Müstəqilliyinin ilk illərində ciddi siyasi qarşıdurmalara, xaosa, anarxiyaya şahidlik edən Azərbaycan bu gün sürətlə inkişaf edir. Ölkəmiz hər sahədə yeni-yeni uğurlar qazanır, bir sıra mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Siyasi cəhətdən müasir inkişaf yolunu seçən və bu yolda böyük uğurlara imza atan Azərbaycan bütün dünyaya sübut etdi ki, əgər düzgün siyasət həyata keçirilərsə, iqtisadi cəhətdən çökən, dağılmış vəziyyətdə olan, parçalanmağa doğru üz tutan bir ölkə, hətta regionun lider dövlətinə də çevrilə bilər.
Qazandığımız bu uğurlar isə təəssüf ki, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ilə yanaşı, daxilimizdəki radikal müxalifəti də narahat edir, onlarda qısqanclıq hisləri yaradır. Azərbaycana qənim kəsilən düşmənlərimiz yaxşı bilirlər ki, inkişaf ancaq sabitlik olduqda mümkün olur. Buna görə də onlar ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə vurmaq və daxili sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. 1992-93-cü illərdə hakimiyyətdə olan siyasi qüvvələr də xaricdəki ermənipərəst dairələrin maliyyə dəstəyi ilə son vaxtlar bu istiqamətdə fəallaşıblar. Buna misal olaraq aprelin 2-də paytaxtın Fəvvarələr meydanında keçirilən qanunsuz aksiyanı göstərmək olar. Həmin aksiya zamanı fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulmuş, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılmışdır, 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir. Halbuki, tərəfdarlarını qanunsuz hərəkətlərə səsləyən İctimai Palata adlı qondarma qurum iddia edirdi ki, onların aksiyası dinc xarakterli olacaq. Bakının mərkəzində baş verənlər bir daha göstərdi ki, radikal düşərgənin niyyəti heç də sivill qaydada siyasi mübarizə aparmaq deyil. Onların məqsədi ölkəmizdə daxili sabitliyi pozmaq, iğtişaşlar törətməkdir.
İctimai Palatanın bu addımı ictimaiyyətin ciddi etirazına səbəb oldu. Hətta radikal müxalifətin yüzlərlə üzvü bu hərəkətlərə etiraz olaraq mənsub olduqları partiyalardan imtina etdilər. Vaxtilə İctimai Palatanın aparıcı partiyaları olan Müsavat və AXCP ilə eyni sırada yer alan Milli Qurtuluş Partiyası da qanunsuz aksiyaların keçirilməsinin əleyhinə çıxış etdi. Bizimlə söhbətində partiyanın sədri Vüqar Bəyturan dedi ki, qanunsuz aksiyalar müxalifətin bəyan etdiyi məqsədlərə xidmət etmədiyinə görə, MQP radikal düşərgənin təşəbbüslərini bundan belə də dəstəkləməyəcək:
- Biz həmişə aksiyaların qanun çərçivəsində baş tutmasının tərəfdarı olmuşuq. Ancaq görünən odur ki, ənənəvi müxalifət icazəli aksiyaya üstünlük vermir. Ona görə ənənəvi müxalifət deyirəm ki, bunlar fəaliyyətə başladıqları gündən bəri heç vaxt müsbət mənada dəyişməyiblər. Onların sosial bazaya malik olmaması da artıq bir "ənənə" halını alıb. Hesab edirəm ki, İctimai Palata üçün təyin olunan yerdə deyil, şəhərin mərkəzində aksiya keçirməyə çalışmaları da kifayət qədər sosial bazaya malik olmamalarından irəli gəlir. Təbii ki, Azərbaycanda da müəyyən məsələlərdə narazı olan insanlar var. Ancaq həmin insanlar da onları dəstəkləmirlər.
Səbəb budur ki, onlar fəaliyyətə başladıqları gündən bugünədək dəfələrlə boş-boş vədlər verərək xalqı aldadıblar. Hər dəfə seçkilər yaxınlaşanda və ya xarici ölkələrdə hansısa bir siyasi proses gedəndə isə malik olduqları elektoratı, sosial bazanı nəzərə almayaraq böyük iddiaya düşürlər. Həmişə də bildirirlər ki, Qərb ölkələri, Amerika bizi dəstəkləyir. Sonradan aydın olur ki, bu sözlər həqiqəti əks etdirmir. Xatırlatmaq istəyirəm ki, 2003-cü ildə ABŞ ənənəvi müxalifətin Bakıda iğtişaşlar törətməsindən narahatlığını ifadə etmişdi. İndi nə olub ki, ABŞ ənənəvi müxalifəti dəstəkləsin?
Bakıda dağıntılar törədənlər Azəbaycanda sabitliyi pozmaq istəyən insalardır. Mən prosesin şiddət və güc istiqamətində getməsinin əleyhinəyəm. Heç vaxt istəməzdim ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə demokratik, sivil qaydada deyil, iğtişaşlar yaratmaq, ölkəni qarışıqlığa cəlb etmək yolu isə getsin. Çünki istər müxalifət, istərsə də iqtidar olsun, hamımız bu Vətənin övladlarıyıq, hamımız Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıyıq. Heç kimin özünü xaricdəki müəyyən dairələrə guya Azərbaycanın aparıcı müxalifət partiyası və ya qurumu kimi təqdim etməyə mənəvi haqqı yoxdur.
Destruktiv müxalifətin əsas məqsədi heç də ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və ya hansısa problemlərin həllinə nail olmaq deyil. Məqsəd yalnız şəxsi maraqların təmin olunması və siyasi dividentlər əldə etməkdir. Buna ən yaxşı sübut kimi deyə bilərəm ki, istənilən seçki prosesi başa çatandan sonra bu düşərgədən olan funksionerlər hər dəfə onunla öyünürlər ki, mən bu seçkidən maşınla çıxmışam, digəri deyir ki, mən ev almışam, filan qədər maddi gəlir əldə etmişəm və sair. Onu da deyim ki, sonuncu parlament seçkilərində də onlar bu ənənələrinə sadiq qaldılar.
Bu gün ərəb ölkələrində bu və digər səbəblərdən etirazlar baş qaldırıb. Bir mənada ərəb xalqlarının oyanışı prosesi gedir. Bizdə bu proseslər 1988-ci ildən sonra getmişdi. Lakin hadisələri düzgün təhlil edə, ölkəmizdəki sosial-iqtisadi vəziyyəti olduğu kimi qiymətləndirə bilməyən ənənəvi müxalifət ərəb dünyasındakı olayları da nümunə kimi qəbul edir. Necə ki, bir vaxtlar Ukraynada, Gürcüstanda, hətta Qırğızıstanda baş verən inqilablardan ruhlanmışdılar, indi də ərəbləri özlərinə nümunə götürürlər. Fikirləşirlər ki, Qərb və bəzi beynəlxalq dairələr həmin ölkələrdə həyata keçirilən ssenarini eynilə bizim ölkəyə tədbiq edəcək, bunun nəticəsində ümidsizləşmiş, hakimiyyətə gəlmək perspektivi tükənmiş ənənəvi müxalifət yenidən hakimiyyətə gələcək. Təbii ki, bu, gülünc bir vəziyyətdir. Çünki bunlar 1992-ci ildə hakimiyyətə gəliblər və xalq onların hansı niyyətdə olduqlarını görüb. Ənənəvi müxalifət indiyədək baş verən siyasi proseslərdə buraxdıqları səhvləri xalqın qarşısında etiraf etməlidirlər. Bilirsiniz ki, siyasətdə etirafın çox mühüm yeri var. Onlar bu cəsarəti özlərində taparaq bəyan etməlidirlər ki, bundan belə bütün fəaliyyətlərində xalqa arxalanacaqlar.
Bu düşərgədə olan siyasi liderlərin dəyişməsi isə, deyəsən, mümkün görünmür. Bunu anlamaq üçün İctimai Palatanın son iclasında bu qurumun üzvü olan Müsavat Partiyasının başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin çıxışlarındakı müəyyən nüanslara diqqət yetirmək lazımdır. Onlar çıxışlarında 2 aprel aksiyasında iştirak edənlərin sayını xeyli şişirtməkdən belə çəkinmədilər. Məncə rəqəmlərin süni şəkildə şişirdilməsinə səbəb budur: özləri də bilirlər ki, sosial bazaları yox səviyyəsindədir. Bu həqiqəti ört-basdır etmək üçün qanunsuz aksiyada iştirak edənlərin sayını astronomik rəqəmlərlə ifadə edirlər. Ancaq anlamırlar ki, istənilən siyasi partiyanın və ya qurumun siyasi xətti xalq tərəfindən dəstəklənmirsə, nə aksiyaların bir əhəmiyyəti var, nə də yalan təbliğat aparmağın.
Onların keçirdikləri hər aksiyada yalnız partiyanın azsaylı üzvləri və funksionerləri iştirak edir. Xalq radikal müxalifəti dəstəkləmir. Nəyə görə? İctimai Palatanın adını çəkmək istəmədiyim bir üzvünün özü etiraf etmişdi ki, indiyədək tutduqları mövqe, həyata keçirdikləri siyasət Azərbaycan xalqının onlara inamını itirib. Bundan başqa, ictimaiyyət insanların istirahət məkanı olan Fəvvarələr meydanında yığışaraq qışqırıb-bağırmaqla, ölkədə iğtişaşlar yaratmaqla kimlərinsə hakimiyyətə gəlməsinin qətiyyən tərəfdarı deyil. Hamı Ukrayna, Gürcüstan, Qırğızıstan, Liviya və digər ərəb ölkələrindəki nümunələrə baxır və görür ki, inqilablar böyük dağıntılara, təlatümlərə səbəb olur və heç bir cəmiyyətə fayda vermir. Ən əsası isə odur ki, necə deyərlər, inqilab başa çatandan sonra həmin ölkədə problemlər öz həllini tapmır, əksinə, ortaya həlli düyünə düşən yeni-yeni problemlər çıxır.
İctimai Palata həqiqətən də siyasi mübarizə aparmaq istəyirsə və onların siyasi liderləri bu mübarizədən qrant əldə etmək məqsədilə istifadə etmirlərsə, onda müxalifət partiyaları arasında həmrəylik olmasında maraqlı olmalıdır. Ancaq bunlar nə edirlər? Bu palata Azərbaycan Demokrat Partiyasını yaxın buraxmır, Vətəndaş İttifaqı, Liberal, Demokratiya Uğrunda İttifaqa daxil olan Milli Qurtuluş, Azərbaycan, Azadlıq partiyalarını həmin qurumda görmək istəmirlər. Bu onu göstərir ki, İctimai Palatanı təsis edənlərin məqsədi siyasi mübarizə aparmaq yox, bu görüntünü yaradaraq xaricdən aldıqları qrantların miqdarını artırmaqdır. Həmişə belə olub. Bütün seçkilərdə bunlar üç partiya, dörd partiya bir araya gələrək digərlərini kənarda qoyublar. Sonradan məlum olub ki, ortada maddi mənfəətlər var.
Bu eynilə Azərbaycan İslam Partiyasının hərəkətlərinə bənzəyir. Bir müddət əvvəl İslam Partiyası bəzi dini ayinlər keçirirərək bunun videoçəkilişlərini aparıb və İrana ötürüb. Məqsəd isə bu imiş ki, İrandakı bəzi dairələrdə həqiqətən də "fəaliyyət" göstərdikləri imicini yaratsınlar və bu yolla onlardan maddi dəstək alsınlar. İctimai Palatanın hay-küylə aksiya keçirməsi də məncə elə bu məqsədi daşıyır. Bunlar da Qərbdəki dairələrdən qrant almaq sevdasına düşüblər. Bu isə ölkəmizin mili maraqlarına xidmət etmir. Biz həmişə bəyan etmişik ki, Azərbaycanın milli maraqlarına xidmət etməyən heç bir aksiyanın tərəfdarı deyilik.
Qanunsuz aksiyalarla ölkədə gərginlik yaratmaq, cəmiyyətin etirazı ilə qarşılaşan addımlar atmaq ənənəvi müxalifətə fayda verməz. Digər tərəfdən, belə aksiyaların iştirakçıları da qanunsuz hərəkətlərinə görə həbs olunur, qarşıdurmalar yaranır, görürük ki, obyektlərə hücumlar olur, bəzi mağazaların şüşələri sındırılır. Bunun qarşısını almaqda maraqlı olan istənilən müxalifət partiyası qanunsuz mitinqlər keçirməz. Əksinə, təyin olunmuş yerdə mitinq keçirər və sosial bazasının olduğunu sübuta yetirər, bununla da siyasi proseslərə təsir edə bilər. Ancaq onlar bu yolu tutmurlar. Çünki yuxarıda qeyd etdiyim kimi, sosial bazaları yox səviyyəsindədir.
Azərbaycanda həyata keçirilən islahatlar hər keçən gün daha da sürətlənir və bu təqdirəlayiqdir. Biz ümid edirik ki, bu proses davamlı xarakter alacaq, ölkəmizdə demokratik təsisatlar daha da güclənəcək və ölkəmiz hər bir Azərbaycan vətəndaşının daimi qürur mənbəyinə çevriləcək.
{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.