Şriftin ölçüsü:
19.04.2011 02:22 | Oxunma sayı: 456
Son zamanlar, istər bəzi kütləvi informasiya vasitələrində, istərsə də siyasi dairələrdə siyasi məhbus anlayışı və onun ölçü meyarlarının müəyyənləşdirilməsi ətrafında müxtəlif fikirlər səsləndirilməkdədir. AzərTAc-ın xüsusi müxbiri bu məsələyə aydınlıq gətirmək üçün Avropa Şurası parlament Assambleyası (AŞPA) yaz sessiyasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan müsahibə almışdır.
- Elxan müəllim, siyasi məhbus məsələsi və onun ölçü meyarlarının müəyyənləşdirilməsi məsələsi yenidən gündəmə gəlmişdir. Sizin rəhbərlik etdiyiniz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) uzun müddətdir ki, bu problemlə məşğuldur və siyasi məhbus kriteriyasının müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atmışdır. Bu məsələ barədə fikrinizi bilmək maraqlı olar.
- Bilirsiniz ki, hazırda Avropa Şurasında (AŞ) "siyasi məhbus" anlayışı ilə bağlı problemlər yenidən baş qaldırmışdır. Biz bu məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA ) hüquqi məsələlər və insan haqları komitəsinin bu ilin martın 8-də Parisdə keçirilmiş yığıncağında bir daha mövqeyimizi bildirmişik. Konkret olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq Komitəsində, mən isə Hüquqi məsələlər və insan haqları Komitəsində məsələyə münasibət bildirərək qeyd etmişik ki, nə qədər AŞ-ın siyasi məhbus anlayışı barədə ölçü meyarı yenidən müəyyənləşməmişdir, Azərbaycan hökuməti siyasi məhbus məsələsi ilə bağlı ölkəmizə təyin edilmiş məruzəçi ilə bu sahədə əməkdaşlıq etmək niyyətində deyildir.
Monitorinq Komitəsinin yığıncağında mən belə bir fikir səsləndirdim ki, Avropa Şurasının hüquqi sənədi olmadan və bununla bağlı ölçülər tam müəyyən edilmədiyindən hər hansı bir ölkədə siyasi məhbus araşdırılmasının aparılması qətiyyən düzgün deyildir. Ona görə də Avropa Şurası, ilk növbədə, siyasi məhbus məsələsi ilə bağlı xüsusi sənəd hazırlamalıdır. Həmin sənəddə öz əksini tapacaq ölçü meyarları AŞ-a üzv olan 47 ölkənin hamısına şamil edilməlidir. Əlbəttə, bundan sonra hər hansı bir ölkədə siyasi məhbus məsələsinin araşdırılması məqsədəuyğun hesab edilsə və hüquqi sənəd olarsa, həmin sənədlə bağlı AŞPA sessiyasında xüsusi qətnamə qəbul olunarsa, bu zaman Azərbaycan məruzəçi ilə hərtərəfli əməkdaşlıq edə bilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin və qurumun hüquqi məsələlər və insan hüquqları komitəsinin üzvü kimi mən AŞPA-nın sədri Mövlud Çavuşoğluna, Hüquqi məsələlər və insan hüquqları Komitəsinin rəhbəri Kristos Purquridesə və komitənin katibliyinə müraciət etmişəm. Müraciətdə komitənin üzvü, Azərbaycanda siyasi məhbus problemi üzrə məruzəçi Kristof Ştrasser ölkəmizə qarşı qeyri-obyektiv mövqelərini davam etdirməsi barədə məlumat vermişəm. Belə ki o, siyasi məhbus məsələsi istiqamətində heç bir araşdırma aparmadan 2001-ci ildə Cənubi Afrika üzrə tətbiq etdiyi ölçü meyarlarından istifadə etməklə, onları tamamilə fərqli bir ölkəyə - Azərbaycana tətbiq etməyə çalışır. Belə bir qeyri-obyektivliyi bir tərəfə qalsın, o, 2011-ci ilin martında Almaniya Bundestaqının üzvləri arasında "Bəxtiyar Hacıyev və Cabbar Savalanlının dərhal azad edilməsi barədə çağırış" adlı sənəd yaymışdır. Sənəddə onların dərhal azad edilməsi tələb edilmişdir. Ştrasser Bundestaq deputatlarını bu sənədə imza atmağa çağırmışdır. O, eyni zamanda, Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçi mandatını yerinə yetirməsi səbəbindən bitərəf mövqedən çıxış etməli olduğunu əsas gətirərək, özünün həmin sənədi imzalamağa ixtiyarı olmadığını bəyan etmişdir. Bu sənədə imza atdığı təqdirdə bitərəfliyi pozacağını bildirmişdir. Əslində Ştrasser etdiyi müraciətlə neytral mövqe tutmaq prinsipini pozmuşdur. Çünki Azərbaycan üzrə məruzəçi təyin edilmiş almaniyalı deputat belə bir addımı atmamalı idi. Bununla da o, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu bir daha nümayiş etdirmiş oldu.
Yaz sessiyasının gedişi zamanı mən siyasi məhbus kriteriyasının müəyyənləşdirilməsi ilə bağlı məsələnin AŞ-da, hüquqi məsələlər və insan hüquqları komitəsində gündəmə gətirilməsi çoxsaylı Avropa ölkələri deputatlarında obyektiv fikir formalaşdıra bilmişdir. Belə ki, Qərbi Avropanın 10 dövlətinin parlamentarları, beş siyasi qrupu təşkil edən 50-yə yaxın deputat büroya xüsusi sənəd hazırlamışlar. Bu sənəddə göstərilmişdir ki, Avropa Şurasının siyasi məhbuslarla bağlı ölçü meyarları yoxdur. Buna görə də bu meyarların müəyyənləşdirilməsi üçün büro məsləyə yenidən baxılması üçün qərar verməlidir. Sənədə mayın 27-də Kiyevdə keçiriləcək büronun növbəti yığıncağında baxılacaqdır.
Siyasi məhbuslara dair ölçü meyarının müəyyənləşdirilməsi məsələsi Nazirlər Komitəsinin yığıncağında da nəzərdən keçiriləcəkdir. Güman edirik ki, istər Nazirlər Komitəsi, istərsə də AŞPA bürosu nəhayət bu məsələni baxılmaq üçün Hüquqi məsələlər və insan hüquqları komitəsinə tövsiyə edəcəkdir.
Mənim rəhbərlik etdiyim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına yardım Assosiasiyası mayın sonlarında Bakıda siyasi məhbus meyarlarının müəyyənləşdirilməsi ilə bağlı konfrans keçirməyi nəzərdə tutmuşdur. Konfransa AŞPA Hüquqi məsələlər və insan hüquqları, monitorinq, siyasi komitələrin üzvləri ilə yanaşı, büro üzvləri də dəvət ediləcəklər.
Avropa Şurasının siyasi məhbusla bağlı düzgün ölçü meyarlarının müəyyənləşdirilməsi istiqamətində ədalətli qərar qəbul edilməsinə dair konfransda xüsusi qətnamə qəbul olunacaqdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.