Şriftin ölçüsü:
14.04.2011 01:17 | Oxunma sayı: 459
Yaz sessiyasının ikinci iş günündə Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu prosedur qaydalarına uyğun olaraq rəhbərlik etdiyi qurumun qış sessiyasından ötən dövrdəki fəaliyyəti barədə hesabtla çıxış etmişdir.
Çıxışından sonra Ə.Davudoğlu deputatların ona ünvanladığı yazılı və şifahi sorğulara cavab vermişdir.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov sədrə suallarla müraciət etmişlər.
Deputat Q.Paşayeva sədrə aşağıdakı sualı vermişdir: "Martın 8-də Ermənistan silahlı qüvvələrinin əsgəri öz evlərinin həyətində oynayan 9 yaşlı azərbaycanlı uşaq Fariz Bədəlovu snayper tüfəngindən açdığı atəşlə qətlə yetirmişdir. Eyni zamanda, Ermənistan AŞ, AŞPA-nın qətnamələrinə zidd olaraq, işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda hava limanı tikir. Nazirlər Komitəsinin sədri kimi sizin bunlarla bağlı münasibətinizi bilmək istərdik. Nazirlər Komitəsi Ermənistanın bölgədə vəziyyəti daha da gərginləşdirən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlara zərbə vuran bu addımlarını dayandırmaq istiqamətində nə etməyi düşünür?"
Ə.Davudoğlu demişdir:
- Avropa Şurası Nazirlər Komitəsinin bu məsələdəki fəaliyyətinə gəldikdə, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər barədə AŞ-nin mövqeyi vardır. Mən isə burada bu məsələyə Türkiyənin xarici işlər naziri kimi cavab vermək istərdim. Biz Türkiyə olaraq, hər zaman Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğal edilməsinə qarşı çıxmışıq. Bu işğalın ortaya çıxardığı insani faciələri dünyanın diqqətinə çatdırmağa çalışmışıq. Həqiqətən, bu dondurulmuş münaqişə daha çox humanitar problemlərə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu işğal faktı, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə, eləcə də regiondakı vəziyyətə lazımi qədər diqqət yetirmir. Türkiyə hər zaman Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəkləyib və Azərbaycanın işğal olunmuş əraziləri məsələsində hər zaman fəal diplomatik səylər göstərib və bundan sonra da bu işi davam etdirəcəkdir.
Deputat Rafael Hüseynov sual verərək demişdir: "Müxtəlif xarici qüvvələrin dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və son 20 il ərzində bu torpaqları nəzarəti altında saxlayan Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyin ziddinə olaraq məsələnin diplomatik vasitələrlə, sülh yolu ilə həllinə hər cür maneələr törətməkdə davam edir. Danışıqlar və nizamlanma prosesinə təcavüzkar Ermənistanın növbəti zərbəsi işğal altındakı ərazidə hava limanı inşa etmək və Yerevan-Xankəndi reysi açmaqdır. Dağlıq Qarabağ Azərbaycanın ortasında yerləşən ərazidir və Ermənistandan ora uçuşlar Azərbaycanın hava məkanından həyata keçirilə bilər. Ermənistan bu təxribat xarakterli təşəbbüsü ilə səma sərhədlərinin icazəsiz olaraq xarici dövlət tərəfindən pozulduğu təqdirdə Azərbaycanı adekvat tədbirlər görməyə və güc tətbiq etməyə sövq edir. Nazirlər Komitəsi öz səlahiyyətləri çərçivəsində Ermənistanı bu təhlükəli hərəkətlərindən çəkindirmək üçün hansı qabaqlayıcı addımlar ata bilər?"
Nazirlər Komitəsinin sədri demişdir:
- Əvvəlki çıxışlarımda da dediyim kimi, bu məsələ ümumiyyətlə, AŞ Nazirlər Komitəsində müzakirə edilməyib. Əgər ehtiyac yaranarsa, əlbəttə ki, bu məsələni müzakirə edə bilərik. Hazırda ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğuldur, lakin mən Türkiyənin xarici işlər naziri kimi qeyd etmək istərdim ki, belə təxribat xarakterli hərəkətlər münaqişənin sülh yolu ilə həlli prosesini irəli apara bilməz. Hər iki ölkənin prezidentləri arasında aparılan sülh danışıqlarını sürətləndirməyimiz üçün Ermənistan tərəfindən bu cür təxribatlara son qoyulmalıdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.