Naxçıvan MR Ədliyyə Nazirliyinin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin inzibati binası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan MR ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bu münasibətlə keçirilən mərasimə gələn Ali Məclisin sədri Vasif Talıbova raport verdikdən sonra açılışı bildirən rəmzi lent kəsilmiş, nazir muxtar respublikada sahənin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
V.Talıbov demişdir ki, Naxçıvan MR-in ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də təşkil olunmuş Naxçıvan Xalq Ədliyyə Komissarlığıdır. Həmin komissarlıq 1946-cı ildə Ədliyyə Nazirliyi adlanmışdır. 1956-cı ildə nazirlik ləğv edilərək səlahiyyətləri digər orqanlar arasında bölüşdürülmüşdür. 1971-ci ildə yenidən Naxçıvan MR Ədliyyə Nazirliyi yaradılmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinə əlavə səlahiyyətlərin verilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyev 2002-ci il avqustun 24-də fərman imzalamışdır. Həmin fərmanla Ədliyyə Nazirliyinə notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəmə qərarlarının icrası, normativ aktların qeydiyyatı, cəzaların icrası, müvafiq məhkəmələrin təminatı və sair sahələr üzrə əlavə səlahiyyətlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" fərmanı da ədliyyə-məhkəmə sisteminin müasirləşdirilməsində mühüm rol oynamışdır. Fərmanda nəzərdə tutulan məhkəmə, prokurorluq və ədliyyə orqanları üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 5 oktyabr tarixli fərmanı ilə Nazirliyin tarixində ilk dəfə Penitensiar Xidmət yaradılmış və strukturu, ştat sayı təsdiq edilmiş, müasir standartlara uyğun tikilən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi, İstintaq Təcridxanası, 8 və 21 saylı müəssisələr istifadəyə verilmişdir.
Natiq Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən birinin də ekspertiza işinin təşkili olduğunu bildirərək demişdir: Maddi sübutların Bakı şəhərinə göndərilməsi sahəsində çətinliyin aradan qaldırılması və araşdırma operativliyinin təmin edilməsi məqsədi ilə 2005-ci ildə Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialı yaradılmışdır. Qısa müddət ərzində filial üçün inzibati bina ayrılmış, lazımi ekspertiza avadanlığı alınmışdır. Əhaliyə göstərilən qeydiyyat və notariat işini daha da təkmilləşdirmək məqsədi ilə 2010-cu ildə Naxçıvan şəhərində Nikah evi, Qeydiyyat şöbəsi və 3-cü Dövlət Notariat Kontoru yaradılmışdır.
Ali Məclisin sədri demişdir: Yaradılmış bu şəraitdən səmərəli istifadə olunması üçün nazirliyin kollektivi öz işini əsas fəaliyyət istiqamətlərinə uyğun qurmalıdır. Məhkumların təminatı, məşğulluğu, asudə vaxtının təşkili, onlara tibbi yardımın göstərilməsi daim diqqət mərkəzində saxlanmalı, bu sahədə aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlıq edilməlidir. Bələdiyyələrin işinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi, fəaliyyətlərinə nəzarət edilməsi, bələdiyyələr tərəfindən xüsusilə torpaq qanunvericiliyinin düzgün tətbiq olunması nazirliyin əsas vəzifələrindən biri olmalıdır. Məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilməlidir. Sahibkarlıq sahəsində yoxlamaların reyestrinin aparılması ilə əlaqədar Ədliyyə Nazirliyinə həvalə edilmiş vəzifələrin icrası nəzarətdə saxlanmalı və vaxtında yerinə yetirilməlidir. Muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının fəaliyyəti öyrənilməli, onların fəaliyyətinin nizamnamə məqsədlərinə uyğunluğu araşdırılmalıdır.
Ali Məclisin sədri vəzifələrin yerinə yetirilməsində kollektivə səmərəli fəaliyyət arzulamışdır.
Sonra inzibati binaya baxış olmuşdur.
Həmin gün Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yeni inzibati binasının da açılışı olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında