Dağlıq Qarabağdan olan gənclər Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirmişlər

"Ermənipərəst qüvvələrin sifarişini yerinə yetirən radikal müxalifətə, İsa Qəmbərə, Əli Kərimliyə ar olsun!"
Son vaxtlar İctimai Palata qanunsuz qurumda toplaşan radikal müxalifət partiyalarının ölkəmizdə qarşıdurma, iğtişaşlar yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb. Radikal mövqedən əl çəkməyən azsaylı qruplar xalqı, xüsusən də gəncləri yalan vədlərlə aldatmağa çalışır, ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna kölgə salmağa cəhd göstərirlər. Ancaq Azərbaycan xalqı və müasir gənclik kimin-kim olduğunu çox yaxşı bilir. Artıq hamıya bəllidir ki, radikal müxalifət xaricdəki bəzi ermənipərəst dairələr tərəfindən maliyyələşdirilir, onların diqtəsi ilə hərəkət edir və ölkədə xaos, anarxiya mühiti yaratmağa çalışırlar. Bu da təsadüfi deyildir. Çünki AXC-Müsavat cütlüyü hakimiyyətdə olanda ölkədə özbaşınalıq, mənəm-mənəmlik, anarxiya baş alıb gedirdi. İnsanların hüquqları kobud şəkildə pozulurdu. Onlar öz qeyri-qanuni iddialarını hətta zorakı və məcburi qaydada həyata keçirirdilər.
AXC-Müsavat cütlüyünün tör-töküntüləri bu gün yenidən zorakılığa və dağıdıcı vasitələrə əl atmaq istəyirlər. Onlar bu yolla hakimiyyəti zəbt etmək arzusundadırlar. Xaricdəki antiazərbaycan dairələri və erməni lobbisi də belə qeyri-yetkin ünsürlərdən faydalanmaq niyyətinə düşüblər. Martın 12-si və aprelin 2-də radikal müxalifətin keçirməyə çalışdığı icazəsiz aksiya da bunların antimilli mövqelərini açıq-aşkar təsdiqlədi. Onlar əvvəlki dağıdıcı ənənələrinə sadiq qalaraq ticarət şəbəkələrinin, yaşayış evlərinin şüşələrini sındırdılar və digər vandal aktları törətdilər. İctimai Palata adlı qeyri-formal qurumun üzvləri növbəti qeyri-qanuni aksiyaya hazırlaşırlar. Bütün bunlar xalqın etirazına və qəzəbinə səbəb olub. Dünyada gedən prosesləri çox yaxşı bilən və izləyən Azərbaycan gəncliyi AXCP sədri Əli Kərimliyə və Müsavat Partiyasının başqanı İsa Qəmbərə ciddi narazılıqlarını bildirir, onları tutduqları antimilli mövqedən çəkinməyə çağırırlar. Dağlıq Qarabağdan olan gənclər bu məqsədlə dünən Müsavat Partiyası qərargahının qarşısında etiraz aksiyası keçirdilər.
Yüzlərlə gənc əllərində müxtəlif şüarlar tutaraq Müsavat Partiyasının qarşısına toplaşmışdılar. Bu vaxt partiyanın rəhbəri İsa Qəmbər özünə məxsus bahalı maşında qərargaha gəldi. O, əllərində müxtəlif şüarlar tutmuş gəncləri görcək özünü itirdi və cangüdənlərinin əhatəsində tələsik binaya girdi. Gənclər əllərində müxtəlif şüarlar və plakatlar tutmuşdular: "Qarabağa gedən yol mitinqlərdən yox, sabitlikdən keçir!", "Biz AXC-Müsavat hakimiyyətinin Vətənimizin başına gətirdiyi faciələri unutmamışıq!", "Müsavata sağlam düşüncəli gənclər yox, ermənilərlə sövdələşməyə gedən satqınlar lazımdır!", "Aldığınız qrantların hesabat vaxtıdırmı?", "AXCP və Müsavat, sizin hərəkətləriniz düşmənlərimizin mənafeyinə xidmət edir", "Torpaqları satmaq üçün Müsavata və İsa Qəmbərə bir daha imkan verilməyəcək!". Müsavatçılar gənclərin etiraz aksiyasını qərargahın pəncərələrindən seyr edir, onları təxribata sövq etmək məqsədilə replika atırdılar. Gənclər isə sanki od püskürür, İsa Qəmbərə müraciətlə hayqırırdı: "Nə istəyirsən bu xalqdan, əl çək antimilli hərəkətlərindən. Xalq sənin iç üzünü yaxşı tanıyır. Xəyanətkar əməllərinizə görə cavab verəcəksiniz! Xalq sizə nifrət edir! Ar olsun xəyanətkarlara!
Biz mitinq iştirakçılarına yaxınlaşıb onların Müsavat Partiyasının qərargahının qarşısına toplaşmalarının səbəbi ilə maraqlandıq. Müsahibimiz əslən Xocəvənd rayonundan məcburi köçkün Zahid Aslanov dedi:
- Bizim piket keçirməkdə məqsədimiz Müsavat Partiyasının, xüsusilə də onun başqanı İsa Qəmbərin son vaxtlar dövlətçiliyə və xalqa qarşı açıq şəkildə həyata keçirdiyi antimilli hərəkətlərdir. Onlar ermənilərin və ermənipərəst xarici himayədarlarının sifarişi ilə Azərbaycanda iğtişaşlar törətmək, ara qarışdırmaq və gəncləri asayiş keşikçiləri ilə üz-üzə qoymaq istəyirlər. Hakimiyyəti qeyri-konstitusion, zor yolu ilə ələ keçirmək istəyən İsa Qəmbər və tərəfdarları Azərbaycana düşmən qüvvələrdən maliyyə dəstəyi alırlar. Onlar əldə etdikləri qrantlardan ətraflarına topladıqları gənclərə çox cüzi məbləğ verərək, Vətənə, xalqa, dövlətə qarşı qanunsuz hərəkətlərə sövq edirlər. Heç bir yerdə işləmək istəməyən, haram pullar hesabına tüfeyli həyat tərzi keçirən radikal müxalifətin iğtişaşlar törətmək, ölkəni xaos, anarxiya girdabına sürükləmək niyyətinin qarşısı qətiyyətlə alınmalıdır.
Bu gün hər birimizi Dağlıq Qarabağ probleminin nizamlanması, işğal altında olan torpaqlarımızın azad edilməsi düşündürməlidir. Möhtərəm Prezidentimizin bu istiqamətdə atdığı qətiyyətli addımlar artıq beynəlxalq aləm tərəfindən də dəstəklənir. İsa Qəmbər və ətrafı bundan sevinmək əvəzinə xalqa qarşı düşmən mövqe tuturlar. Ona görə də müxtəlif qeyri-qanuni hərəkətlərə yol verərək ictimaiyyət arasında çaşqınlıq yaratmaq istəyirlər. Bu isə biz qarabağlı gənclərin hiddətinə səbəb olub. Bütün imkanlardan istifadə edərək radikal müxalifətin antimilli hərəkətlərinin qarşısını alacağıq.
Yapon Hacıyev, Şuşa rayonundan olan məcburi köçkün:
- Biz gənclər çox yaxşı bilirik ki, 1992-ci ildə silah gücünə hakimiyyətə gələn AXC-Müsavat cütlüyü iqtidarda qaldığı bir il ərzində ölkəni uçuruma sürüklədi. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Qanunsuz silahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Nə yaxşı ki, xalqın təkidli tələbindən sonra ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Onun siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanın sürətlə və dinamik inkişaf edən ölkəsinə çevrildi.
Qlobal maliyyə böhranının dünyada böyük fəsadlar törətməsinə baxmayaraq iqtisadiyyatımız heç vaxt özünün inkişaf tempini itirmədi, dövlət büdcəsinin həcmi durmadan artdı, əhalinin yaşayış səviyyəsi xeyli yüksəldi. Məhz məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində təkcə keçən il ölkəmizdə 70 mindən çox iş yeri təşkil olunmuşdur. 2003-cü ildən bu günə qədər isə ölkəmizdə 900 mindən çox iş yeri açılmışdır. Bütün bunlar biz gənclərin ürəyincədir. Bir vaxtlar gənclər işləmək üçün müxtəlif ölkələrə üz tutmuşdular. İndi hər birimiz doğma Vətənimizdə işləyir, yüksək məbləğdə əməkhaqqı alırıq. Bütün bunlar İsa Qəmbəri, Əli Kərimlini və digərlərini yandırıb-yaxır. Çünki onlarda azərbaycançılıq hissi, milli qürur hissi yoxdur. Bütün vasitələrlə çalışırlar ki, ölkəmiz beynəlxalq aləmdə gözdən düşsün. Onlar bu yolda hətta ermənilərlə də həmrəy olublar. Bu isə əsl azərbaycanlıya yaraşan xüsusiyyət deyil. Xainlər layiq olduqları cəzanı almalıdırlar.
Natiq Quliyev, Şuşa rayonunun Malıbəyli kəndindən olan məcburi köçkün:
- Mən idmançıyam, qaydasız döyüşlə məşğul oluram. Özüm də dəfələrlə respublika çempionu, beynəlxalq turnirlərin qalibi, dünya çempionu olmuşam. Azərbaycanı Ukraynada, Almaniyada, Belarusiyada, Nalçikdə uğurla təmsil etmişəm. Dəfələrlə Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırmışam. Bu yarışlarda çoxlu sayda erməni idmançıları ilə qarşılaşmışam və onlara qalib gəlmişəm. Mən fəxr edirəm ki, Azərbaycandan kənarda ölkəmizi uğurla təmsil edirəm. Bu şəraiti bizə möhtərəm Prezidentimiz İlham Əliyev yaradıb.
İsa Qəmbər və onun ətrafında olanlar hakimiyyətdə olarkən torpaqlarımızı asanlıqla ermənilərə verdilər. Onların hakimiyyəti dövründə Azərbaycan parçalanmaq, yox olmaq və xəritədən silinmək üzrə idi. Bu siyasətbazların törətdikləri əməllər nəticəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Son anda xalqı ağır və dözülməz vəziyyətdə atıb qaçdılar. Bütün bunlar xalqın yaddaşından silinməyib. İndi isə utanıb-qızarmadan yenidən hakimiyyətə gəlmək istəyirlər. Özü də demokratik yolla yox, zor gücünə. Elə bilirlər ki, hakimiyyətdə olduqları dövrdə bu xalqın başına gətirdikləri müsibətlər yaddan çıxıb. O dövrdə özbaşınalıq, xəyanət və ordudakı hərc-mərclik nəticəsində Qarabağ döyüşlərində çoxlu sayda insan həyatını itirdi. Onların övladları atasız-anasız böyüyüb. İsa Qəmbərin oğlu isə çox yüksək səviyyədə yaşayır və hər şeylə təmin olunub.
Möhtərəm Prezidentimizin qayğısı sayəsində bizim də həyat şəraitimiz getdikcə yaxşılaşır. Bu isə xaricdəki anti-Azərbaycan dairələrin və İsa Qəmbər kimi xəyanətkarların qısqanclığına səbəb olur. Son vaxtlar həmin qüvvələrin əhalini qanunsuz mitinqlərə səsləməsi, ölkədə xaos, anarxiya yaratmaq istəməsi isə bataqlıqda batan insanın saman çöpünə əl atmasına bənzəyir. Çünki bu düşərgədə yaxşı anlayırlar ki, xalq onların üstündən birdəfəlik xətt çəkib və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək şansları yoxdur. İndiyədək keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri də belə deməyə əsas verir. Odur ki, qeyri-sivil yolla hakimiyyətə gəlmək istəyirlər. Bu isə baş tutan deyil. Xalq belə xəyanətkarların arxasınca getməyəcək. Bunu Əli Kərimli, İsa Qəmbər və onların azsaylı tərəfdarları da çox yaxşı bilir. Bu gün Müsavat Partiyasının qərargahının qarşısına toplaşmaqda məqsədimiz odur ki, İsa Qəmbərə layiq olduğu yeri bildirək. O deyir ki, biz Qarabağı azad edəcəyik, ancaq məcburi köçkünləri ora qoymayacağıq. Görünür, onlara himayədarlıq edən ermənipərəst qüvvələrin qohum-əqrabasını, yaxınlarını bizim ərazilərdə rahat yerləşqdirmək istəyir. Sən kimsən İsa Qəmbər?! Ermənipərəst ideyaların heç vaxt həyata keçməyəcək! Biz gənclər buna imkan verməyəcəyik!
Nizami Məmmədov, Laçın rayonunun Minkənd kəndindən olan məcburi köçkün:
- Biz gənclərin əsas amalı müstəqilliyimizin daha da möhkəmlənməsinə, ölkəmizin dünya birliyinə sürətli inteqrasiyasına nail olmaqdır. Bundan ötrü ilk növbədə davamlı sabitliyi qoruyub saxlamalıyıq. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, möhkəmlənməsi bu məqsədi daşıyır ki, ölkəmiz dinc şəraitdə sabitlik şəraitində inkişaf etsin. Çünki biz gənclər də bilirik ki, ölkələr yalnız və yalnız sabitlik, əmin-amanlıq olduqda inkişaf edə bilər. Harada ki, xaos, anarxiya, hərc-mərclik, inamsızlıq var, o ölkələr heç vaxt uğur qazana bilməzlər. Ona görə də əlaqədar orqanlarımız ayıq-sayıqlığını itirməməli, milli təhlükəsizliyin təmin edilməsi, milli maraqların daxili və xarici təsirlərdən qorunması naminə fəaliyyətlərini daha da gücləndirməlidirlər. Qanunu pozan hər bir şəxs qanun qarşısında cavab verməlidir. Qanunun aliliyi hamımız üçün əsas olmalıdır. İnsanlar bilməlidirlər ki, dövlət cinayətkarlara qarşı amansız olacaq, qanunsuzluğa qarşı bütün gücüylə mübarizə aparacaq. Belə olmasa xalqımız rahat yaşaya, Azərbaycan sürətli inkişafını davam etdirə bilməz, əmin-amanlıq olmaz. Radikal müxalifətin son vaxtlar həyata keçirdiyi qeyri-qanuni aksiyaların əsas məqsədi isə sürətli inkişafın təminatı olan sabitliyi pozmaqdır. Onlar beynəlxalq aləmə sübut etmək istəyirlər ki, guya, Azərbaycanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, əhalinin öz fikrini sərbəst ifadə etmələrinin qarşısı alınır. Bütün bunlar radikal müxalifətin uydurmasıdır. Bizim bura toplaşmağımızın bir məqsədi də odur ki, isa qəmbərlərin, əli kərimlilərin və digər milli xəyanətkarların çirkin əməllərinə öz etirazımızı bildirək.
Radikal müxalifət, nəhayət, dərk etməlidir ki, xalq onlara nifrət edir. Biz belə antimilli qüvvələrin qarşısını almaq üçün sona qədər mübarizə aparacağıq. Adlarını azərbaycanlı qoyub ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirən radikal müxalifətə, İsa Qəmbərə, Əli Kərimliyə ar olsun!
Sonda mitinq iştirakçıları qəbul etdikləri bəyanatı səsləndirdilər. Aksiya icazəsiz təşkil olunduğundan polis əməkdaşları tərəfindən dağıdıldı və bir neçə gənc saxlanıldı.

{nl}

Əliqismət BƏDƏLOV, Rauf ƏLİYEV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında