Antimilli qüvvələr gəncləri öz mövqeyindən döndərə bilməyəcək
Azərbaycanda gənclərə həmişə böyük etimad göstərilib, müstəqilliyimizin möhkəmləndirilməsində, əbədi olmasında gəncliyin çiyinlərinə çox ağır yük düşüb. gənclərimiz də öz əməlləri, dövlətçiliyə sədaqətli olmaları ilə onlara tapşırılan hər bir vəzifənin öhdəsindən layiqincə gəlirlər və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda fəallıq göstərirlər.
Ümummilli lider Heydər Əliyev ölkəmizdə vətənpərvər, sağlam düşüncəli, müasir təfəkkürlü gənclərin yetişdirilməsini çox mühüm vəzifə kimi qarşıya qoymuşdu. 1999-cu il iyulun 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərman və həmin fərmanla təsdiq edilmiş geniş tədbirlər planı Azərbaycan gəncliyinin inkişafında mühüm mərhələ oldu. "Gənclər siyasəti haqqında" Qanunun qəbul olunması bu sahədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edirdi. Bundan sonra bir-birinin ardınca həyata keçirilən tədbirlər gəncliyin daha da inkişafına, beynəlxalq aləmə inteqrasiyasına geniş üfüqlər açdı.
Ulu öndərin siyasi xəttini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də Azərbaycan gəncliyinin daha da mətinləşməsi, beynəlxalq aləmdə keçirilən tədbirlərdə fəal iştirak etməsi, ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün əlverişli şərait yaratdı, bir sıra mühüm əhəmiyyətli sənədlər imzaladı. Gəncləri elmə, təhsilə, elmi-texniki yaradıcılığa həvəsləndirmək, ictimai-siyasi həyatda fəal iştiraka marağı artırmaq, Vətənimizin inkişafı, tərəqqisi, ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atılması üçün bütün imkanlardan istifadə olundu. Artıq Azərbaycan gənclərinin xoş sədaları dünyanın müxtəlif ölkələrindən, mötəbər beynəlxalq təşkilatların tribunalarından eşidilir. Məhz gənclərimizin təşəbbüsü ilə təşkil olunmuş "Xocalıya ədalət" kampaniyası beynəlxalq aləmdə böyük rezonans yaratdı. Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının Azərbaycanda törətdikləri dəhşətli qırğınlar, vandal aktları və soyqırımı barədə dünya ictimaiyyətinə geniş məlumat verildi. Artıq Ermənistan dünyada işğalçı, qəsbkar dövlət kimi tanınır. Hazırda ölkəmizin inkişafında, regionların tərəqqisində gənclərimiz yaxından iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsində böyük rol oynayacaq.
Təəssüf edirik ki, adlarını müxalifət qoyan, əslində isə əsas məqsədləri hakimiyyəti zorakılıqla, qeyri-konstitusion yolla ələ keçirmək olan bir qrup vəzifə hərisi gənclərimizi yalan vədlərlə aldadaraq dövlətçiliyə, müstəqilliyə qarşı mübarizəyə səsləyir, bu yolla xalqla hakimiyyət arasında nifaq salmağa çalışırlar. Təəssüf ki, onların belə yalanlarına inanıb tora düşən gənclərimiz az da olsa hələ də var. Belələri müasir həyatla ayaqlaşa bilməyən, ictimai faydalı əməklə məşğul olmaq istəməyən, indiki dövrə uyğun təfəkkür tərzi olmayan qeyri-yetkin gənclərdir. Onlar qeyri-qanuni aksiyalara qoşulur, kimlərinsə təhriki ilə mağazaların, yaşayış evlərinin şüşələrini sındırır, abadlığı məhv edirlər. Belələri gec də olsa səhv yolda olduqlarını dərk edəcəklər. Belə gənclər Ruslan Bəşirlinin düşdüyü vəziyyətdən nəticə çıxarmalı, antimilli qüvvələrin təhrikçi hərəkətlərinə uymamalıdırlar.
Yəqin ki, unutmamısınız. Bir neçə il əvvəl AXCP sədri Əli Kərimli Ruslan Bəşirliyə yağlı vədlər verərək onu Tbilisiyə ermənilərlə sövdələşməyə göndərmişdi. Azərbaycanda təşkil olunacaq iğtişaşlara maliyyə dəstəyi göstərən erməni separatçıları AXCP sədrinə çatacaq vəsaiti Ruslan Bəşirli vasitəsilə göndərməli idilər. Nəticədə bu xəyanətkar əməllərin üstü açıldı və Ruslan Bəşirli qanunla cəzalandırıldı. O, neçə illərdir ki, məhbus həyatı yaşayır. Əli Kərimli isə əvvəlki kimi rahat həyat tərzi sürür. İndi də digər gəncləri aldadıb Ruslan Bəşirlinin vəziyyətinə salmaq istəyir. Ancaq müasir təfəkkürlü, ictimai-siyasi hadisələri düzgün qiymətləndirməyi bacaran gənclərimiz Ruslan Bəşirlinin aqibətini yaşamaq istəmirlər. Onlar AXCP sədri Əli Kərimliyə, Müsavat Partiyasının rəhbəri İsa Qəmbərə və iğtişaşlar törətmək istəyən digər siyasi partiyalara ciddi etirazlarını bildirir və bu xəyanətkar əməllərə son qoymağı tələb edirlər.
İctimai Palata adlı qurumun ölkədə qarşıdurma yaratmaq və ictimai-siyasi sabitiyi pozmaq cəhdlərinə etiraz edən gənclərin sayı sürətlə artır.
Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının tələbələri də redaksiyamıza müraciət edərək AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərin gəncləri iğtişaşlara cəlb etmələrinə ciddi etirazlarını bildirmişlər.
Afət Ağababayeva: - Mən Azərbaycanda aparılan islahatlardan, yenidənqurma və abadlıq işlərindən çox razıyam. Gənclərin təhsil almaları üçün hər cür şərait yaradılıb. Dövlət başçımızın qəbul etdiyi qərarlar ölkəmizin sürətli inkişafına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə istiqamətlənib. Bu gün ara qarışdırmaq istəyənlər bu inkişafı gözü götürməyənlərdir. Onların çağırışına səs verən olmayacaq.
Süleyman Ramazanov: - Azərbaycan artıq dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Mən bundan sevinir və qürur hissi keçirirəm. Fəxr edirəm ki, belə bir ölkədə yaşayıram. Düşünürəm ki, işğal altında olan ərazilərimiz azad olandan sonra Azərbaycan daha sürətlə inkişaf edəcək. Bir qrup adam özlərini ortalığa atıb ölkədə xaos və anarxiya mühiti yaratmaq istəyirlər. Yaxşı olardı ki, onlar öz beyinlərində inqilab edib həyata sağlam düşüncə ilə baxsınlar.
Şəbnəm Bayramova - Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz İlham Əliyev biz gənclərin sosial problemlərinin aradan qaldırılması və yüksək təhsil almamız üçün hər cür şərait yaradıblar. Biz də bu imkanlardan istifadə edib xalq, Vətən üçün faydalı bir iş görməli, ölkəmizin tərəqqisinə çalışmalıyıq. Gənclərimizi hakimiyyətə, dövlətçiliyə qarşı aksiyaya çağıranlar xalqını, Vətənini istəməyən adamlardır. İnana bilmərəm ki, ağıllı, düşüncəli gənclər onlara qoşulub dövlətçiliyə qarşı çıxsınlar. Şəxsən mən belələrinə nifrət edirəm.
Məkanə Osmanova: - Azərbaycan Prezidenti gənclərimizin daha yaxşı təhsil almaları, ixtisaslarına uyğun işlə təmin olunmaları, rahat yaşamaları üçün daha bir Dövlət Proqramını təsdiqlədi. Bu, bizim gələcəyə olan inamımızı daha da artırıb. Məgər Əli Kərimlinin, İsa Qəmbərin və digər müxalifət nümayəndələrinin övladları bu sənədlərdə faydalanmayacaqlar. Əlbəttə faydalanacaqlar. Onların uşaqları müftə pullar hesabına çox yaxşı yaşayırlar. Heç olmasa imkan versinlər ki, biz də ali təhsilimizi başa vurub arzularımızı həyata keçirək.
Məsmə Abdullayeva: - Mən inana bilmərəm ki, savadı, qabiliyyəti olan gənc öz vaxtını küçə və meydanlarda boş, mənasız şüarlar səsləndirməyə, çığırıb-bağırmağa, mağazaların, evlərin şüşələrini sındırmağa sərf etsinlər. Bu, tüfeyli həyat tərzi yaşayanların işidir. Ağıllı, düşüncəli gənc bütün enerjisini Vətənin inkişafına, çiçəklənməsinə sərf edər.
Fərid Əzimov: - Hər dəfə düşünəndə ki, torpaqlarımızın 20 faizi hələ də ermənilərin tapdağı altındadır, az qalır ki, ürəyim partlasın. Bütün cəhətlərinə görə Azərbaycan Ermənistandan qat-qat üstündür. Bəs niyə torpaqlarımız işğalda qalmalıdır? Görəsən Əli Kərimli ilə İsa Qəmbər bu barədə düşünürlərmi? Heç eşitmədim ki, adlarını müxalifət qoyan belələri gənclərə müraciət edib desinlər ki, Vətəni göz bəbəyi kimi qoruyun. Torpaqlarımızın azad olunması uğrunda birgə mübarizə aparın. Özləri kabinetlərdə və ya villalarında oturub siyasi cəhətdən yetkin olmayan gəncləri irəli verirlər. Onlar da əsl həqiqəti dərk etmədən mağazaların, yaşayış evlərinin şüşələrini sındırırlar. Mənim belə gənclərə yazığım gəlir. Biz hamımız sabahın əsgərləriyik. Bu gün-sabah milli ordunun formasını geyinib ərazilərimizi qorumağa gedəcəyik. Belə çıxır ki, Əli Kərimli, İsa Qəmbər və digər hakimiyyət hərisləri gənclərə deyəcəklər ki, silahı atın, qaçın. Sındırmağa şüşə tapmasanız, silahlarınızı sındırın. Bu nə müxalifətçilikdir? Belə də müxalifət olar? Bu, öz xalqına, Vətəninə qarşı düşmənçilikdir. Biz gənclər heç vaxt belələrinin ardınca getmərik. Biz dövlətimizin başçısının gördüyü işləri, həyata keçirdiyi siyasəti bəyənirik. İnanırıq ki, torpaqlarımız azad olunacaq və doğma ocaqlarından didərgin düşən soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Bütün bunların möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi müdrikliyi sayəsində reallaşacağına inanıram.
Göründüyü kimi, artıq ali məktəb tələbələri də İctimai Palata adlı qeyri-formal qurumun ölkədə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş cəhdlərini pisləyir, bu qurumda təmsil olunan siyasi partiya rəhbərlərini antimilli mövqelərindən əl çəkməyə çağırırlar. Söhbətləşdiyimiz gənclər tam əminliklə bildirirlər ki, Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr ölkəmizin inkişafını, dünya birliyində mövqelərimizin getdikcə möhkəmlənməsini gözü götürməyənlərdir. Elə ermənilərin də istədikləri budur. Azərbaycanın sürətli inkişafını, əhalinin həyat səviyyəsinin günbəgün yüksəlməsini istəməyən mənfur qonşularımız, xarici düşmənlərimiz bu əmin-amanlığı pozmaq, qarşıdurma yaratmaq üçün "sapı çürük olan baltalardan" - radikal müxalifətdən alət kimi istifadə edirlər. Xalq belə antimilli vəzifə hərislərinin çirkin niyyətlərinin reallaşmasına heç vaxt imkan verməyəcək.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.