqi Avropa dövlətlərinin mühüm geostrateji, iqtisadi, siyasi mövqelərini, beynəlxalq və regional siyasətdə həyata keçirdikləri strateji kursu bütün incəliklərinə qədər dəqiq qiymətləndirən Heydər Əliyev bu ölkələrlə əməkdaşlığın yaradılması üçün konkret addımlar atmışdır. Ulu öndər həmin addımların fəal siyasi kursa çevrilməsi üçün gərək olan bütün siyasi-diplomatik tədbirlərin uğurlu icrasını təmin etmiş və Azərbaycanı Avropanın fəal tərəfdaşına çevirmişdir.
Azərbaycanla Rumıniya arasındakı hərtərəfli əməkdaşlıq ötən əsrin son onilliyində xüsusi məcraya yönəldilsə də, bu ölkələr arasındakı daha sıx və intensiv tərəfdaşlıq münasibətləri 2003-cü ilin payızından sonra formalaşdırılmışdır. Rumıniya daim beynəlxalq tribunalardan Azərbaycanın mövqelərini dəstəkləmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan müzakirələrin hamısında rəsmi Bakının yanında olmuşdur. Azərbaycan dövləti isə Xəzərin Azərbaycan sektorundan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün müəyyən etdiyi strategiyada Rumıniya ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Xəzər-Qara dəniz hövzəsi ölkələri arasında təşkil edilən elə bir enerji sammiti və ya beynəlxalq tədbir ola bilməz ki, orada Azərbaycan və Rumıniya təmsil olunmasın. Ölkələrimiz arasındakı bu sıx əməkdaşlığı dövlət başçılarının qarşılıqlı səfərləri daha da genişləndirir.
Rumıniya Prezidenti Trayan Beseskunun aprelin 18-də Azərbaycana rəsmi səfərə gəlməsi, səfər çərçivəsində çoxşaxəli müzakirələrin aparılması, bir neçə mühüm sənədin imzalanması və tərəfləri maraqlandıran görüşlərin reallaşdırılması əməkdaşlığımızın yeni mərhələsi kimi qiymətləndirilir. Dövlət başçılarının təkbətək görüşlərində və geniş tərkibli danışıqlarda əldə olunan razılaşmalar uğurlu perspektivdən xəbər verir: "Münasibətlərimiz strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır. Bu gün sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdik və bir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir" - deyə mövcud əməkdaşlığı qiymətləndirən Prezident İlham Əliyev daha yüksək zirvələrin qabaqda olduğunu söyləyir: "Əminəm ki, sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəkdir". Cənab Trayan Besesku isə əməkdaşlığın sabahını qiymətləndirmək üçün dünəni yada salmağı vacib sayır: "Zənnimcə, bizim çox müfəssəl əlaqələrimiz var. Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq".
Rumıniya Prezidentinin Bakı səfəri çərçivəsində dövlət başçılarının imzaladığı strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı ilə yanaşı iki saziş və bir protokol imzalanmışdır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş bu ölkələrin qarşılıqlı əməkdaşlığının genişləndirilməsindən xəbər verir. Çünki əvvəllər Azərbaycan-Rumıniya əməkdaşlığı daha çox enerji sektoruna aid olurdu. Elə səhiyyə nazirlikləri arasındakı saziş də münasibətlərimizin cəmiyyət həyatının bütün sahələrini əhatə etməsinin göstəricisi kimi qiymətləndirilir. Xarici işlər nazirliklərinin arasında imzalanan Əməkdaşlıq Protokolu isə son iyirmi ildə - Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımış və bizimlə siyasi-diplomatik əməkdaşlığa daim böyük önəm vermişdir - əldə edilmiş diplomatik təcrübənin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Xüsusilə qeyd edilməli məqamlardan biri də odur ki, bu gün Azərbaycanla Rumıniya arasında enerji sahəsində əməkdaşlıq durmadan inkişaf edir, Azərbaycandan Rumıniyaya xam neft ixrac olunur. Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir. Qaz sahəsində əməkdaşlıq etmək üçün potensial vardır. 2011-ci ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" üzrə bəyannamə imzalanmışdır. Avropanın enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi məhz adı çəkilən bəyannamə əsasında Azərbaycan tərəfindən həll ediləcəkdir. Rumıniya-Azərbaycan əlaqələri bu kontekstdən də əhəmiyyətlidir. Yada salaq ki, Rumıniya həm Nabukko layihəsinin reallaşdırılması üçün ən çox səylər göstərən ölkədir, həm də AGRİ layihəsinin təşəbbüskarıdır. Bütün bunları əsas götürən Prezident İlham Əliyev mətbuat üçün verdiyi bəyanatda daha önəmli olan bir məsələyə toxunur: "Mən ümid edirəm ki, Rumıniya-Azərbaycan əlaqələri Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də güclü təsir göstərəcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq qurulmuşdur. Eyni zamanda enerji sahəsində əməkdaşlığın gözəl perspektivləri vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün gözəl şərait vardır".
Rumıniya Prezidentinin Bakı səfəri çərçivəsində reallaşdırılan bütün görüş və müzakirələr maraqlı idi. Ancaq dövlət başçılarının ali ordenlərlə təltif olunması mərasimi daha unudulmaz və yaddaqalan idi. Azərbaycan Prezidenti İlham Əliyev rumıniyalı həmkarını Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edərkən söylədi ki, siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz və Azərbaycan xalqı sizi çox yaxşı tanıyır. Dost ölkənin Prezidenti Trayan Besesku isə Azərbaycan dövlət başçısının Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı ilə təltif olunduğunu bildirdi. Bildirildi ki, bu təltif Rumıniyada dövlət başçılarına verilən ən ali mükafatdır və Prezident İlham Əliyevdən əvvəl bu mükafata cəmi bir nəfər layiq görülüb. Xatırladaq ki, "Sadiq Xidmət" milli ordeni əvvəllər "Rumıniya Ulduzu" ordeni ilə təltif olunmuş şəxslərə verilir. Prezident İlham Əliyev 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı məhz "Rumıniya Ulduzu" ordeni ilə təltif olunmuşdu.
Zaman göstərir ki, Azərbaycanın xarici siyasəti böyük uğurlarla nəticələnir və ölkəmizin dostları günü-gündən çoxalır. Rumıniya Azərbaycanın məhz belə - daim dostcasına yanında olan tərəfdaşı, siyasi, diplomatik, iqtisadi, mədəni sahələrdə inanılmış, etibarlı partnyorudur.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında