"15 il idi ki, AXCP sədri, əmim oğlu Əli Kərimlinin yalanlarının əsiri idim..."
Eşidəndə ki, müxalifət etiraz aksiyalarına başlayıb və bu aksiyaların təşkilatçıları AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir, gözlərim önündə 2003 və 2005-ci illərdə keçirilən mitinqlər canlandı. 2003-cü ildə keçirilən prezident seçkilərində məğlub olan İsa Qəmbər guya onun səsinin oğurlandığını deyərək bizi etiraz aksiyasına səsləmişdi. Sonradan məlum oldu ki, İsa Qəmbər səs toplaya bilməyib və biabırçı məğlubiyyəti ört-basdır etmək üçün cəfəng yalanlar uydurur.
2005-ci ildə də belə bir hadisə baş verdi. Həmin il keçirilən parlament seçkilərində seçicilərin etimadını qazanmayan AXCP sədri Əli Kərimli bizi "Qələbə" kinoteatrının qarşısında keçirilən mitinqə çağırdı. Mən Saatlı rayonunun Azadkənd kəndində yaşayıram. Əli Kərimli mənim doğmaca əmim oğludur. Bundan başqa da qohumluq əlaqələrimiz var. 2005-ci ildə Əli Kərimlinin çağırışı ilə kənddən yığışıb Bakıya - "Qələbə" kinoteatrının qarşısına getdik. Mitinq icazəli idi. Ayrılmış vaxt başa çatdıqdan sonra Əli Kərimli öz tərəfdarlarına müraciət edərək dedi ki, heç kim meydanı tərk etməsin. İndi də oturaq aksiya keçirəcəyik. Biz də onun sözünə qulaq asıb meydanda oturduq. Bizə qabaqcadan demişdilər ki, hər şey xarici ölkələrlə danışılıb, razılaşdırılıb. Onlar bizi müdafiə edirlər. Çoxlu pul veriblər. Biz meydanda oturanda mitinq təşkilatçıları bir-bir aradan çıxdılar. Asayiş keşikçiləri qanunsuz aksiyanı dağıtdı və qanuna riayət etməyənləri polis şöbəsinə apardılar. O vaxt - 2005-ci ildə məni də şöbəyə apardılar və 10 sutka həbs cəzası verdilər. Bu müddət ərzində arxamca heç kim gəlmədi. Ailəmin dolanışığı ilə kimsə maraqlanmadı. Bütün bunlar faktdır. Amma "Azadlıq" qəzetinin 7 aprel 2011-ci il tarixli sayında AXCP Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli yazır ki, guya mən - Kərimov Sabir 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ş.Hacıbəyli həmin yalanları mənim bu il aprelin 4-də dövlət televiziyasındakı çıxışımdan sonra deyib. Çünki mən həmin çıxışımla AXCP sədri Əli Kərimlinin, onun əlaltısı AXCP Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəylinin və digərlərinin iç üzünü açdım, maskalarını yırtdım. Mən qəzetə ancaq yalan məlumatlar ötürməklə məşğul olan Şamil Hacıbəyliyə demək istəyirəm ki, niyə bu yalan və böhtanları yaymaqdan utanmırsınız? Mən 2005-ci ildə 10 sutka həbs cəzası alanda bəs siz harada idiniz? Deyimmi harada idiniz? Mitinq iştirakçılarına paylamaq adı ilə aldığınız pulları tində-bucaqda bölüşürdünüz.
Mən 2005-ci ildən yox, 2011-ci il aprelin 4-dən Yeni Azərbaycan Partiyasının üzvüyəm. AXCP sədri Əli Kərimli, onun əlaltıları və digərlərinin yalan vədlərindən bezdim, cana doydum. Bu illər ərzində gördüm ki, onlar biz gəncləri aldadıb qabağa verir, son anda isə özləri xəlvətcə aradan çıxırlar. Mitinqlərin keçirilməsi üçün "ağa"larından aldıqları pulları isə öz aralarında bölüşürdülər.
On beş il idi ki, əmim oğlu Əli Kərimlinin yalanlarının əsiri idim. Artıq son qoydum bu "əsirliyə". Hamısına nifrət etdiyimi açıq bəyan edib AXCP sıralarından istefa verdim. 2011-ci il aprelin 4-dən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu partiyanın sürətlə inkişaf etdiyini, dünyada mövqelərinin möhkəmləndiyini görürəm. Əhalinin əmək haqları, pensiyaları mütəmadi olaraq artırılır, yeni iş yerləri açılır, regionlar abadlaşır, sabitlik tam təmin olunub. Bütün bunların hamısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin gərgin səyləri, uzaqgörənliyi hesabına həyata keçirilir. Ümid edirik ki, düşmən tapdağı altında olan ərazilərimiz də Prezident İlham Əliyevin rəhbərliyi altında azad ediləcək. Mən də bir YAP üzvü kimi bu işlərdə fəal iştirak edəcəyəm.
Üzümü gənclərə tutub deyirəm ki, nə qədər gec deyil, siz də bu ziyanlı yoldan qayıdın. Sizləri icazəsiz mitinqlərə, dövlətçiliyə qarşı mübarizəyə çağıranlar xalqını, millətini, Vətənini sevməyənlərdir. Əli Kərimli, İsa Qəmbər və onların əlaltıları yalnız özlərini düşünürlər. Onları xalq, millət, Vətən yox, xarici himayədarlarından aldıqları müftə pullar maraqlandırır. Bu pullar hesabına özlərinə, uşaqlarına hər cür şərait qurublar. Bizlərə isə yalan vədlər verir, qızışdıraraq dövlətçiliyə qarşı mübarizəyə səsləyirlər.
Sevinirəm ki, gec də olsa, bu ziyanlı yoldan döndüm. Artıq Əli Kərimlinin əsirliyindən azad olmuşam. Radikal müxalifətin yalan vədlərinə inanmayın. Onlar sizi uçuruma aparır. Nə qədər gec deyil, ayılın.
{nl}
Sabir KƏRİMOV, Saatlı rayonu, Azadkənd kəndi
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.