Aprelin 14-də Yasamal Rayon İcra Hakimiyyətində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan dünən, bu gün, sabah" mövzusunda konfrans keçirilmişdir.
Konfransda müxalifətin radikal qanadının Bakıda ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ilə bağlı məsələ müzakirə olunmuşdur.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Azərbaycanın inkişafında gəncliyin rolundan, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.
Milli Məclisin deputatları Ülvi Quliyev, Etibar Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Kadır Yıldız və digərləri Azərbaycanın gələcəyinin məhz müasir düşüncəli gənclərin əlində olduğunu bildirmişlər. Natiqlər Azərbaycanın siyasi və iqtisadi uğurlarından danışmış, bütün gəncliyi ölkə rəhbərliyinin ətrafında sıx birləşməyə, yalan, böhtan dolu çağırışlara uymamağa çağırmışlar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev konfransda iştirak edən gənclərə hadisələrə düzgün qiymət verdiklərinə görə təşəkkürünü bildirərək müasir Azərbaycanın bugünkü nailiyyətlərindən danışmışdır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan İ.Mehdiyev Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradıldığını bildirmişdir. O, bəzi qüvvələrin gəncləri öz çirkin niyyətlərinə cəlb etmək cəhdlərini pisləmiş, müasir gəncliyimizi dövlətçiliyimizin qorunmasına, xarici havadarların fitvası ilə ölkəmizdə xaos yaratmaq istəyənlərə uymamağa çağırmışdır.
Konfransda Azərbaycan gənclərinə müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir ki, müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin siyasi kursunu, sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə yaratdığı siyasi sabitlik və iqtisadi potensial respublikamızı ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirmişdir.
Qlobal investisiya layihələrinin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinə münbit şəraitin yaradılması, regionların durmadan inkişafı, yoxsulluq səviyyəsinin aşağı salınması, əhalinin maddi rifah halının davamlı olaraq yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, milli ordu quruculuğunun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, biz gənclərin hərtərəfli inkişafı üçün dövlət proqramlarının qəbul edilməsi uğurlu siyasətin başlıca istiqamətləridir.
İqtisadi artım tempinə görə bir neçə ildir ki, ölkəmiz regionda liderliyini inamla qoruyub saxlayır. Hazırda Cənubi Qafqazda Azərbaycanın iştirakı və razılığı olmadan bütün regionun vəziyyətinə təsir edəcək bir siyasət yürütmək, hər hansı prosesi reallaşdırmaq, o cümlədən yeni transmilli layihələri həyata keçirmək mümkün deyildir. Bu uğurlar sırasında iqtisadiyyatın bütün sahələrindəki nailiyyətlərdə Azərbaycan gəncliyinin xüsusi rolu vardır. Bugünkü gəncliyimiz ölkəmizin hüdudlarından kənarda da Azərbaycanın haqq səsinin dünya dövlətlərinə çatdırılmasında əvəzsiz rol oynayır.
Azərbaycanın getdikcə daha möhkəm təməllər üzərində inkişafı təkcə xarici düşmən qüvvələrini deyil, ölkəmizin bir qrup radikal müxalifət təmsilçisini də ciddi narahat etdiyi qeyd olunan müraciətdə bildirilir ki, bu gün müsbət irəliləyişlər fonunda radikal müxalifətin hələ də dağıdıcılıq prinsiplərindən, küçə təfəkküründən əl çəkməməsi təəssüf doğurur, onları ictimaiyyətin qınaq obyektinə çevirir. Bu qüvvələr alternativ ideya və proqramlarla çıxış etmək əvəzinə, öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Xarici himayədarlarının maliyə dəstəyi ilə iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzü artıq xalqa bəllidir.
Azərbaycana qarşı düşmən mövqe tutanlar yalnız şəxsi mənfəətlərini, maraqlarını düşünürlər. Onları xalqın taleyi qətiyyən maraqlandırmır. Belə siyasi qruplara dəstək verən bəzi xarici qüvvələr isə ölkədə qarışıqlıq, xaos yaratmaqla Azərbaycanın inkişafına əngəllər törətmək, ölkənin ictimai-siyasi sabitliyini pozmaq niyyətini güdürlər. Onlar öz çirkin niyyətlərini biz gənclərin potensialından istifadə etməklə həyata keçirmək istəyirlər. Amma bütün bu cəhdlər əbəsdir. Azərbaycanın sağlam düşüncəli gəncliyi bu proseslərin mahiyyətini düzgün dərk edir. Çünki xalqımızın inkişafı və rifahı naminə dövlətimizin fəaliyyəti göz önündədir.
Azərbaycana qənim kəsilən Əli Kərimlilər, İsa Qəmbərlər bilməlidirlər ki, XXI əsrin gəncliyi onların xəyanətkar, dağıdıcı mövqeləri ilə heç zaman bir ola bilməz. Gənclərimiz dövlətimizin inkişafı yolunda aparılan siyasəti dəstəkləyərək xarici qüvvələrin əlində alət olan müxalifətçilərin çağırışlarına heç vaxt cavab verməyəcəklər. Bu gün xalqımızın ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi vardır. Azərbaycan gəncliyi bu yolda Milli Qəhrəmanımız Mübariz İbrahimov kimi Vətən oğullarımızın qəhrəmanlıq şücaətini təkrarlamaq üçün Ali Baş Komandanın əmrinə hər zaman hazırdır. Ona görə də milli maraqlarımıza zidd addım atanlara dəstək vermək, onların fitvasına uymaq Azərbaycan gəncinə yaraşmaz.
Müraciət bu sözlərlə bitir: "Əziz gənclər! Ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı, təbii ki, onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır. Ölkəmizin bütün sağlam qüvvələri kimi, Yasamal rayon gəncləri də ölkənin xoşbəxt gələcəyini böyük öndərimizin parlaq ideyalarının təntənəsində görürlər. Gənclər əmindirlər ki, Prezident İlham Əliyevin ümummilli liderimizin siyasi kursunun davam etdirilməsi yolunda fəaliyyəti müstəqil Azərbaycanı dünyanın hər cəhətdən zəngin dövlətləri sırasına çıxaracaqdır.
Biz, Yasamal rayon gəncliyi olaraq, öz həmvətənlərimizi dövlətimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa, milli rəhbərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.