ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda hava limanının açılışının gərginliyi daha da artıra biləcəyindən narahatdırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 11-14-də regiona etdikləri səfərin nəticələrinə dair bəyanat yaymışlar.
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər səfər müddətində Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağda qondarma rejimin rəhbərliyi və Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirmişlər.
Bəyanatda bildirilir ki, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşlər zamanı həmsədrlər münaqişənin nizamlanmasının Baza Prinsiplərinin razılaşdırılması istiqamətində növbəti addımları müzakirə etmişlər. Həmsədrlər, həmçinin Baza Prinsiplərini yekunlaşdırmaq və sülh sazişini hazırlamağa doğru irəliləmək zamanının yetişdiyinə əmin olduqlarını ifadə etmişlər.
Bəyanatda daha sonra bildirilir ki, aprelin 13-də həmsədrlərin qoşunların təmas xəttini keçərək Bakıya getməsi 2010-cu ildə olduğu kimi, bu dəfə də 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin qorunmasının zəruriliyini göstərmək məqsədini daşımışdır. Eyni zamanda, həmsədrlər Tərtər rayonunun cənub-qərbinə baş çəkərək, martın 8-də Orta Qərvənd kəndində baş vermiş insidenti araşdırmışlar.
Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Soçi bəyanatına əsaslanaraq, həmsədrlər cəbhə xəttində baş verən insidentlərin bütün tərəflərin birgə araşdırması üzrə mexanizmin layihəsini tərəflərə təqdim etmişlər. Onlar araşdırmanın şəffaf və obyektiv aparılması, etimadın artırılması və insan həyatının xilası üçün tərəflərlə işi davam etdirəcəklər.
Daha sonra həmsədrlər Dağlıq Qarabağda hava limanının planlaşdırılan açılışının gərginliyi daha da artıra biləcəyindən narahat olduqlarını vurğulamışlar. Onlar xəbərdarlıq etmişlər ki, bu hava limanından uçuşlar Qarabağın mövcud statusunu beynəlxalq hüquq əsasında dəyişməyə yönəlmiş cəhdlər üçün istifadə oluna bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və razılaşmalara riayət etmək məqsədilə qarşılıqlı anlaşma əldə etməyə, həmçinin Azərbaycan ilə Ermənistan arasında öz əraziləri üzərindən mövcud uçuşlar praktikasını saxlamağa çağırmışlar.
Bəyanatın sonunda qeyd olunur ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparmaq və sülh razılaşması istiqamətində irəliləyişlərin statusunu müzakirə etmək məqsədilə həmsədrlər aprelin sonunda Vaşinqtona səfər edəcəklər.

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında