Hörmətli redaksiya, başımız çox müsibətlər çəkib. Rayonumuz sərhəd bölgəsində yerləşdiyindən 5 ildən artıq mərmi yağışı altında yaşamışıq. Bu gündən sabaha gümanımız yox idi. Boğazımızdan çörək getmirdi. Hər gün kəndlərimizdən, qəsəbələrimizdən gələn ölüm xəbərlərindən həyatımız zəhərə dönmüşdü.
İgid oğullarımız torpaqlarımızı qorumağa dirəniş göstərsələr də, sonda bütün əziyyətlərimiz hədər oldu. Övladlarımızı, doğmalarımızı, ən nəhayət ev-eşiyimizi, isti od-ocağımızı itirdik.
Bütün bu bəlaların əsası isə müstəqillik yoluna qədəm qoyan Azərbaycanımızda səriştəsiz, başıpozuq adamların hakimiyyət davasından başlandı. Hərə bir dəstə yaratdı, bir vəzifəyə iddiasını irəli sürdü. Hətta qonşu dövlətlə sərhədləri də söküb dağıtmaq kimi ağılsız hərəkətlərdən belə çəkinmədilər.
Həmin adamlar yenə də hakimiyyət həvəsinə düşüblər. Yenə də ölkədə hərc-mərclik yaratmaq üçün hər şeyə hazırdırlar.
Biz məcburi köçkünlər təəssüflənirik ki, onlar olub-keçənlərdən lazımi ibrət dərsi almayıblar. Əgər 20 il bundan əvvəl ittifaq hökumətindən ayrılan Azərbaycanda kifayət qədər problemlər var idisə, bu gün vəziyyət köklü surətdə dəyişmişdir. Ölkəmiz durmadan inkişaf edir, əhalimizin güzəranı, həyat şəraiti yaxşılaşır, dövlətimizin dayaqları möhkəmlənir, ordumuzun qüdrəti günbəgün artır. Belə bir vaxtda Azərbaycanda iğtişaş salmaq həvəsinə yalnız düşmən qüvvələr düşə bilər.
Əlbəttə, dünyanın bütün ölkələrində problemlər var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş son iclasını yada salaq. Dövlət başçısı xalqımızı düşündürən, narahat edən bütün məsələlərdən söz açdı. Prezidentimiz bir daha göstərdi ki, ölkənin bu günü, sabahı ilə yaşayır. Xalqının qayğılarından, dövlətin həll etməli olduğu məsələlərdən hərtərəfli xəbərdardır. Həm də həmin problem və qayğıların həlli yolunu müdrikliklə, vaxtı, məqamı ilə göstərdi.
Bir daha əmin olduq ki, ulu öndərimiz Heydər Əliyevin söylədiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri... İlham Əliyev başa çatdıra biləcək" fikri nə qədər dəqiq və gerçəkdir.Bu gün doğma Azərbaycanımız özünün yüksək intellektli, enerjili Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının yeni mərhələsinə doğru qətiyyətlə addımlayır.
Dövlət başçısı ölkəmizin sosial-iqtisadi inkişafı ilə bərabər Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barəsində də özünün konkret fikirlərini söylədi.Yaxın keçmişə nəzər salaraq qeyd etdi ki, ermənilər tərəfindən minlərlə günahsız soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, azərbaycanlılara qarşı soyqırımı həyata keçirilmişdir. İşğala son qoyulması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələr hələ də icra olunmamışdır. Cənab Prezident hamımızın ürəyindən keçən aşağıdakı fikri söylədi: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu, məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir".
Biz məcburi köçkünlər ATƏT-in qiymətləndirmə missiyasının nəticəsindən görürük ki, ermənilər işğal etdiyi ərazilərin adlarını dəyişir, məscidlərimizi, qəbirlərimizi, bütün infrastrukturu dağıdırlar. Biz tələb edirik, erməni vandalizminə son qoyulsun!
Məcburi köçkünlük həyatı yaşasaq da, Azərbaycan dövləti və onun Prezidenti cənab İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Hər ay hər bir məcburi köçkün yemək xərci vəsaiti alır, bütün kommunal ödənişlərdən azaddır. Özlərindən asılı olmayan səbəblərə görə iş yerini itirmiş büdcədən maliyyələşən işçilərə orta aylıq əmək haqqı verilir. Yemək xərcinin yenidən artırılacağı nəzərdə tutulmuşdur. Vaqon və çadırlarda məskunlaşan məcburi köçkünlər artıq abad, yaraşıqlı qəsəbələrə köçürülüb, yaşayış şəraiti ağır olan soydaşlarımıza ilk növbədə evlər veriblər. Hal-hazırda bu iş davam etdirilir. Əhalinin kompakt məskunlaşdığı yataqxanalar təmir edilir, yeni iş yerləri açılır.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2011-ci il tarixli Sərəncamının müddəalarına uyğun olaraq yataqxana və yarımçıq binalarda məskunlaşan məcburi köçkünlər yaxın bir neçə ildə yeni yaşayış yerlərinə köçürüləcəkdir.
Prezidentimiz Nazirlər Kabinetinin iclasında bütün imtiyazlı əhalinin əmək haqlarının, pensiyalarının artırılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Xüsusən 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyalarının artırılacaqdır. Əlbəttə, bunlar biz məcburi köçkünlərə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlil və veteranlarının da həyat şəraitinin yaxşılaşdırılmasına səbəb olacaq. Buna görə də biz cənab Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
Radikal müxalifət partiyalarının dağıdıcı, düşmənçilik hərəkətləri bizi son dərəcə hiddətləndirir. Onlara bildiririk ki, siz bu xalqı bir daha qırğına vermək fikrindən çəkinin. Tarix bu xəyanəti heç vaxt sizə bağışlamaz. Gəlin birlikdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərinə köməklik edək, dövlətimizin, xalqımızın bu gününə və gələcəyinə öz töhfəmizi verək.
Zəngilanlı məcburi köçkünlər:
Məmmədov Ənvər Əli oğlu - Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri
Novruzova Zöhrə Saleh qızı - şəhid anası
Hüseynov Hüseyn Həsən oğlu - Qarabağ müharibəsi əlili
İsgəndərov Xuduş Əmən oğlu - rayon Ağsaqqallar Şurasının sədri
İsgəndərov Oktyabr Həmid oğlu - əməkdar müəllim
Hüseynov İsgəndər Abasqulu oğlu - təqaüdçü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.