Şriftin ölçüsü:
14.04.2011 11:15 | Oxunma sayı: 478
"Ötən gün ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkənin sosial iqtisadi inkişafının yekunları və gələcək perspektivləri barədə çox dərin, məzmunlu, konseptual xarakterli bir çıxış etdi". Bu sözləri Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev SİA-ya verdiyi açıqlamasında deyib.
O bildirib ki, bu çıxış ölkə əhalisinin Azərbaycan vətəndaşlarının çoxunun arzuladıqları və gözlədiyi bir çox məsələlərə işıq saldı. Onun sözlərinə görə, ölkə başçısının, xüsusilə də sosial blokda əhalinin sosial müdafiəsinin daha güvənli təşkil edilməsi, bu sahədə görülən işlərin davam etdiriləcəyi barədə tapşırıqlar verməsi və konkret olaraq əmək haqlarının, pensiyaların, müavinətlərin, prezident təqaüdlərinin və digər sosial ödəmələrin artırılacağı barədə tapşırıq verməsi əlbəttə ölkəmizdə əhalinin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində atılan çox uğurlu, gərəkli bir addımdır və prezidentimizin öz vətəndaşlarına olan diqqət və qayğısının bariz nümunəsidir.
Millət vəkili söyləyib ki, bundan əlavə dövlət başçısı büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının, bu tip kateqoriyaların xüsusilə də müəllimlərin, ümumiyyətlə tibb, təhsil sahəsində çalışanların əmək haqlarının qaldırılması və orta illik əmək haqqına çatdırılması ilə bağlı verdiyi tapşırıqlar çox aktual və düşünürəm ki, əhalinin çoxdan gözlədiyi məsələlərdir.
"Ötən gün ölkə başçısı müavinətlərin və pensiyaların artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi, xüsusilə də dövlət büdcəsində genişləndirmələr aparılması ilə bağlı hökumətə tapşırıq verdi. Prezident vurğuladı ki, yeni pensiya ödəmə sisteminə keçidlə əlaqədar 2006-cı ildə pensiyaya çıxanlarla ondan əvvəl pensiyaya çıxanlar arasında ciddi fərqlər yaranıb. Bu da təbii ki, bu sahədə aparılan islahatlarla əlaqədardır. Bu keçidlə əlaqədar bütün ölkələrin pensiya sistemində fərqlər yaranır. Bəzi ölkələr bu fərqi büdcə, transfer hesabına ödəyir, bəzilərində isə ümumiyyətlə, bu fərqlər ödənilmir. Artıq Azərbaycan sosial dövlət quruculuğu prosesinə qədəm qoyduğu dövrdən inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına keçdiyinə görə pensiyaların yenidən hesablanması, 2006-cı ilə qədər pensiyaya çıxan bütün vətəndaşların pensiyalarına təzədən baxılması və aşağı pensiya hədlərinin qadırılması prosesi ilə bağlı dövlət başçısının verdiyi tapşırıqlar aktual məsələ idi", -deyə M. Quliyev qeyd edib.
Təxminən 800 min və ya bir milyona yaxın pensiyaçının böyük əksəriyyətinin pensiyalarının yenidən hesablanacağını deyən millət vəkili onların hamısında artım olacağını deyib. Apardıqları hesablamalara görə, təxminən bu 350-400 milyon manatın əlavə dövlət büdcəsindən Azərbaycan vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasına yönələcəyini dilə gətirən M. Quliyevin fikrincə, bu addım pensiya ödənişi sahəsində inqilabi bir dəyişiklikdir. O vurğulayıb ki, Azərbaycan istər sovet dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra belə heç vaxt pensiyaların ödənişində bu qədər sıçrayışlı irəliləyiş etməyib: "Düşünürəm ki, bu hal pensiyaçıların böyük sevincinə səbəb olacaq. Mayda Milli Məclisdə büdcəyə yenidən baxılacaq və bu paket büdcəyə daxil olacaq. Büdcə qəbul olunduqdan sonra çox güman ki, cari ilin iyun ayından icrasına başlanacaq. Belə olan halda pensiyaçılarımız əlavə ödənişlərini ala biləcəklər. Bu əlavələr tətbiq olunandan sonra bu gün Azərbaycanda əgər pensiyaların orta məbləği 114 manat idisə, bu rəqəm 140-150 manatla əvəz olunacaq. Bu da çox böyük göstəricidir. Artıq Azərbaycan sosial dövlət kimi Avropada qəbul olunacaq. Ölkə başçısının bu tapşırığından sonra bütövlükdə əhalinin sosial vəziyyəti güclənəcək həm büdcədən maliyələşən təşkilatlarda çalışanların müavinətləri, həm pensiya müavinətləri, təqaüdlər, həm də bəzi qrup insanlara verilən kommunal güzəştlərlə bağlı kompensasiyalar artacaq. Bir sözlə bu addım ölkənin rifahının artmasına gətirib çıxaracaq. Bu bizim çoxdan arzuladığımız məsələ idi".
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.